XİN: “Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqətidir”

XİN: “Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqətidir”
02 Apr 2020 16:25

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kəlbəcər rayonunun işğalının ildönümü ilə əlaqədar bəyanat yayıb.

XİN-in Mətbuat Xidmətindən realpress.az-a verilən məlumata görə, bəyanatda deyilir:

1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib. İşğal zamanı Ermənistanın ağır artilleriyası, Mi-24 helikopterləri və hərbi təyyarələri istifadə edilib.

İşğal nəticəsində 60.000-ə qədər Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq, öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70.000-i ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib, bölgədə yerləşən və Azərbaycanın qədim alban-xristian irsinə aid olan monastırların orijinal memarlıq xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib.

Kəlbəcərin təbii ehtiyatları və faydalı qazıntıları qanunsuz istismar olunur.

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

BMT-nin Təhlükəsizlik Şurası (TŞ) 1993-cü ilin 30 aprel tarixində Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməz olduğunu vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. Bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırladı. Lakin Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir.

2016-cı il 2 aprel tarixində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət gərginləşdi. Ermənistan silahlı qüvvələri təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutdu. Bu, bir daha göstərdi ki, təcavüzkar ölkənin Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.

Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə, məsuliyyəti Ermənistan Respublikası daşıyır və əvvəl-axır işğalçı ölkə bu qanunsuz əməllərinə görə cavab verəcək.

Ermənistan tərəfi təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə, habelə Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən BMT qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına əməl etməlidir.

Davamlı sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.