Quru göz sindromu nədir və necə müalicə olunur

Quru göz sindromu nədir və necə müalicə olunur
10 Okt 2019 09:39

Geniş yayılan xəstəliklərdən olan quru göz sindromu ilə müraciət edənlər adətən gözlərin həssaslığının artması, daimi yanma hissi, gözlərin yaşarması və qaşınmasından şikayət edirlər.

Sindromun yaranmasının əsas səbəbi gözyaşı ifrazının pozulması nəticəsində gözün buynuz qişasının get-gedə nazikləşməsi və bəzi xəstələrdə tamamilə itməsidir. Gözyaşı təbəqəsi nazikləşdiyindən və ya ümumiyyətlə, olmadığından gözün ən həssas təbəqəsi olan buynuz qişası açıq qalır. Nəticədə sinir ucları açıq qalır, qıcıqlanır, xəstələrin gözlərində həddindən artıq narahatlıq hissi olur, hava və su kimi xarici faktorların təsirindən gözlər yanır və yaşarır.

Realpress.az AZƏRTAC-a istinadla bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova quru göz sindromunun yaranma səbəbləri haqqında danışaraq deyib: "Xəstəliyin yaranma səbəblərindən biri dərmanların nəzarətsiz və uzunmüddətli istifadəsidir. Həmin preparatlara allergiya, ürək ritm pozulmaları, yüksək təzyiq və depressiya əleyhinə olan dərmanlar daxildir. Peroral kontraseptiv dərmanlar, xüsusən eyni kontraseptivin uzun illər boyu istifadə edilməsi gözdə quruluğun yaranmasına aparıb çıxarır.

 

Bundan başqa mühitin nəmliyini azaldan sərinkeş və istilik sistemləri, kompüter və televizora baxarkən fasilə verilməməsi, göz əzələlərində gərginliyin yaranması və göz qırpma hərəkətlərinin vaxtlı-vaxtında icra olunmaması, şəhər havası, tozlu mühit və siqaret tüstüsünün təsiri, kontakt linzalardan istifadə, qida rejiminin pozulması nəticəsində normal lipid qəbulunun azalması, yaşla əlaqədar gözyaşı vəzilərində sklerozun yaranması da quru göz sindromuna səbəb olur.

Təsir nəticəsində xəstələrdə gözlərdə yanma, qaşınma və yad cisim hissiyyatı olur. Daha tez-tez rast gəlinən qızarma və keçici görmə pozulması simptomları bir neçə dəfə göz qırpmadan sonra keçib gedir. İlkin mərhələdə gözün kompensator reaksiyası olaraq gözyaşı vəziləri daha çox maye ifraz etməyə başlayır. Lakin onun tərkibinin keyfiyyətsizliyi göz quruluğunu aradan qaldırmaz. Xəstənin gigiyenik normalara riayət etməməsi və əllərini tez-tez gözlərinə vurması nəticəsində xəstələrdə konyuktivit əlamətləri də özünü göstərməyə başlayır".

Həkim-oftalmoloq deyib: "Əlamətlərə əsasən xəstə özündə quru göz sindromunun olmasından şübhələnə bilər, lakin son diaqnozu yalnız onu müayinə edən həkim-oftalmoloq müəyyən testlərdən sonra qoyur. Həkim xəstənin gözlərindəki hiperemiyanın dərəcəsini qiymətləndirərək gözyaşı ifrazı və gözyaşı pərdəsinin stabilliyini yoxlayır, xüsusi rəngləmə üsulu ilə buynuz qişa və konyuktivanın zədələnmə dərəcəsini müəyyən edir.

Xəstəliyin müalicəsində gündə bir neçə dəfə gözyaşı damcılarından istifadə gözyaşı pərdəsinin bərpasına kömək edir. Narahatlıq doğuran əlamətlərin çox qısa zamanda itməsi heç də xəstəliyin müalicə edilməsi demək deyil. Sindromun müalicəsi uzun müddət tələb edir və əvvəlcə onun yaranma səbəbi aradan qaldırılmalıdır.

Səbəb xəstəlik olduqda onu müalicə etmək, hər hansı dərmanın tətbiqinin nəticəsi olduqda isə həmin dərmanın istifadəsi dayandırılmalıdır. Göz potensialından həddindən artıq istifadə edildikdə ona istirahət verilməlidir. Daimi olaraq vaxtlı-vaxtında gözyaşı damcılarından istifadə məsləhət görülür. Profilaktik olaraq antiseptik və aseptik damcıların istifadəsi də məqsədəuyğundur".


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.