Buzovnada narkoplantasiya aşkarlandı

Buzovnada narkoplantasiya aşkarlandı
21 İyun 2019 15:27

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş D.Ardatyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Realpress.az-a verilən məlumata görə, D.Ardatyev ilkin təhqiqat zamanı bildirib ki, bir neçə gün əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində tanımadığı şəxsin hasarının yaxınlığında spesifik iyi olan bitki yarpaqlarını yığaraq özündə saxlayıb.

İdarə əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat zamanı, ev sahibi paytaxt sakini E.Rüstəmov da saxlanılıb. Onun həyətyanı sahəsindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilib, ümumi çəkisi 556 kiloqram olan 1206 ədəd narkotik tərkibli çətənə kolu, eləcə də 65 kiloqram qurudulmuş marixana kütləsi aşkar edilərək götürülüb.

E.Rüstəmov ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Axtarış zamanı E.Rüstəmovun idarə etdiyi "Saipa" markalı avtomobildən də əlavə olaraq siqaret qutusunun içində qablaşdırılmış 2 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.