Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 15:03

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qırğızıstan Prezidenti Sadır Japarova işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verib. Qeyd edilib ki, inşa olunacaq Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Sonda dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Vurğulanıb ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu ilin martında Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi, eləcə də Prezident Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən tikiləcək orta məktəbin təməlinin qoyulması ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının parlaq nümunələridir.

Həmçinin bildirilib ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.


4 May 2024
Siyasət

Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.

4 May 2024
Siyasət

Beynəlxalq səyyahlar Cocuq Mərcanlı kəndinə səfər ediblər - YENİLƏNİB + FOTO

Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfər ediblər.

4 May 2024
Siyasət

Sərhədçilərimiz 3751 metr hündürlükdə - FOTO/VİDEO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.

4 May 2024
Siyasət

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.