Ölümündən 118 gün sonra nəşi tapılan şəhidimizin tək arzusu Qarabağa bayraq sancmaq idi - FOTO

Ölümündən 118 gün sonra nəşi tapılan şəhidimizin tək arzusu Qarabağa bayraq sancmaq idi - FOTO
03 Mar 2021 12:35


44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 881 hərbi qulluqçusu həlak olub. Onlardan biri də Mikayılov Rahim Qalib oğludur.

O, 1990-cı il sentyabrın 3-də Quba rayonunun ikinci Nügədi kəndindən anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Texnologiya Universitetində Dövlət və Bələdiyyə idarəetməsi fakültəsində təhsil alıb.

Şəhidimiz Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə əsgər kimi xidmətə başlayıb. Daha sonra ordu sıralarında işləmək üçün adını kursant kimi Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə yazdırıb.

Qardaşı Rasim Mikayılov deyir ki, ailəsi onun orduda qalmasının tərəfdarı olmayıb:

“Biz istəyirdik ki, o, başqa sahə üzrə çalışsın, amma qardaşımın vətən sevgisi onu ordu sıralarına apardı. Kursu bitirdikdən sonra seçim mərhələsində təyinatı elan edən komissiya rəhbərinə yaxınlaşaraq, onun Murov dağ istiqamətində xidmətə göndərilməsini istəyib.

O, Göygöl rayonunda “N” saylı hərbi hissəyə təyinat aldı, leytenant rütbəsi ilə tağım komandiri kimi işə başladı. Qısa zamanda bölük komandiri oldu.

Beş il Murov dağının yüksək zirvələrində yerləşən postlarda bölük komandiri kimi xidmət edib. Aprel döyüşləri və ötən ilin iyun ayında Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirakçı olub. Daha sonra baş leytenant hərbi rütbəsinə, fəxri fərman və medallara layiq görülüb. Qardaşım öz işini o qədər sevirdi ki, hətta bütün şəxsi arzularını da vətəninə qurban verdi”.

Qardaşının sözlərinə görə, qəhrəman şəhidimiz vətən üçün mübarizəni özünə həyat amalı seçmişdi:

“Rahim vətənin işğaldan azad olunacağı günlərin çox yaxında olduğunu deyirdi. O hər dəfə deyirdi ki, “Azərbaycan ordusunun nələrə qadir olduğunu mütləq görəcəksiniz”. Ən böyük arzusu isə işğaldan azad ediləcək torpaqlara Azərbaycan bayrağını sancmaq idi.

O, buna nail oldu. 2020-ci il 27 sentyabr tarixindən sonra başlayan döyüşlərdə onlara verilən tapşırığı yerinə yetirərək, göstərilən yüksəkliyi qısa zaman ərzində düşməndən azad ediblər. O, Azərbaycanın dövlət bayrağını həmən yüksəkliyə sancmışdı. 

Elə həmin gün qardaşım Vətən müharibəsində Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi 118 gün sonra tapılıb və 2021-ci ilin yanvarın 23-də doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırılıb”.

Qəhrəman şəhidin özündən geriyə vətən üçün bir övladı qalıb.



16 Apr 2021
Hərbi

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan ordusunda Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

15 Apr 2021
Hərbi

Topçu Vüsal məşhur şəklindən danışdı: “Yaxın dostumu itirmişdim döyüşlərdə”

Topçu Vüsal məzuniyyətə gəlib. Bu xəbər sevinc kimi tez-bazar yayıldı və hamı dildən-dilə, ağızdan-ağıza əsgərin məzuniyyətə gəlişindən danışdı. Vüsalın məzuniyyətə gəlişi səssiz-sədasız olsa da, xəbər tutanlar evlərinə axışmağa başladılar.

15 Apr 2021
Hərbi

Gənc əsgərlər hərbi hissələrdə xüsusi hazırlıqlar keçir - FOTO+VİDEO

Azərbaycan ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir, bu kateqoriyadan olan hərbi qulluqçularla müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir.

14 Apr 2021
Hərbi

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb - FOTO

Bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb.