Gənc helkəltaraş: “Vətən müharibəsinin ilk qadın şəhidinin heykəli Bakıda ucaldılsın” - MÜSAHİBƏ + FOTO

Gənc helkəltaraş: “Vətən müharibəsinin ilk qadın şəhidinin heykəli Bakıda ucaldılsın” - MÜSAHİBƏ + FOTO
12 Yan 2021 09:57


Sentyabrın 27-dən başlayan erməni təxribatları... Azərbaycan Ordusunun düşmənə cavab olaraq həyata keçirdiyi əks-həmlə əməliyyatları ilə ölkəmizin İkinci Qarabağ müharibəsi, başqa sözlə desək Vətən müharibəsi başladı…

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2841 hərbi qulluqçusu şəhid olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olanlar arasında yalnız bir xanım şəhidimiz olub.

Həlak olan 2840 şəhidin bir bacısı – Baxışova Arəstə Kərim qızı… Çernobıl faciəsinin qarşısının alınmasında iştirak etmiş veteran atanın övladı olan hərbi tibb qulluqçusu, çavuş Arəstə Baxışova.

Özündən geriyə 11 yaşlı oğlunu və 10 yaşlı qızını Vətənə əmanət qoyan şəhid xanımımız A.Baxışovanın büstü hazırlanıb.

Büstü isə gənc heykəltəraş Balayev Müstəqil İlqar oğlu tərəfindən hazırlanıb. İstedadlı gəncin hazırladığı büst qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb.

realpress.az-ın əməkdaşı gənc heykəltəraşla həmsöhbət olub:

- Neçə yaşınız var, Müstəqil? Özünüz haqqında danışın.

- 1993-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşam. Uşaq yaşlarından bu sahəyə maraq göstərmişəm.

- Bu sahədə oxuyursunuz, yoxsa bu, sadəcə hobbidir?

- Xeyr, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında oxuyuram. Heykəltəraşlıq fakültəsinin 4-cü kurs tələbəsiyəm.

- Heykəltəraşlığa maraq necə yarandı?

- Bu sənəti sevirəm. Ümumiyyətlə sahəyə marağı bizə atam aşılayıb. Atam İlqar Balayev də heykəltəraşdı. Bu sənəti bizə, yəni qardaşımla mənə atam öyrədir. İlk müəllimimin atam olduğunu desəm, yalan olmaz.

- İlk hazırladığınız əl işiniz hansı olub?

- İlk əl işim mayor Anar Novruzovun heykəlini hazırlamaq olub. Daha sonra qardaşım - Aqşin Balayevlə birlikdə şəhid baş leytenant Əlimərdan Quluzadənin heykəlini hazırlamışıq. Tovuz döyüşlərində şəhid olan 12 qəhrəmanımızın barelyefini qardaşımla birlikdə hazırlamışıq.

- Daha əvvəl şəhid olan hərbçilərin büstləri hazırlandı, portretləri çəkildi. Necə oldu ki, siz məhz Arəstə Baxışovanın büstünü hazırlamaq istədiniz?

- Şəhidlərimizin hər biri bizim üçün dəyərlidir. Onları unutmaq olmaz. Arəstə Baxışova ilə bağlı heç kim müraciət etməmişdi. Həm də bir neçə şəhidimizlə bağlı rəsmlər, büstlər görürdüm. Amma onunla bağlı görməmişdim.

Azərbaycan qadının mərdliyinin simvoluna çevrilən Arəstə Baxışovanı digər şəhidlərimizdən ayırmaq istəmədim. Onun büstünü hazırladım. Çox istərdim ki, Vətən müharibəsinin ilk qadın şəhidinin heykəli Bakıda ucaldılsın.

- Hazırladığınız büstü onun ailəsinə hədiyyə edəcəksiniz?

- Hazırladığım büstü ailəsi şəhərdə hər hansı bir küçədə qoymaq üçün istəsə, verərəm. Çünki bu büst evə qoymaq üçün deyil. Daha yaxşı olar ki, gələcək nəsillər də şəhidimiz barəsində məlumatlı olar.

- Büstün hazırlanmasına nə qədər zaman sərf olunub?

- Şəhid Arəstə Baxışovanın büstünü gildən hazırlamışam və təxminən bir həftə zaman sərf etmişəm. Sonunda əldə etdiyim nəticəni insanlar bəyənərək paylaşıblar, bu da qısa zamanda sosial şəbəkələrdə məsələni gündəmə gətirib.

Qeyd edək ki, hərbi tibb qulluqçusu, çavuş Arəstə Baxışova 44 gün davam edən Vətən müharibəsi zamanı oktyabrın 23-də Qubadlı döyüşləri zamanı döyüş meydanından yaralıları çıxaran zaman şəhid olub.

Xatırladaq ki, Vətən müharibəsinin şəhid xanımı A.Baxışova 1989-cu ildə Xaçmazda dünyaya gəlib. Azərbaycan Silahlı Qüvvələrinin hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində çalışıb.

İkinci Qarabağ müharibəsinin yeganə şəhid xanımı - Arəstə Baxışovanın adı bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təltif olunan hərbi qulluqçular siyahısındadır.

Prezidentin müvafiq sərəncamına əsasən, o, “Vətən uğrunda” medalı ilə təltif olunub.


27 Yan 2021
Hərbi

Şəhid anası: “Hər səhər onu səsləyirəm, deyirəm ki, ay Sübhan, soyuqdur axı, evə gəl” - VİDEO

22 yaşlı snayper Sübhan Əbilzadə Vətən müharibəsinin qəhrəman şəhidlərindəndir.

27 Yan 2021
Hərbi

Türkiyədəki təhsilini yarımçıq qoydu, Vətən müharibəsinin igidlərindən oldu - FOTO

Vətən müharibəsinin iştirakçılarından biri də Türkiyənin Aydın Universitetinin II kursunda təhsil alan Fariz İmanovdur.

27 Yan 2021
Hərbi

Şuşanın azadlığı uğrunda canından keçən baş əsgər

Daxili İşlər Nazirliyi daha bir şəhid barədə məlumat yayıb. 

27 Yan 2021
Hərbi

Qaradağda dəfn olunan şəhidlərin məzarları köçürüləcək? - Deputatdan açıqlama

“Qaradağ ərazisindəki qəbiristanlıqda dəfn olunan şəhidlərlə bağlı məsələyə müvafiq qurumlar tez reaksiya verməli idilər. Ancaq bu olmasa da, indi vəziyyəti düzəltməyə çalışırlar. Şəhid ailələrinin istəyinə uyğun olaraq bu problem həll olunacaq”.  

27 Yan 2021
Hərbi

Şəhid Şahlar Məmmədovun anası: “Bir ay sonra balamın nömrəsindən zəng gəldi...” - MÜSAHİBƏ + FOTO

44 günlük Vətən müharibəsi bizə tarixi qələbə qazandırdı. Qələbəyə gedən bu yolda isə Azərbaycan Ordusunun 2855 igid əsgəri canlarından keçdi.