Beyin mərkəzinin sədri Ermənistanı ifşa etdi

Beyin mərkəzinin sədri Ermənistanı ifşa etdi
23 Avq 2019 16:05


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz rejimin hesabatının BMT-də yayılmasını şərh edib.

Realpress.az-ın məlumatına görə, F.Şəfiyev BMT-nin nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına diqqət çəkib.

O bildirib ki, təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşünür. Buna görə də informasiyaları digər üzv ölkələrin və təşkilatın Katibliyinin nəzərinə çatdırmaq məqsədilə sənəd yaymaq hüququna malikdir.

"Ermənistanın BMT-dəki daimi nümayəndəliyi adından belə müraciət beynəlxalq sülh və təhlükəsizlik, ticarət, inkişaf və digər məsələləri özündə əks etdirə bilər. Məktubun məzmunu üzv dövlətin məsuliyyətindədir. Hətta indiyə qədər BMT-nin sənədi kimi daimi nümayəndəliklərin şeir yayması halları da baş verib.

Katiblik də, öz növbəsində, BMT-yə üzv ölkələrin daimi nümayəndəlikləri tərəfindən təqdim olunmuş sənədləri yaymaq öhdəliyi daşıyır. Sənədlər təşkilatın müvafiq loqosu və Təhlükəsizlik Şurasının, Baş Assambleyanın və BMT-nin digər orqanlarının növbəti sessiyalarının gündəlik maddələri çərçivəsində yayımlanır. Gündəlik maddəsi məktubun müəllifi, daha dəqiq desək, üzv ölkənin daimi nümayəndəliyi tərəfindən müəyyən olunur", - deyə F.Şəfiyev bildirib.  

Onun sözlərinə görə, təəssüf ki, tez-tez üzv ölkələrin bu hüquqdan sui-istifadə etməsi və BMT-nin nizamnaməsinə zidd sənədlər yayması hallarına da rast gəlinir:

"Ermənistanın öz adından qondarma "Dağlıq Qarabağ respublikası"na aid məktub yollaması ilk dəfə deyil. Hər halda məktubun müəllifi təşkilatın rəsmi üzvü, bu halda isə Ermənistandır. 

Ermənistan KİV-də qondarma "DQR"in sənədi adlandırdıqları bu məktubun BMT-nin sənədi kimi yayılmasına dair məlumatlar həqiqəti əks etdirmir. BMT qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır və təşkilatın Katibliyi qaydalara uyğun olaraq Ermənistanın BMT yanında daimi nümayəndəliyinin məktubunu yayıb. Bu da onun rəsmi statusudur".

F.Şəfiyev qeyd edib ki, Ermənistanın yerli azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə törətdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində öz əksini tapıb:

"Ermənistan BMT-nin nizamnaməsinin pozulmasına yönəlik fəaliyyət həyata keçirir. Bu zaman  işğal olunmuş torpaqlarla bağlı hansı dayanıqlı inkişaf, demokratiya və humanitar məqsədlərdən danışmaq olar?

Azərbaycan da, öz növbəsində, müvafiq məktub yaymağa hazırlaşır. Ermənistan daimi nümayəndəliyinin bu təxribatı beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının kim tərəfindən işğal olunduğunu bir daha açıq şəkildə göstərir".

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejim daha bir təxribata əl atıb. Seperatçı rejimin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Könüllü Milli İcmalı BMT-də rəsmi sənəd qismində yayılıb. Sənəd "2030-cu ilə qədər BMT-nin Dayanıqlı İnkişaf Gündəliyi" adlı rəsmi qərarı əsasında yazılıb.

İcmalda təxribat xarakterli fikirlər yer alıb. Bildirilib ki, guya Azərbaycan tərəfindən təhdidlər mövcuddur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva  deyib ki, Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edib. Onun sözlərinə görə, Ermənistanın BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərindəki qanunsuz separatçı rejimin kağızını yayıb.

Azərbaycanın BMT yanında nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb. Məktub bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq.