İlham Əliyev ABŞ prezidentinə təbrik məktubu göndərdi

İlham Əliyev ABŞ prezidentinə təbrik məktubu göndərdi
04 İyul 2022 16:58


Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. 

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

30 ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk.

Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir.

Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır.

Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik.

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar burada apardığımız bərpa və yenidənqurma işlərinə ən böyük əngəl olaraq qalmaqdadır. Biz minatəmizləmə işində ABŞ-ın ölkəmizə göstərdiyi yardımı təqdir edirik. Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin dəstəyinə böyük ümidlər bəsləyirik.

Hörmətli cənab Prezident,

Əminəm ki, Azərbaycan ilə ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim firavanlıq diləyirəm”.

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.