Zərdabda “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib

Zərdabda “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib
19 Dek 2016 09:22

Zərdab Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə mütəşəkkil ordumuzun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Şəhidlərin xatirə parkı, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidəsi, eləcə də aprel döyüşlərində şəhid olmuş zərdablı gizir Nurlan Abdullazadənin Böyük Dəkkə kəndindəki məzarı ziyarət olunub.

Heydər Əliyev Mərkəzində keçirilən hərbi vətənpərvərlik tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək bildirdi ki, milli mətbuatımızın banisi Həsən Bəy Zərdabi kimi böyük mütəfəkkiri dünyaya bəxş edən bu diyarın insanları Vətənə, dövlətə, xalqa, ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sədaqət nümunəsi göstərib və bu gün də öz ənənələrinə sadiqdirlər. Yüzlərlə zərdablı Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçib, İkinci Dünya müharibəsinin Qələbə tarixinə unudulmaz qəhrəmanlıq səhifələri yazıblar. Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun, “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş Muradalı Heydərovun adları hərb tarixinə qızıl hərflərlə yazılıb.

Qarabağ uğrunda döyüşlərdə neçə-neçə zərdablı gənc Vətən qarşısında öz övladlıq borcunu şərəflə yerinə yetirib, 130-dan çox həmyerlimiz şəhidlik zirvəsinə ucalıb. Bu gün bütün qoşun növlərində Zərdab rayonunun yetirmələrini görmək olar. Hərb peşəsini seçənlərin, taleyini zabitlik peşəsinə bağlayanların sayı ildən-ilə çoxalır. Son iki-üç il ərzində 1000-ə yaxın zərdablı hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Silahlı Qüvvələrdə xidmətlərini davam etdirməkdədir.

Gənclərin ata və babalarımızın qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi, orduya hazırlanması, onlarda vətənpərvərlik hisslərinin yüksəldilməsi rayon rəhbərliyinin fəaliyyətində prioritetdir.

Məlum aprel döyüşlərində Zərdabdan olan onlarla əsgər və zabit də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə həmyerlilərinə başucalığı gətiriblər.

İcra başçısı bütün xalqımız kimi hər bir zərdablının da hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bir daha nəzərə çatdırdı.

Ali Baş Komandanın cəbhə bölgələrinə səfərlərini əks etdirən videoçarxın nümayişindən sonra Lələtəpə uğrunda döyüşlərin iştirakçısı, Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək deyib: “Tədbirə çox gözəl ad seçilib: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir”. Bu dəyərli sözlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məxsusdur. Bu, həqiqətən də belədir. Məhz Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin – Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandı, düşmənin layiqli dərsini verdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edildi, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçdi və uzun illərdən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatdı. Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi”.

Polkovnik A.Qurbani Lələtəpə əməliyyatları, zərdablı zabit Elşən Qarayevin həyat yolu, Lələtəpə uğrunda döyüşlərdə xüsusi xidmətləri barədə ətraflı məlumat verdi.

Abdulla Qurbani Zərdabdan olan qəhrəman polkovnik-leytenant Elşən Qarayevi səhnəyə dəvət etdi.

Tədbir iştirakçıları döyüşlərdə sağ ayağını itirmiş və bir neçə yara almış aprel döyüşlərinin qazisini, Lələtəpə fatehlərindən birini ayaq üstə alqışlarla qarşılayıblar. Bəstəkar Azad Zahidin Abdulla Qurbaninin sözlərinə yazdığı “Lələtəpə fatehləri” qəhrəmanlıq odası ifa edildi.

Həmyerlilərini ürəkdən salamlayan, döyüşlər zamanı onlarla maraqlanan, doğmalarına, valideynlərinə daim mənəvi dayaq olan zərdablılara, rayon rəhbərliyinə minnətdarlığını bildirən və ilk aprel gecəsini xatırlayan Elşən Qarayev deyib: “O gecə heç kimdə qorxu hissi deyilən şey yox idi. Məqsədimiz düşmənin silahlı təxribatının qarşısını almaq, onu geri oturtmaq və strateji yüksəkliyi ələ keçirmək idi. Bilirdik ki, ölsək, yaralansaq xalqımız bizi yaşadacaq, xatirəmizi əziz tutacaq, adımızı əbədiləşdirəcək, ailəmizi diqqət və qayğı ilə əhatə edəcək. Təki Vətən sağ olsun!”

Aprel döyüşlərində göstərdiyi şəxsi şücaət və rəşadətə görə Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuş E.Qarayev həmin döyüşləri xatırladı. O, Qarabağ uğrunda döyüşlər başlayacağı təqdirdə yenə də cəbhədə, qəhrəman döyüşçülərin sıralarında olacağına söz verdi.

Vaxtilə igid zabitə dərs demiş Zərdab şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Solmaz Məmmədova, sinif yoldaşı Natiq Mehrəliyev, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri Neman Yediyarov çıxış edərək Elşənin və aprel döyüşlərinin bütün iştirakçılarının qəhrəmanlıqlarından qürur duyduqlarını bildirdilər.

Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarını ölkənin veteranlar ordusu adından salamladı və bir neçə gün öncə cəbhə bölgələrinə səfərlərinin təəssüratlarını danışdı. Qeyd etdi ki, bu gün Azərbaycan Ordusu nəinki regionun, hətta dünyanın ən güclü orduları sırasındadır. Bütün hərbi hissələrdə, eləcə də cəbhə bölgələrində əsgəri xidmət üçün hər cür şərait yaradılıb, hərbçilərin döyüş ruhu, vətənpərvərlik hissi çox yüksəkdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgələrinə səfərləri, hərbçilər qarşısında proqram əhəmiyyətli çıxışları, döyüşlərdə fərqlənmiş bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə mükafatlandırması ön səngərlərdəki əsgərlərin qələbə əzmini daha da artırıb və onlar istənilən anda aprel döyüşlərində qazanılan qələbəni təkrarlamağa hazırdırlar.

Lələtəpə uğrunda döyüşlərin fəal iştirakçılarından olan polkovnik-leytenant Elşən Qarayevə və aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış gizir Nurlan Abdullazadənin ailəsinə Respublika Veteranları Təşkilatının yubiley medalları təqdim edildi. Eyni zamanda, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyinə rayonda vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə həmin təşkilatın xüsusi mükafatları verildi.

“Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında keçirilən hərbi vətənpərvərlik tədbirinin sonunda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev müharibə şəraitində olan bir məmləkətdə belə hərbi vətənpərvərlik tədbirlərinə böyük ehtiyac olduğunu, bu istiqamətdə bundan sonra da yeni-yeni tədbirlərin təşkil ediləcəyinə əminliyini bildirdi. Bütün xalqımız kimi zərdablıların da Ali Baş Komandanın əmrlərinə hər an müntəzir olduğunu söylədi.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.