V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
17 2017 09:42

Martın 16-da Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstan prezidentləri, Səudiyyə Ərəbistanının şahzadəsi, eləcə də bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynayan ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq beşinci dəfədir baş tutur və budəfəki Forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə edilir.

Forumda 50-dən çox ölkədən 300-dək nümayəndə iştirak edir. Artıq Qlobal Bakı Forumu ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.

Ziyafətdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa yüksək səviyyədə qonaqpərvərliyə görə nümayəndələr adından minnətdarlığını bildirdi, Azərbaycana hər səfərlərində daha böyük tərəqqi və uğurların şahidi olduqlarını vurğuladı. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasında Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirdi.

Qlobal Bakı Forumunun mühüm əhəmiyyətini qeyd edən Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə rolunun get-gedə artdığını bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev ilə ilk görüşünü məmnunluqla xatırlayan qonaq Ulu Öndərin xatirəsini ehtiramla andı.

Vayra Vike-Freyberqa bildirdi ki, hər bir ölkə öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun surətdə bərpa etmək hüququna malikdir. Bütün Avropa İttifaqı ölkələri, o cümlədən Latviya belə bir ideyanı güclü sürətdə dəstəkləyirlər.

Latviyanın sabiq Prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ayrı-ayrı dövlət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillərdən ibarət xatirə albomunu Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin təmsil etdiyi qurumun fəaliyyətinə hərtərəfli dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı ilə ölkəmizlə Misir arasında mədəniyyət sahəsinə dair məsələləri müzakirə etdiklərini xatırlatdı, belə görüşlərin davam edəcəyinə ümidvar olduğunu söylədi. İsmail Serageldin növbəti Qlobal Bakı Forumunun daha möhtəşəm olacağına əminliyini vurğuladı.

Dəyərli hədiyyəyə və ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla andığına görə Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycan tarixinin istər sovet dövründə, istərsə də ölkəmizin müstəqilliyinin bərpa olunması və dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna rolunu və misilsiz xidmətlərini xüsusi vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycanın nüfuzlu dövlətlərdən birinə çevrildiyini, çoxlu dostlarının olduğunu və gələcəyə nikbinliklə baxdığını dedi.

Dövlətimizin başçısı qeyd etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq mötəbər quruma çevrilib və bu da dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin daha geniş təbliğinə əlverişli imkanlar yaradır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzuladı.

Beşinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.


5 Dek 2023
Siyasət

Azərbaycan XİN Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib.

5 Dek 2023
Siyasət

Zakir Həsənov misirli həmkarı ilə görüşdü - FOTO

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

5 Dek 2023
Siyasət

Bakıda Azərbaycan və İran Hərbi Dəniz Qüvvələri komandanlarının görüşü olub

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Bakıda səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.

5 Dek 2023
Siyasət

Lavrov: “Xəzər Şurasının yaradılması “Xəzər beşliyi”nin səmərəliliyini artıra bilər”

“Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da irəli apara bilər”.

5 Dek 2023
Siyasət

İran XİN rəhbəri Xəzər regionunda vahid təşkilatın yaradılmasını dəstəkləyib

“Xəzər regionunda əməkdaşlığın bütün sahələrinə nəzarəti həyata keçirə biləcək vahid təşkilat yaratmaq lazımdır”.