UNEC-in müəllimləri Sumqayıt Kimya Sənaye Parkında olublar (FOTO)

UNEC-in müəllimləri Sumqayıt Kimya Sənaye Parkında olublar (FOTO)
08 Dek 2016 09:05

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov və universitetin professor-müəllim heyəti Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə reallaşdırılan səfər zamanı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının ofisində görüş keçirilib, SKSP-də görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib.

Bildirilib ki, Sənaye və Sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkının yeraltı və yerüstü infrastrukturu dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Hazırda sənaye parkında geniş infrastrukturun və müasir sosial zonanın yaradılması istiqamətində işlər davam etdirilir.

Qonaqların nəzərinə çatdırılıb ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcəkdir. İnfrastruktur işləri ilə yanaşı, sənaye parkına yeni rezidentlərin cəlb edilməsi və parkın təbliği istiqamətində işlər davam etdirilir.

Vurğulanıb ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində 500 tələbənin təhsil ala biləcəyi Peşə Tədris Mərkəzi fəaliyyət göstərəcək. Mərkəzdə auditoriyalar, fənn və peşə otaqları, kitabxanalar, yaradıcılıq otaqları, tibb məntəqəsi, təqdimat otağı, arxiv, muzey, akt zalı, laboratoriyalar, yeməkxana və s. olacaq. Mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə 30-a yaxın (kimya, inşaat, mexatronika və s.) peşə hazırlığı həyata keçiriləcək. Tədris Mərkəzinin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə Almaniya təhsil sisteminin kurikulumlarına müvafiq olaraq “Paralel təhsil” modeli tətbiq olunacaq. Tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı üzrə həyata keçiriləcək. Yaxın zamanlarda Peşə Tədris Mərkəzinin istifadəyə verilməsi və növbəti tədris ilindən fəaliyyətə başlaması nəzərdə tutulur. Eyni zamanda sənaye parkında 3 təcrübə emalatxanası tikiləcək. Mərkəzdə təhsil alanların əldə etdikləri biliklərin təcrübədən keçirilməsi üçün emalatxanalarda lazımi şərait yaradılması nəzərdə tutulur.

Görüşdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və onların istehsal edəcəkləri məhsullar, eləcə də Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. Qeyd olunub ki, sənaye parkının rezidentlərinin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir və rezidentlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır. Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunacaq müxtəlif sənaye məhsulları, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen, şüşə lövhələr, ferroərintilər, yüksək təzyiqə davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların Avropa və MDB ölkələrinə ixracı nəzərdə tutulur.

Sonra qonaqlar sənaye parkının ərazisində aparılan tikinti işləri, parkın ilk rezidenti olan “Azertexnolayn” MMC-nin istehsalat müəssisələri, “SOCAR Polymer” layihəsi çərçivəsində görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, “Azertexnolayn”ın zavodlarında polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edir və artıq ümumi istehsalın 75%-ni ixrac edib. Müəssisədə 700 nəfər işlə təmin olunub.

“SOCAR Polymer” MMC tərəfindən isə sənaye parkının ərazisində polipropilen zavodunun tikintisi davam etdirilir. Sumqayıt şəhər sakinlərinin tikinti işlərinə cəlb edilməsinə xüsusi önəm verilir. Layihənin investisiya dəyəri 750 mln. ABŞ dollarıdır. “SOCAR Polymer” layihəsi son 40 ildə bu sahədə miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir.

Ümumiyyətlə, 2017-ci ildə SKSP-də yüksək təzyiqə davamlı fitinqlər və digər məhsullar istehsal edəcək “MST Engineering Services”, tikinti məhsulları və qatqılarını istehsal edəcək Silisium və Kalsium İstehsalat Müəssisəsi, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtgü yağları istehsal edəcək “Alco Lubricant Company”, pestisid və aqro-kimyəvi məhsullar istehsal edəcək “Aqrokimya Azərbaycan” müəssisələri fəaliyyətə başlayacaq. 2018-ci ildə isə polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək “SOCAR Polymer”, ferroərintilər istehsal edəcək “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” və Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək “AzerFloat” müəssisəsi fəaliyyətə başlayacaq. Bu müəssisələrdə ümumilikdə 700-dən çox yeni iş yerləri yaradılacaq.

Sumqayıt Kimya Sənaye Parkı ilə tanışlıq zamanı SKSP ilə UNEC arasında əlaqələrin yaradılmasının əhəmiyyəti qeyd edilib və bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı vurğulanıb, universitetin tələbələrinin Sumqayıt Kimya Sənaye Parkına səfərlərinin təşkilinə, sənaye parkının Peşə Tədris Mərkəzi ilə əməkdaşlığına, SKSP ilə birgə elmi tədqiqatların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.


 



20 Fev 2020
İqtisadiyyat

SOCAR və Sumqayıt Texnologiyalar Parkının birgə müəssisəsi yaradıldı - FOTO

SOCAR və Sumqayıt Texnologiyalar Parkının birgə müəssisəsi yaradıldı - FOTO

17 Fev 2020
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 17 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

14 Fev 2020
İqtisadiyyat

Azərbaycan xaricdən kartof idxalını dayandıra bilər

Azərbaycan daxili və xarici bazarı təmin edəcək qədər kartof istehsal etməyə qadirdir.