Strateji Yol Xəritəsi: Azərbaycanda Kiçik və Orta Sahibkarlıq agentliyinin yaradılması nəzərdən keçiriləcək

Strateji Yol Xəritəsi: Azərbaycanda Kiçik və Orta Sahibkarlıq agentliyinin yaradılması nəzərdən keçiriləcək
23 Dek 2016 11:07

Azərbaycanda mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq (KOS) agentliyinin yaradılması nəzərdən keçiriləcək, agentliyin məqsəd və missiyası, eləcə də aparıcı prinsipləri müəyyənləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Sənəddə bildirilir ki, ilkin mərhələdə agentliyin kollegial orqanı qurulacaq, özəl və dövlət sektorundan, yerli assosiasiyalardan və ali təhsil müəssisələrindən kollegial orqana nümayəndələr seçiləcək.

Agentliyin prioritetləri, qısa və uzunmüddətli hədəfləri müəyyən ediləcək, fəaliyyəti üçün zəruri maliyyələşdirmə mexanizmləri işlənib hazırlanacaq və lazımi resursların təmin edilməsi işinə baxılacaq.

Hökumət KOS agentliyinin fəaliyyətinin monitorinqini və qiymətləndirilməsini aparacaq, agentliyin kollegial orqanının üzvləri ilə birlikdə ilin əvvəlində illik hədəf planlar müəyyən edəcək və həmin hədəflərin icra vəziyyətinin monitorinqini həyata keçirəcək. Əldə olunan nailiyyətlərin, cari fəaliyyətin və mövcud çətinliklərin müzakirəsi, eləcə də növbəti illər üçün yeni hədəflərin müəyyən edilməsi məqsədilə hökumət KOS agentliyinin kollegial orqanının və rəhbərliyinin iştirakı ilə illik iclaslar keçirəcək.

Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması barədə dövlət və özəl sektor nümayəndələrinə məlumat verilməsi, habelə onun rolunun və gətirəcəyi faydaların müzakirəsi məqsədilə özəl qurumlar, beynəlxalq təşkilatlar, təhsil müəssisələri və digər maraqlı tərəflərlə görüşlər keçiriləcək. Rəsmi məktublar və dövlət kütləvi informasiya vasitələri vasitəsilə KOS subyektləri KOS agentliyinin yaradılması və bu agentliyin fəaliyyətinin KOS-a gətirəcəyi faydalar barədə məlumatlandırılacaq, eləcə də agentlik və KOS subyektləri arasında əməkdaşlığın metod və mexanizmləri müzakirə ediləcək.

Həmçinin KOS agentliyinin internet saytı yaradılacaq və bu sayt vasitəsilə KOS subyektləri mövcud fəaliyyətlər, xəbərlər və imkanlar haqqında məlumatlandırılacaqlar.

KOS agentliyi stimullaşdırıcı funksiyalara malik daimi şöbələrdən və təşəbbüslərin icrası üçün məsul bölmələrdən ibarət olacaq. Hər iki struktur vahid idarə heyətinə hesabat verəcək. Agentliyin əlaqələndirmə sistemi dəstək şəbəkəsi olaraq nazirliklərdən, özəl sektordan, assosiasiyalardan, eləcə də təhsil qurumlarından ibarət olacaq.

Agentliyin idarə heyəti aidiyyəti dövlət orqanları ilə birlikdə bu Strateji Yol Xəritəsinin icrasına nəzarəti həyata keçirəcək. Bunun üçün proqram, təşəbbüslər, əsas icra göstəriciləri və yaradılacaq işçi qruplar üçün prioritetlər müəyyən ediləcək, həmin işçi qrupların maliyyələşdirilməsi mexanizmi işlənib hazırlanacaq və zəruri resursların ayrılması məsələsinə baxılacaq. Agentlik nazirliklərə təkliflər hazırlayacaq və icra şəffaflığını təmin edəcək, eləcə də işçi qruplar və təminat bölmələri arasında əlaqələndirməni təşkil edəcək.

KOS subyektlərinin müxtəlif biznes xidmətləri və sahibkarlıq fəaliyyəti ilə bağlı məlumatlara çıxış imkanlarını artırmaq məqsədilə KOS agentliyinin nəzdində KOS evinin yaradılması nəzərdən keçiriləcək. KOS evində sahibkarlara müxtəlif biznes xidmətləri göstəriləcək və onlar üçün tələb olunan məlumatlara çıxış imkanları yaradılacaq.

KOS evində "bir pəncərə" prinsipi əsasında sahibkarlara xidmətlər göstərən mərkəz, məşğulluq xidmətləri, təlim mərkəzi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəliyi, beynəlxalq qurumların şöbələri, Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nümayəndəliyi, kredit zəmanət fondu və digər əlaqəli qurumlar yerləşə bilər. Agentlikdə ərizələr, təlimlər və informasiya texnologiyalarının imkanları da daxil olmaqla, bütün xidmətlərin göstərilməsi üçün onlayn portal fəaliyyət göstərəcək. Belə agentliklərin yaradıldığı digər qabaqcıl ölkələrin təcrübələrindən model kimi istifadə ediləcək.

KOS evində məlumat mərkəzi fəaliyyət göstərəcək və sahibkarlar burada öz biznesləri ilə bağlı müxtəlif məlumatları (məsələn, lisenziya və icazələrin alınması qaydaları, mövcud kredit imkanları, ölkədə fəaliyyət göstərən sənaye zonaları, sənaye klasterləri, onlar tərəfindən təmin edilən xidmətlər və s.) əldə edə biləcəklər. Eyni zamanda, KOS evində təlim-tədris xidmətləri göstəriləcək və KOS subyektləri bu xidmətləri ödənişsiz və ya güzəştli qiymətlərlə əldə edə biləcəklər. KOS evində 21 mütəxəssis bankı yaradılacaq və müxtəlif ixtisaslı kadrlar haqqında məlumatlar bu bankda toplanacaq. Həm KOS subyektləri, həm də iş axtaran ixtisaslı mütəxəssislər bu məlumat bazasından ödənişsiz istifadə edəcəklər.

Biznes məsləhət xidmətləri KOS evində təmin edilməsi nəzərdə tutulan xidmətlər sırasında xüsusi yer tutacaq. Burada KOS subyektləri üçün biznes planların hazırlanması, bazar araşdırmalarının aparılması, hüquq məsləhətlərinin verilməsi, mühasibatlıq və s. kimi xidmətlər ödənişsiz və ya güzəştli qiymətlərlə təqdim ediləcək.

KOS evində, həmçinin müxtəlif seminarlar, görüşlər və dəyirmi masalar təşkil ediləcək.

Mərkəzləşdirilmiş KOS agentliyi ilə birlikdə müxtəlif sektorlardan olan KOS subyektləri, eləcə də dövlət qurumları arasında müsahibə və sorğular keçiriləcək və təkmilləşdirilməsinə ehtiyac olan əsas xidmət sahələri müəyyən ediləcək. KOS agentliyi ilə birlikdə yuxarıda sadalanan meyarlar əsasında KOS üçün biznes mühitinin sadələşdirilməsi təşəbbüsləri prioritetləşdiriləcək.

Eyni zamanda, KOS subyektlərinin müxtəlif xarakterli məlumat mənbələrinə çıxış imkanlarını artırmaq məqsədilə vahid onlayn məlumat portalı yaradılacaq. Bu portalda KOS subyektləri üçün vacib olan müxtəlif məlumatlar yerləşdiriləcək və beləliklə sahibkarlar ölkədəki qanunvericilik bazasına, biznes biliklərinə, mütəxəssis bankına və digər məlumatlara çıxış imkanı əldə edəcəklər. Bu portalda distant təhsil proqramları, uğurlu biznes nümayəndələri ilə müsahibələr və digər faydalı məlumatlar öz əksini tapacaq.

Yaradılması nəzərdə tutulan KOS agentliyi Azərbaycanda KOS fəaliyyətinin inkişafında uğur qazanmaq üçün aparıcı qüvvə rolunu oynayacaq. Yeni agentliyin məqsədi Azərbaycanda fəaliyyət göstərən KOS subyektlərinin sayını, eləcə də bu sahibkarlıq subyektlərinin ümumi daxili məhsulda (ÜDM) payını 2020-ci ilədək qoyulan hədəflərə uyğun artırmaqdan ibarət olacaq.

Bu prioritetin tərkib hissəsi olaraq, Azərbaycanın real ÜDM-nin 2020-ci ildə 140 milyon manat birbaşa, 60 milyon manat dolayı olmaqla, ümumilikdə 200 milyon artacağı proqnozlaşdırılır. Prioritet çərçivəsində 2020-ci ildə 240 yeni iş yerinin yaradılacağı gözlənilir. Bu prioritetin icrası üçün 2020-ci ilədək təxminən 10 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.


23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.