Şəkili rəssam Mənsur Əzizlinin sənət dünyasına qısa səyahət

Şəkili rəssam Mənsur Əzizlinin sənət dünyasına qısa səyahət
03 2017 15:03

Ömrünün yarıdan çoxunu rəssamlıq sənətinə həsr edən Mənsur Əzizli Şəkidə yaxşı tanınan sənətkarlardandır. Hələ uşaq yaşlarından rəssamlığa meyil salan sənətkar ötən illər ərzində bir çox uğurlara imza atıb. Ən böyük uğuru isə, heç şübhəsiz, TÜRKSOY tərəfindən Şəkidə təşkil olunan sərgidə qalib gəlməsi olub.

AZƏRTAC-ın müxbiri rəssam Mənsur Əzizli ilə Şəki şəhərindəki emalatxanasında görüşüb, yaradıcılığı ilə, onu bu sənətə bağlayan tellərlə maraqlanıb.

1964-cü ildə Şəkidə anadan olan Mənsurda rəssamlıq qabiliyyəti hələ uşaq yaşlarında özünü büruzə verib. Həmsöhbətimizin bildirdiyinə görə, rəsm çəkməyə marağını nəzərə alaraq valideynləri onu həmin vaxtlar Şəkidə fəaliyyət göstərən “Pionerlər Evi”nin rəsm dərnəyinə üzv yazdırıblar. Beşinci sinifdə oxuyarkən Mənsur rəssamlıq təhsili almaq üçün Bakı şəhərinə gəlib və buradakı incəsənət təmayüllü məktəbdə bu sənətin ilkin vərdişlərinə yiyələnib. O, daha sonra paytaxtdakı rəssamlıq məktəblərindən birində dekor rəssamı ixtisası üzrə təhsilini davam etdirib. Məktəbi bitirdikdən və hərbi xidməti başa vurduqdan sonra doğma şəhəri Şəkiyə qayıdıb, rəssamlıqla müntəzəm şəkildə məşğul olmağa başlayıb.

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Mənsur Əzizli əsasən rəngkarlıq sahəsində fəaliyyət göstərir. Onun yaradıcılığında mənzərə janrı xüsusi yer tutur. Şəkinin bənzərsiz təbiət gözəllikləri onun əsərlərinin əsas qayəsini təşkil edir. Rəssamın əsərlərində Vətən sevgisi, doğulub boya-başa çatdığı diyara, torpağa, tarixi keçmişimizə bağlılıq qabarıq şəkildə özünü büruzə verir. Rəngkarlıqla yanaşı, barelyef janrına da maraq göstərən rəssam Şəkinin tanınmış elm və incəsənət xadimlərinin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəkili şəhidlərin bir neçəsinin barelyefini yaratmağa müvəffəq olub.

Yaradıcılığını inkişaf etdirmək məqsədilə Mənsur ötən əsrin doxsanıncı illərinin ortalarında bir müddət Türkiyədə yaşayıb-yaradıb. Həmin illər rəssamın İstanbul şəhərindəki müxtəlif sərgi salonlarında iki dəfə fərdi sərgisi açılıb.

Mənsur Əzizli 2002-2004-cü illərdə Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanları sarayının bərpasında da alman mütəxəssislərlə birgə iştirak edib, sarayın ikinci mərtəbəsindəki otaqlardan birinin rəngkarlıq işini yüksək ustalıqla yerinə yetirib.

Söhbət zamanı rəssam bildirib ki, bu sənət onun üçün sevdiyi, ürəkdən bağlandığı peşə olmaqla yanaşı, həm də dolanacaq mənbəyidir. Çəkdiyi rəsmlər yerli və xarici turistlər tərəfindən həvəslə alınır. Bəzən müxtəlif qurumlar tərəfindən sifarişlər də olur. Tabloların qiyməti isə 200-1500 manat arasında dəyişir.

Həmsöhbətimizin bildirdiyinə görə, son illər TÜRKSOY təşkilatı ilə əməkdaşlıq onun yaradıcılığına çox böyük təsir göstərib. Beynəlxalq təşkilat tərəfindən 2014-cü ilin iyununda Şəkidə təşkil olunan XVII “TÜRKSOY – Rəssamlar görüşü”nə dəvət alan Mənsur Əzizli türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssamla birgə 15 gün ərzində yeni əsərlər üzərində işləyib. Tədbirə qatılan rəssamların əsərlərində Şəkinin təbiət gözəllikləri, tarixi abidələri, sakinləri, sadə insanları əks olunub. Bu əsərlər ilk dəfə 2014-cü ilin iyulunda Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalında nümayiş etdirilib. Yekun sərgi isə bu il dekabrın 1-də Şəki Dövlət Dram Teatrında “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin bağlanışına həsr olunan təntənəli mərasimdə təşkil olunub. Münsiflər heyətinin qərarına əsasən, şəkili rəssam Mənsur Əzizlinin XVII “TÜRKSOY – Rəssamlar görüşü” zamanı çəkdiyi “TÜRKSOY birliyi Şəkidə” adlı tablosu qalib gələrək təşkilatın xüsusi mükafatına layiq görülüb. Mükafatı rəssama TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim edib.

Bu hadisənin onun yaradıcılığında ən unudulmaz an olduğunu vurğulayan rəssam deyib: “Əsərdə tarixi İpək yolunu, əfsanəvi Neft Daşlarını, Qız qalasını, Şəki xanlarının sarayını, mədəni irsimiz olan muğamımızı təbliğ etməyə çalışdım. Tablonun ortasında yer alan nar isə rəmzi məna daşıyır, türk dövlətlərinin birliyini təcəssüm etdirir. Göstərmək istədim ki, türk birliyi də nar dənələri kimi sıx və möhkəm olsun”.

Mənsur Əzizli 2011-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dekor rəssamı işində çalışır. O, teatrda səhnələşdirilən bütün tamaşaların səhnə tərtibatında, həmçinin doğma şəhərinin yaradıcılıq həyatında yaxından iştirak edir.


20 Sent 2020
Cəmiyyət

Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdü - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq ilə görüşüb.

20 Sent 2020
Cəmiyyət

Prezidentin köməkçisi İran səfiri ilə nələri müzakirə etdi? – FOTO

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı yeni səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

19 Sent 2020
Cəmiyyət

Zakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır”

Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

19 Sent 2020
Cəmiyyət

İki əsrlik 115 kəhriz bərpa edilir - VİDEO

Şəmkir rayonunun Çinarlı qəsəbəsində tarixi kəhrizlərin bərpasına başlanılıb. Uzun illər yararsız vəziyyətdə olan və istifadəsi tamamilə dayanan su mənbəyi yenidən əhalinin istifadəsinə verilmək üçün hazırlanır.