Plana düşən «xruşşovka» sahiblərinə pul verilməyəcək

Plana düşən «xruşşovka» sahiblərinə pul verilməyəcək
16 2017 17:20

Ramil Osmanlı: «Bildiyim qədər vətəndaşlara nəğd şəkildə kompensasiya verilməyəcək»

Natiq Cəfərli: «Binaların yenilənməsi qərarı doğrudur, lakin, 2 önəmli məsələ açıq qalıb»
Azərbaycanın baş naziri Artur Rasi-zadə Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar imzalayıb. Bizimyol.info-nun verdiyi məlumata görə, Nazirlər Kabineti Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın “Kamyu” şirkətinin istehsalı olan və sonralar “Xruşşovka” kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq, 1-ci mikrorayon ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyasını adıçəkilən nazirliyə həvalə edib.
Fövqəladə Hallar Nazirliyinə “Pilot layihə” kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, “Xruşşovka” kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosial infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
FHN aparılacaq tikinti işlərinə özəl şirkətlərin vəsaitlərinin və kredit vəsaitlərinin cəlb edilməsini təşkil etməli, tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə köməklik göstərilməsini təmin etməli, qanunvericiliyin tələblərinə uyğun olaraq, binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə, onlara məxsus olan mənzilin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında sökülmüş binalarda olduğu mərtəbədə, 1-ci mərtəbədə olan mənzillərin əvəzinə isə 1-ci yaşayış mərtəbəsində mənzillərin ayrılmasını təmin etməli, binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək söküləcək binalarda, o cümlədən ərazidə ayrıca yerləşən və binalara bitişik olmayan qeyri-yaşayış sahələrinin sahiblərinə müvəqqəti olaraq istifadəyə (icarəyə) verilmiş qeyri-yaşayış sahələri üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sahibkarlara, onlara məxsus olan qeyri-yaşayış sahələrinin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında qeyri-yaşayış sahələrinin ayrılmasını təmin etməli, eləcə də Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Bakı şəhərinin 1-ci mikrorayonu ərazisində yerləşən məktəb, uşaq bağçası, körpələr evi, xəstəxana və digər qeyri-yaşayış binalarının texniki vəziyyətini araşdırıb büdcə vəsaiti hesabına həmin binaların təmiri, yenidən qurulması və ya sökülüb yenidən tikilməsi barədə aidiyyəti üzrə təkliflər hazırlayıb 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Dövlət Neft Şirkətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə isə tapşırılıb ki, yeni tikiləcək binaların mühəndis xətləri ilə təminat məsələləri üzrə texniki şərtlərin ödənişsiz verilməsini və yenidənqurma aparılan ərazilərin sərhədlərinədək sahəxarici mühəndis-kommunikasiya xətlərinin tikintisinin öz vəsaitləri hesabına həyata keçirilməsini təmin etsinlər.
Əmlak Məsələləri Dövlət Komitəsi tikintisi başa çatmış obyektlərin istismarına icazə verildikdən sonra həmin obyektlərin qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatını həyata keçirməlidir.
Qərarın icrası ilə əlaqədar yerinə yetiriləcək işlərin əlaqələndirilməsini və qarşıya çıxan məsələlərin operativ və hərtərəfli həllini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Maliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən işçi qrup yaradılacaq.
Bəs söküntü işləri necə aparılacaq? Hazırda söküntü işləri üçün büdcədən vəsait ayrılıbmı?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Bakı şəhərində şəhərsalma tədbirləri Baş plana uyğun həyata keçiriləcək: “Sözsüz ki, infrasturukturun bərpası və yenilənməsi məsələsi burada öz aktuallığını qoruyur. O ki, qaldı layihənin icrası ilə bağlı texniki və digər hüquqi tədbirlərə, böyük ehtimal Nazirlər Kabineti yaxın dövrlərdə layihənin icrası ilə bağlı yeni bir sərəncam verəcək. Layihənin icrasında ayrı-ayrı təşkilatların hansı formada iştirakı kimi məsələlər öz əksini tapacaq. Eyni zamanda layihənin icrasında atılacaq addımlar nələrdən ibarət olacaq, vətəndaşlara hansısa ödənişlər veriləcək, yoxsa sadəcə vətəndaş ondan alınan mənzilin əvəzinə başqa bir mənzillə təmin olunacaq. Bu məsələlər orada öz əksini tapacaq”.
Ekspert düşünür ki, böyük ehtimalla praktika əsasında hökümət vətəndaşlara nəğd ödənişlər etməyəcək: “Bilavasitə vətəndaşa kompensasiya verilməyəcək ki, o öz istədiyi yerdən gedib mənzil alsın. Çünki bu özü əsassız qiymət artımına gətirib çıxaracaq. Bundan başqa bəzi vətəndaşlar aldıqları vəsaiti başqa yönlərə - maşın, bağ almağa, ya da diəgr məişət problemlərinə xərcləyirlər. Pul qurtaranda başa düşürlər ki, həmin pula mənzil alınmalı idi. Ondan sonra hüquqi qayda müəyyən addımlar atmağa başlayırlar. Məhkəməyə şikayət edirlər ki, hökümət mənə az pul verdi, mən mənzil ala bilmədim. Yəni, bu məsələlər böyük ehtimalla növbəti sərəncamda öz əksini tapacaq. Mənim bildiyim qədəri ilə vətəndaşlara kompensasiyalar nəğd şəkildə verilməyəcək. Yəqin ki, müəyyən sənədləşmələr aparılacaq”.
İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında deyir ki, köhnə, "xuruşşovka" adlanan binalar texniki cəhətdən öz ömrlərini başa vurub. Onlar 50-60 il üçün nəzərdə tutulmuşdu: “Belə binaların yenilənməsi qərarı doğrudur, lakin, 2 önəmli məsələ açıq qalıb: Birincisi, belə böyük bir layihənin maliyyə mənbələri göstərilməyib. Bilinmir ki, hansı vəsait hesabına bu işlər görüləcək. Hələ ki, bu ilin büdcəsində bununla bağlı xüsusi bir ayırmalar yoxdur. İkincisi, insanların mülkiyyət hüquqlarının pozulmaması əsas şərt olmalıdır. Təəssüf ki, son illər Bakıda aparılan söküntü işlərində vətəndaşların hüquqlarının pozulması faktları çox olub. Bu sərəncamda vətəndaşlarla hansı mexanizmlər üzərindən müqavilələr bağlanacaq - bu göstərilməyib. Hökumətin istədiyi aydındır - belə layihələrlə iqtisadi canlanma yaratmaq istəyirlər. Amma maliyyə mənbələri öncədən məlum olmasa, layihələrin həyata keçməsi çətinləşə bilər”.

24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.