Paris turistlərin xəyallarındakı şəhərdir

Paris turistlərin xəyallarındakı şəhərdir
13 Dek 2016 12:18

Paris bir çoxlarının düşündüyü qədər də böyük deyildir: Vikipediyaya inansaq, bu şəhər sahəsinə görə Bakıdan bir neçə dəfə kiçikdir. Buna baxmayaraq, hər iki paytaxtda əhalinin sayı praktiki olaraq bərabərdir, yəni 2 milyon nəfərdən bir qədər artıqdır. Amma Parisdə dünya əhəmiyyətli görməli yerlər o qədər çoxdur ki, onlarca başqa şəhərə yetərdi. Biz isə bu əfsanəvi şəhəri öyrənməyə davam edirik (əvvəli burada: http://azertag.az/xeber/Paris_paytaxt_heyatinin_sirri-1017326). Odur ki, Yelisey xiyabanını gəzməyimizin, Pompidu Mərkəzinə, ətriyyat muzeyinə və Parisin ən möhtəşəm ticarət mərkəzinə getməyimizin təəssüratlarını sizinlə bölüşməyə tələsirik!

İnqilabi muzey və qəribə univermaq

Bu il Paris gələnlərin sayına görə özünəməxsus antirekord müəyyən edib. Turbiznes nümayəndələrinin sözlərinə görə, hələ şəhər belə az turist görməyib. Buna son il yarım ildə bir-birinin ardınca Fransa paytaxtını sarsıdan terror aktları səbəb olub. Ancaq sırf vizual olaraq şəhərin küçələrində turistlərin sayı olduqca çoxdur. Bu da dünyanın ən populyar turizm istiqaməti üçün heç də təəccüblü deyildir. Yaxşı vaxtlarında Parisin əsas gəzib-görməli yerlərini necə bir turist izdihamının “işğal etməsini” isə yalnız təsəvvür etmək qalır. Axı statistikaya görə, hətta 2015-ci ildə Fransa paytaxtına 84,5 milyon adam gəlib! 2020-ci ilə qədər isə bu rəqəmi 100 milyon nəfərə çatdırmaq planlaşdırılır! Nə qədər ki, bu baş verməyib, deməli, gedib Parisi görməyin, uzun-uzadı növbə gözləmədən populyar məkanlardan zövq almağın vaxtı çoxdan yetişib.

Yeri gəlmişkən, əgər, məsələn, Luvr muzeyi və Eyfel qülləsi əsasən turistlərin hesabına “yaşayırsa” (gələnlərin 80 faizi əcnəbilərdir), parislilərin özləri müasir incəsənətə və bu incəsənətin təqdim olunduğu müxtəlif növ qalereya və sərgilərə daha çox dəyər verirlər. Buna görə də Pompidu Qalereyasında iynə atsaydın yerə düşməzdi, hər tərəfdən də fransızca danışıq səsləri eşidilirdi?! Yenə də dürüst olaq: gələnlərin sayına görə Fransanın üçüncü mədəni məkanı olan bu mərkəz əcnəbiləri də çox cəlb edir. Yeri gəlmişkən, əsl parislini tanımaq çətin deyil: o, daim boynuna şərf bağlayır. Parislilərin yayda da şərflə gəzdiklərini iddia edə bilmərik (ola bilsin, şərfi kiçik yaylıqlar əvəz edir), amma payızda və qışda onların boynunda mütləq şərf olur.

Beləliklə, Parisdəki Jorj Pompidu Mərkəzi elə təkcə xarici görünüşü ilə müasir incəsənəti mədh edir. Mərkəzin 1977-ci ildə istifadəyə verilmiş binası arxitektorlar Renso Pianonu və Riçard Rocersin o dövr üçün inqilabi olan layihəsi əsasında inşa edilib. Onların ideyasına əsasən, binanın bütün texniki qurğuları, o cümlədən liftlər, pilləkənlər, kommunikasiyalar bayırda yerləşib, buna görə də kənardan borulara sarınmış neft emalı zavodunu xatırladır. Doğrudur, bu borular ovqatı yüksəldən şəkildə rənglənib. Əvəzində tikilinin içində ekspozisiya və istifadəçilər üçün çox geniş məkan yaranıb. Pompidu Mərkəzindəki Müasir İncəsənət Muzeyində Avropada ən böyük modern və müasir incəsənət kolleksiyası təqdim edilib. Burada dizayn, arxitektura, fotoqrafiya və yeni media-texnologiyalar təsviri sənətlə bərabər təqdim edilib. Ekspozisiya 70 mindən çox əsəri əhatə edir. Mərkəz hər il təqribən 20 tematik sərgi təşkil edir.

Bizə “Şəkillərin xəyanəti” adlı müvəqqəti ekspozisiyaya tamaşa etmək xoşbəxtliyi nəsib oldu. Ekspozisiyada belçikalı sürrealist rəssam Rene Maqrittin anlaşılmaz, lakin düşündürən əsərləri nümayiş etdirilirdi.

Pompidu Mərkəzində muzeylə bərabər, ictimai kitabxana, elmi-tədqiqat institutu, konsert salonları və s. yerləşir. Binanın qarşısındakı meydan isə rəssamların, küçə artistləri və musiqiçilərinin sevimli məkanına çevrilib.

Bir də mütləq binanın ən yuxarı qatına qalxın: buradan şəhərin mərkəzinə çox gözəl mənzərə açılır. Amma Parisdə müşahidə meydanı kimi istifadə etmək üçün münasib yerlər, o cümlədən pulsuz yerlər çoxdur. Məsələn, “Galeries Lafayette” univermağının tarixi binalarından birinin yuxarı qatından paytaxtın bütün əsas görməli yerlərinə heyrətamiz mənzərənin açıldığını hamı bilmir. Özü də bura arzu edən hər kəs havayı qalxa bilər. Beləcə, yavaş-yavaş alış-veriş mövzusuna keçirik.

Deyəsən, “Galeries Lafayette” Parisdə ən tanınmış univermaqdır və hətta heç nə almaq istəməsəniz belə bu univermağa getməyə dəyər. 1893-cü ildə açılmış mağaza hazırda Paris Milli Operası yaxınlığında yerləşən bir neçə möhtəşəm binada yerləşir. Təntənəli açılışı 1912-ci ildə olan “Galeries Lafayette”nin əsas binasının arxitekturası, 43 metr hündürlüyündə neobizans üslubunda çox gözəl günbəzi heyrətamizdir. Qalereyanın zəngin bəzədilmiş binası ticarət mərkəzindən çox teatra bənzəyir. Onun mövsümdən asılı olaraq dəyişdirilən interyerinin və vitrinlərinin bəzədilməsinə xüsusi əhəmiyyət verilir. Məsələn, “Galeries Lafayette” bu mövsümdə bütün tarixi ərzində ilk dəfə tərtibat üçün papye-maşe texnologiyasından istifadə edib. Qarşımıza böyük müşahidə çarxı və funikulyor imitasiyası ilə bəzədilmiş ticarət evinin düz günbəzi altında ucalan əzəmətli yolka çıxdı. Hərəkət edən qütb ayıları fiqurları, habelə kağızdan hazırlanmış fiqurlar vitrinlərdən boylanıb yoldan keçənlərə gəl-gəl deyirdi.

Maraqlıdır ki, univermağın birinci mərtəbəsində “Galerie des Galeries” mədəni məkanı yerləşir. İlboyu burada dörd pulsuz ekspozisiya təşkil edilir. Həmin ekspozisiyalarda həm yerli, həm də əcnəbi rəssamların əsərləri nümayiş etdirilir. Biz almaniyalı avanqardçı rəssam Hans-Peter Fermanın orijinal əsərlərindən ibarət sərgiyə tamaşa etdik. İçliyinə dəftərxana düymələri düzülmüş qadın tuflilərini xüsusilə bəyəndik: bu, sanki gözəlliyin həqiqətən də qurban tələb etdiyinə bir işarə idi.

Alış-verişə gəldikdə isə “Galeries Lafayette”də ən məşhur dəbli geyim markaları, sağlamlıq və gözəllik üçün mallar, aksesuarlar, süfrə ləvazimatı və dünyada ən böyük ətriyyat şöbəsi təmsil olunub.

Ətriyyat səltənətində və Bred Pitlə gəzinti

Dünya modasının və gözəllik sənayesinin mərkəzi olan Parisdə geyim və ətriyyatı hər yerdən - butiklərdən, autletlərdən və firma mağazalarından almaq olar. Burada elə brendlər təqdim edilib ki, onlara dünyanın heç yerində rast gəlməzsən. Çeşid-çeşid əlçatan və nadir ətriyyat heyrətləndirir. Parisdə olub ətriyyat muzeyinə getməmək ən azı təəccüblü olardı. Şəhərin düz göbəyində, Opera binasının böyründə bir-birinin yaxınlığında üç belə muzey var. Bu muzeylər dövlətin deyil, özəldir. Fransız oymaçı rəssamı Jan Onore Fraqonarın şərəfinə “Fragonard” adlandırılmış bir ətriyyat şirkətinə məxsusdur. 2016-cı ildə 90 illiyini qeyd edən bu ətriyyat evi Azərbaycanda az tanınır. Ancaq selektiv ətriyyat brendinin siyasəti budur: bu brend demək olar ki, reklam edilmir, onun məhsullarını yalnız Fransada almaq mümkündür.

Sevindirici haldır ki, “Fragonard” muzeylərinə giriş və bələdçi ilə ekskursiya pulsuzdur. Muzeyin ekspozisiyası ətriyyatın yaranması tarixinə və bütövlükdə onun lap qədimlərdən zəmanəmizə keçdiyi inkişaf yoluna həsr edilib. Burada ətrin hazırlanması sirlərinə yiyələnmək, qeyri-adi flakonlara baxıb zövq almaq, efir yağları hasil edən köhnə distillə aparatlarına tamaşa etmək, bu nadir peşəni təmsil edən, yüzlərlə ətir hazırlayan və onları bir-birindən seçə bilən “burun” deyilən adamlar haqqında məlumat əldə edə bilərsiniz. Əgər bu da kifayət deyilsə, “Fragonard” ətriyyatının hazırlanması üzrə ustad dərsə yazılmaq olar. Burada sizə öz ətrinizi hazırlamaq üçün inqrediyentləri düzgün qarışdırmağı öyrədəcəklər. Əldə etdiyiniz məhsulu özünüz üçün saxlaya bilərsiniz.

Muzeydə gəzinti bu markanın məxsusi məhsulunun fabrik qiymətləri ilə təqdim olunduğu salonda başa çatır. Amma ətirlər səltənətinə ekskursiya yenicə başlanır. Məsləhətçi satıcı müasir ətriyyatın əsas tiplərini - çiçək, ağac və fujer qoxulu kişi, qadın və uniseks ətirlərin nümunələrini qonaqlara təqdim edir. Blotter deyilən zolaq şəklində test kağızına hopdurulan hər növbəti ətirdən zövq aldınız zaman məsləhətçi sizə tualet suyunun parfüm suyundan və ətirdən nə ilə fərqləndiyi barədə məlumat verir.

“Fragonad” məhsulunun qiymətləri də bizi yaxşı mənada təəccübləndirdi. Burada əsl fransız ətrini flakonun tipindən və həcmindən asılı olaraq təqribən 15 avroya və daha baha qiymətə almaq olar. Çox böyük ətir seçimi, miniatür ətir dəstləri, dəriyə və saçlara qulluq vasitələri, sabunlar, ətirli şamlar və bir çox başqa məhsullar var. Hər kəs özünə və yaxınlarına hədiyyə seçə bilər. Onu da diqqətinizə çatdırım ki, salonda aldığım kişi parfümünün ətri orijinal olduğu qədər çox dayanıqlı idi.

Əlqərəz, Parisdən fransız ətri almadan qayıtmaq qəbahətdir. Parisin əsas küçəsi olan Yelisey xiyabanında gəzişən zaman “Sephora” deyilən ətriyyat şəbəkəsinin ən böyük filialına, - burada istənilən zövqə və cibə uyğun ətirlər təqdim edilib, - yaxud dünyanın ən qədim ətriyyat evlərindən biri olan “Guerlain” firmasının ən böyük butikinə mütləq baş çəkmək istəyəcəksiniz.

Ümumiyyətlə, düz Zəfər tağından başlayıb Luksor obeliskinin və Müşahidə çarxının ucaldığı Həmrəylik meydanına qədər uzanan Yelisey xiyabanı boyu mağaza, salon, kafe və restoranlar düzülüb. Yelisey xiyabanı Monten avenyu və V Jorj ilə birlikdə “Qızıl üçbucaq” deyilən üçbucaq əmələ gətirir ki, həmin məkanda da paytaxtın ən mötəbər butikləri yerləşir. Noyabr ayından yanvar ayına qədər çıraqbana dönən Yelisey xiyabanında Milad yarmarkaları keçirilir. Kiçik taxta köşklərdə bayram bəzəmələri, aksesuarlar, şirniyyat, hədiyyələr, sənətkarlıq məmulatı satılır. Burada buz meydançası qonaqların ixtiyarına verilir, küçə musiqiçilərinin konsertləri, tamaşalar təşkil edilir, uşaq əyləncə proqramları təqdim olunur.

Yelisey xiyabanında daha kimə rast gəlməzsən! Buradakı kinoteatrlarda tez-tez dünya şöhrətli aktyorların iştirakı ilə filmlərin premyeraları keçirilir. Buna şəxsən əmin olduq. Bayram ovqatlı avenyuda gəzişərkən “Lido” kabaresinin ətrafına toplaşan insanlara rast gəldik. Məlum oldu ki, baş rolları Bred Pitin və Marion Kotiyyarın paylaşdıqları “Müttəfiqlər” adlı yeni filmin premyera nümayişidir. Qırmızı xalça üzərindən yerli “selebritlər” keçib gedirdilər. Amma hamı əsas ulduzu gözləyirdi. Həqiqətən də bir neçə dəqiqə sonra Bred Pit göründü. Aktyor uzun müddət kamera qarşısında poza verdi, avtoqraf payladı, müsahibə verdi və pərəstişkarları ilə birlikdə şəkil çəkdirdi. Bax buna əsl təsadüf deyərəm. Belə təsadüflər də yalnız Parisdə ola bilər.












23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.