İspaniyanın Madrid şəhərində keçirilən FİTUR beynəlxalq turizm sərgisi çərçivəsində Ermənistanın ölkəmizə qarşı növbəti təxribatına da layiqli cavab verilib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunur: "Məlum olduğu kimi, 2017-ci ilin 18-22 yanvar tarixində İspaniyanın Madrid şəhərində FİTUR beynəlxalq turizm sərgisi keçirildi. Sərgi çərçivəsində Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyini və bu təcavüzün hələ də davam etdiyini sübut edərək yenidən təxribata əl atıb. Belə ki, Ermənistana aid olan təqdimat stendində Qarabağa aid olan şəkillər və materiallar yerləşdirib. Bununla bağlı həmin günlərdə BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) və İspaniya hökumətinin təşkilatçılığı ilə keçirilən BMT-nin “İnkişaf üçün Davalı Turizm Beynəlxalq ili”nin açılış mərasimində iştirak etmək üçün Madrid şəhərində səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti, həmçinin Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən bir sıra vacib addımlar atılıb.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm FİTUR rəhbərliyinə, həm də Ümumdünya Turizm Təşkilatına hadisə baş verən gün müvafiq etiraz məktubları göndərilib və həmin məktublarda həm BMT tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədlərə, eləcə də 2015-ci ildə BMT ÜTT İcraiyyə Şurasının 100-cü iclasında “Münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinə dair” qərarına bir daha istinad edilib. Ə.Qarayev məsələ ilə bağlı BMT ÜTT-nin baş katibi Taleb Rifai ilə müzakirə aparıb və Ermənistan tərəfinin bu beynəlxalq hüquqa zidd hərəkətlərinin həm təşkilatın fəaliyyətinə və həm də qəbul etdiyi qərarlarına hörmətsizliyini diqqətə çatdırıb. T.Rifai Azərbaycan tərəfinin narahatlığını böyük həssaslıqla qəbul etdiyini və məsələ ilə bağlı aiddiyyəti tərəflərlə danışıqlar aparacağını bildirib. Daha sonra ÜTT tərəfindən nazirliyə məlumat verilib ki, məsələ ilə bağlı müvafiq səviyyələrdə müzakirələr aparılıb və lazımi ölçülər götürüləcək.
Bununla bağlı Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniya Xarici İşlər Nazirliyi və FİTUR rəhbərliyi ilə görüşlər keçirərək, ölkəmizin mövqeyini qarşı tərəfə çatdıraraq Ermənistanın belə təxribatların qarşısının alınmasının zəruri olduğunu bildirib. İspaniya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin bir sıra hallarda özəl sahədə baş verənlərə dövlətin müdaxilə edə bilmədiyini qeyd edib, buna baxmayaraq sərgi təşkilatçılarını məsələnin həssaslığı barədə xəbərdarlıq edəcəklərini bildirib.
Daha sonra sərgidə Ermənistan stendi qarşısında İspaniyada yaşayan həmvətənlərimizin etiraz aksiyası təşkil edilib və işğalçı Ermənistanın təcavüzkar fəaliyyətlərinə dair lövhə və bannerlər nümayiş etdirilib, “Qarabağ Azərbaycanındır”, “İşğala son”, “Ermənistan işğalçıdır” şüarları səsləndirilib, sərgi iştırakçılarına Azərbaycan həqiqətləri və erməni təcavüzü barədə məlumat verilib".
Mədəniyyət və Turizm Nazirliyi mətbuat nümayəndələrinə məsələ ilə bağlı nümayiş etdirdikləri həssaslığa və düşmənə qarşı ideoloji-informasiya mübarizəsindəki həmrəyliyə görə bir daha təşəkkür edir və hamını əmin etmək istəyir ki, Ermənistan tərəfinin belə beynəlxalq tədbirlərdə həyata keçirdikləri təxribatlar nəinki onların xeyrinə nəticələnir, əksinə, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əldə edilmiş beynəlxalq nüfuz sayəsində belə təxribatların qarşısı layiqli şəkildə alınır və bu təxribatların təşkil olunduğu məkanlar düşmənin təcavüzkar siyasətini və işğalçı fəaliyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından bizim üçün əlavə beynəlxalq platformaya çevrilir:
"Ümid edirik ki, Ermənistan tərəfi üçüncü bir ölkənin ərazisinin, eləcə də beynəlxalq qurumların nüfuzunun öz işğalçı təxribatlarına cəlb etmək niyyətinin nə dərəcədə absurd və qeyri-konstruktiv olduğunu Azərbaycan tərəfinin cavab addımları fonunda başa düşüb".
"Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
"Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir".