Naxçıvanın səhiyyə və mədəniyyət müəssisələri ilə tanışlıq tur-aksiya iştirakçılarının marağına səbəb olub

Naxçıvanın səhiyyə və mədəniyyət müəssisələri ilə tanışlıq tur-aksiya iştirakçılarının marağına səbəb olub
26 2017 21:31

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları Naxçıvan şəhərinin səhiyyə, mədəniyyət müəssisələri, qədim tarixi ilə yaxından tanış olublar.

AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları martın 26-da Duzdağ Fizioterapiya Mərkəzinə gəliblər. Burada şagirdlərə məlumat verilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təchiz edilib. Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.

Sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn tur-aksiya iştirakçılarına muxtar respublika ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır. Naxçıvanın 5 min illik şəhər mədəniyyəti şagirdlərdə böyük maraq doğurub. Kompleksin yanında yerləşən Nuh peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.

Şagirdlər Novruz bayramı ilə əlaqədar Naxçıvanqalada keçirilən şənlikdə də iştirak ediblər, milli geyimdə olan həmyaşıdlarının ifasında xalq rəqslərini maraqla izləyiblər.

Naxçıvan Dövlət Tarix Muzeyi məktəblilərdə dərin təəssürat yaradıb. Diqqətə çatdırılıb ki, ekspozisiyalar, əsasən, qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. On şöbədən ibarət olan muzeydə müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri sərgilənir.

Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Meydanı və Muzeyi də şagirdlərin böyük maraq doğurub. Qeyd edilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncama əsasən yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 57 metr, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yerləşir. Səkkizguşəli ulduz formasında olan muzey binası eyni quruluşa malik sütunlarla əhatələnib.

Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş etdirilir. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa edilmiş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında sərgilənir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".