Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
12 Dek 2016 14:24

Dekabrın 12-də Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib. Minlərlə insan Naxçıvan şəhərinin Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsini ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz məhəbbətlərini bildiriblər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin hər iki dövrü xalqa xidmət nümunəsidir. O, Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb. Ümummilli Lider Azərbaycanı istər Sovet imperiyasının məngənəsindən, istərsə də müstəqilliyin ilk illərindəki xaos və anarxiyadan çıxararaq yeni inkişaf mərhələsinə yüksəldib. Məhz bu səbəbdən Ulu Öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanıb. Həyatını xalqına və ölkəsinə həsr etdiyini bəyan edən dahi rəhbər deyirdi: “Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda şəhid olacağam”.

Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən – ümummilli lider Heydər Əliyevin ölkəmizdə birinci dəfə hakimiyyətə gəlişi ilə qoyulub. 1969-1982-ci illərdə Ulu Öndər Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorudu, iqtisadiyyatı dirçəltdi. Ölkəmizdə böyük istehsal müəssisələri, zavodlar, fabriklər tikildi, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başladı, dərin köklərə və qədim mədəniyyətə malik olan xalqın tarixi yaddaşı bərpa edildi və bütün bunların məntiqi nəticəsi olaraq gələcək müstəqilliyin əsasları yaradıldı.

Alman filosofu Hegel yazırdı ki, “sürətlə iflasa yaxınlaşan xalqların taleyi yalnız dahilər tərəfindən xilas oluna bilər”. Vətənin ağır bəlalardan xilasını özünün tarixi missiyası kimi qəbul edən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasıdır. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır.

Ulu Öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışıb, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunub. Bir sözlə, dahi rəhbərin o çətin dövrdə Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqil dövlətçiliyimizin bünövrəsini qoyub.

Şəxsiyyətlərin ucalığını təsdiqləyən əsas amillərdən biri də onların xalqı və dövləti naminə zamanın hökmünə qarşı qərar qəbul etmələridir. Ulu Öndər ölkəmizə rəhbərliyinin birinci dövründə xalqın milli varlığını bərpa etməklə, gələcək müstəqillik üçün iqtisadi əsaslar yaratmaqla, 1990-cı ildə imperiyanın mərkəzində kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etməklə və Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla bütün varlığı ilə doğma Azərbaycana və xalqına bağlı olduğunu bir daha təsdiqləyib.

Böyük şəxsiyyətlər heç bir zamana və məkana sığmırlar. Tarix böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan xalqının şanlı tarixidir. Çünki dahi rəhbər Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı. Xalqın ulu öndər Heydər Əliyevə olan böyük inamı və təkidli tələbi ilə 1993-cü il iyunun 15-də dahi rəhbər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tarixə düşdü. Ulu Öndərin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş dövrüdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Dahi Heydər Əliyev ona görə Ümummilli Liderdir ki, xalqının ağır günündə onun səsini eşitdi, Azərbaycanın xilası naminə, xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycanın yeni tarixinin yaradıcısı kimi Heydər Əliyevin adını xalqımızın xilaskarı simvoluna çevirdi. Xalq - Heydər Əliyev, Heydər Əliyev - xalq birliyinin sarsılmazlığı dövlətimizin müstəqilliyinə əbədi təminat verdi. Hələ sağlığında möhtərəm Heydər Əliyevin xalqın Ümummilli Lideri adını qazanmasının kökündə də məhz bu amil - xalqın öz liderinə dərin inamı və məhəbbəti, liderin isə mənsub olduğu xalqın yolunda hər cür fədakarlığa hazır olması və xalqa olan sonsuz məhəbbəti dayanırdı. Ümummilli Liderimizin bu fədakarlığı sayəsində 1993-cü ildə Azərbaycanın əldən getməkdə olan dövlət müstəqilliyi qorunub saxlandı”.

Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan, sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik və ən əsası Ulu Öndərin siyasi xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən ölkə Prezidenti İlham Əliyev kimi qüdrətli lideri olan müstəqil Azərbaycanda yaşayır. Bu gün ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşdurur, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir.

Bu gün Naxçıvan Muxtar Respublikası da əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Bu tərəqqiyə Ümummilli Liderimizin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi və Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunub. Son illər muxtar respublikada quruculuq işləri geniş vüsət alıb, dinamik iqtisadi inkişaf əldə olunub, infrastruktur yenilənib, sosial proqramlar qəbul edilərək icra olunub, enerji və ərzaq təhlükəsizliyi təmin olunub, etibarlı müdafiə sistemi yaradılıb.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.

Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də Ümummilli Liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.


26 Apr 2024
Siyasət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”

“Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir”.