Milyonların qəlbini fəth edən sənətkar

Milyonların qəlbini fəth edən sənətkar
14 Dek 2016 10:56

Dekabrın 14-ü ölməz korifeyimiz Rəşid Behbudovun doğum günüdür. O, 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birinin solisti olub.

Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin” mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film 60 ildən çoxdur ki, müvəffəqiyyətlə nümayiş etdirilir.

R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.

İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz, məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.

Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyildir.

Xalqını sonsuz bir məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilmiş, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyici qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.

1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.


17 Fev 2020
Mədəniyyət

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

12 Fev 2020
Mədəniyyət

Jurnalistlər bir-birilərini canlı yayımda “atəşə” tutdular - VİDEO

Jurnalistlər bir-birilərini canlı yayımda “atəşə” tutdular - VİDEO

30 Yan 2020
Mədəniyyət

UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb - VİDEO

Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə UNESKO-nun baş qərargahında Fondun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgisinin açılışı olub.