Martın 30-da Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov iclas iştirakçılarına gündəlikdəki məsələlər barədə məlumat verib. Qeyd edilib ki, “Dərman vasitələri haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlara edilən dəyişikliklər müzakirəyə təqdim olunub.
Əhliman Əmiraslanov bildirib ki, “Dərman vasitələri haqqında” Qanuna vaxtaşırı dəyişikliklər edilir və bu ictimai sifarişlə bağlı bir məsələdir. Prezidentin göstərişi ilə dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, qiymətinin tənzimlənməsi sahəsində mühüm işlər görülüb. Nəzərdə tutulan dəyişiklik “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
“Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklərin mahiyyəti barədə danışan parlament Aparatının sosial qanunvericilik şöbəsinin müdir müavini Mehdi Qurbanov diqqətə çatdırıb ki, Qanunun dərman vasitələrinin sertifikatlaşdırılması ilə bağlı 7.1-ci maddəsində olan “müvafiq icra hakimiyyəti orqanı” ifadəsi yeni variantda təqdim edilir. Dəyişikliyə görə, Azərbaycan Respublikasında istehsal olunan və ölkəyə idxal edilən dərman vasitələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sertifikatlaşdırılır. Eyni zamanda, qanuna 7.1-1-ci maddə əlavə olunur. Əlavədə bildirilir ki, burada nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Qanuna edilən digər dəyişiklikdə “dərman vasitələrinin keyfiyyət sertifikatı” anlayışında “keyfiyyət” sözünün çıxarılması nəzərdə tutulub.
Sonra komitə sədri digər iki qanuna təklif olunan dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanuna edilən dəyişikliyə əsasən, burada göstərilən siyahının “İnsan orqanı və toxumaları” adlı 12-ci bəndinə “gözün buynuz qişası istisna olmaqla” sözləri əlavə edilir. Müvafiq olaraq, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna yeni – “gözün buynuz qişası” maddəsi əlavə olunur.
Diqqətə çatdırılıb ki, bu dəyişikliklərdən sonra gözün buynuz qişasının Azərbaycana gətirilməsi ilə bağlı yaranan çətinliklər aradan qaldırılacaq. Əhliman Əmiraslanov ölkəmizdə gözün buynuz qişası bankının yaradılmasının vacibliyi barədə danışıb.
İclasda çıxış edən deputatlar təklif edilən dəyişikliklərin zəruri olduğunu söyləyiblər. Burada əks olunan məsələlərin insanların sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini dedilər. Eyni zamanda, ölkədə transplantologiya sahəsinin inkişafında müsbət rol oynayacağını qeyd ediblər.
Tədbirdə iştirak edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov və Dövlət Gömrük Komitəsinin şöbə müdiri Sənan Muxtarov müzakirə olunan məsələlər barədə öz fikirlərini bildiriblər.
Müzakirələrdən sonra hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.