Milli Məclisdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçirilir

Milli Məclisdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçirilir
15 2017 16:31

Martın 15-də Milli Məclisdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclası komitənin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova açıb.

Sonra çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurasının bir çox üzvünün ərazisində münaqişələrin olduğunu bildirib. Qeyd edib ki, Türkiyə və Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkün var. Bu sıraya İtaliyadan, Yunanıstandan olan qaçqınları da əlavə etsək, vəziyyətin çox mürəkkəb olduğunu görə bilərik. “Krımın işğalından sonra Rusiya sanksiyalarla üzləşib. AŞPA-nın son iclasından sonra Türkiyə də nəzarətə götürüləcək. Biz bunu ədalətli saymırıq. Bu məsələlərdə AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin fəaliyyəti önəmlidir. Miqrantların, köçkünlərin inteqrasiyası Avropa üçün bir şansdır. Burada öz əksini tapıb. 2005-ci ildən Azərbaycan Avropa Şurasına tam üzv olduğu andan bu günə qədər insan hüquqları, xüsusən qadın, uşaq, ailələrin hüquqları kimi önəmli mövzuları həmkarlarımızla müzakirə etmiş, mövqelərimizi paylaşmışıq. Burada işğal təbii ki, beynəlxalq hüququn ciddi bir məsələsinə çevrilib və milyonlarla miqrantların yaranmasına səbəb olur. Bakıda keçirilən iclasdan sonra bu problemlərin həlli yollarının tapılacağına inanırıq”, - deyə S.Seyidov vurğulayıb.

İclasda çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, AŞPA-nın komitə iclasının Bakıda keçirilməsi, hökumətlə müzakirələrin aparılması əlaqələrin gələcək inkişafından xəbər verir. Azərbaycan artıq 17 ildir ki, AŞPA-nın tamhüquqlu üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir.

Komitə iclasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalının, insanların doğma yurdlarından didərgin salınmasının təhsil sisteminə də mənfi təsir etdiyini bildirib. Diqqətə çatdırılıb ki, işğal nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağıdılıb.

Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin diqqət mərkəzində saxlanıldığını deyən M.Cabbarov bildirib ki, ali təhsil müəssisələrində təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsindən ödənilir. Son 12 ildə ölkədəki məktəblərin 70 faizi təmir olunub və yenisi tikilib.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında deyib ki, qaçqın və məcburi köçkün problemlərinin həlli ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını, ikili standartlara son qoyulmasını, birgə humanitar səyləri vacib edir. Bu problemlər transmilli cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə yol açır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün mövcuddur. Bu problemin miqyası geniş olsa da, Azərbaycan hökuməti həmin insanların sosial vəziyyətinin yaxşılaşdırılması, təhsili və digər sahələrdə ciddi nəticələr əldə edib. Azərbaycan həm ölkə daxilində, həm də xaricdə qaçqın və köçkünlərə öz yardımını əsirgəmir. Hökumətimiz bu sahədə müvafiq qanunvericilik sistemi yaradıb, mənzil təminatı yaxşılaşıb, yoxsulluq azalıb. Ancaq qaçqın və məcburi köçkünlərin problemlərinin tam həlli yalnız torpaqlar azad ediləndən sonra mümkündür. Azərbaycan hökuməti bununla bağlı Böyük Qayıdış Proqramı hazırlayıb. Keçən il işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlanılıb. Ermənistanın məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir. Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir. Azərbaycan işğal olunmuş ərazilərini tezliklə azad edəcək, qaçqın və məcburi köçkünlərin problemləri həllini tapacaq. Beynəlxalq birlik bu məsələdə Azərbaycana dəstək verməlidir.

Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qaçqın və məcburi köçkünlərin, o cümlədən, bu ailələrdən olan uşaqların, qadınların problemlərinin həllinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilk müşavirəsini məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həllinə həsr edib. Bu, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin prioritet məsələlər sırasında yer aldığını bir daha təsdiqləyir.

“Azərbaycanda qadınların sahibkarlıq sahəsində bacarıqlarının inkişafına yönəlmiş layihələr həyata keçirilib, qadın sahibkarlara dəstək verilib. Ölkəmizdə təsdiqlənən “Strateji yol xəritələri”ndə qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsi xüsusi diqqət mərkəzindədir. Regionlarda qadın sahibkarların fəaliyyətinin genişlənməsi də qarşıya qoyulan əsas məqsədlərdən biridir. Azərbaycanda qadın sahibkarlara diqqət sayəsində onların cəmiyyətdə rolu artıb. Bu, həm də gender bərabərliyinin təmin olunmasında mühüm rol oynayır”, - deyə H.Hüseynova qeyd edib.

Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev çıxışında bildirib ki, Azərbaycanda yaradılan müvafiq sistem sayəsində miqrantların hansı tarixdə ölkəyə daxil olduğu, harada yaşadığı, işlədiyi, yaxud ölkəni nə vaxt tərk etdiyi barədə məlumat bazası yaradılıb. Təkcə keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyini diqqətə çatdıran P.Musayev deyib: “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun müəyyənləşdirilməsi üçün Miqrasiya Məcəlləsi qəbul edilib və 2013-cü il avqustun 1-dən qüvvəyə minib. Həmin Miqrasiya Məcəlləsi bu gün bir sıra xarici dövlətlər tərəfindən model kimi öyrənilir. Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edən şəxslər müraciətə baxıldığı müddətdə üçüncü ölkəyə verilmir, məcburən ölkədən çıxarılmır. Son illər üçüncü ölkədən olan iki qaçqına Azərbaycan vətəndaşlığı verilib. Azərbaycanda miqrantlara qarşı bu günə qədər ayrı-seçkilik, ksenofobiya halları qeydə alınmayıb”.

Sonra iclasda AŞPA nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

İclas martın 16-da da davam etdiriləcək, məruzəçilərin hesabatları dinləniləcək.


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.