Yanvarın 23-dən 28-dək Mali Respublikasının paytaxtı Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) konfransının 12-ci sessiyası keçirilib. Konfrans çərçivəsində İƏTPİ daimi ixtisaslaşmış komitələrinin iclasları olub. Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İƏT Parlament İttifaqı konfransının on ikinci sessiyasında və daimi komitələrinin iclaslarında iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva AZƏRTAC-a müsahibəsində sessiyada müzakirə olunan məsələlər, ölkəmizlə bağlı qəbul edilən qətnamələr barədə məlumat verib.
G.Baxşəliyeva bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 23-də İƏTPİ İcraiyyə Komitəsinin 37-ci iclasında iştirak edib. İclasda komitənin yeni tərkibi müəyyənləşdirilib. Azərbaycan İcraiyyə Komitəsinə üzv seçilib.
Təşkilatın siyasi məsələlər və xarici əlaqələr daimi komitəsinin yanvarın 24-də keçirilmiş iclasında Milli Məclisin nümayəndə heyətinin təşəbbüsü ilə təklif edilmiş üç qətnamə layihəsi – Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair, 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasına dair, İƏTPİ ilə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu arasında əməkdaşlığa dair qətnamə layihələri müzakirə edilib. Hər üç qətnamə layihəsi üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, komitə iclasında qəbul olunub və İƏTPİ Konfransının 12-ci sessiyasında təsdiqlənib.
Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayəti insanlığa qarşı cinayət və soyqırımı kimi bir daha tanıyıb və üzv parlamentləri Xocalı soyqırımını tanımağa çağırıb. Habelə Parlament İttifaqı “Xocalıya ədalət!” kampaniyasını dəstəklədiyini bir daha təsdiqləyib.
G.Baxşəliyeva yanvarın 25-də müsəlman qadın parlamentarilərin altıncı iclasında da iştirak edib. Ertəsi gün Azərbaycan nümayəndə heyəti İƏTPİ Ümumi Komitəsinin sessiyasına qatılıb.
Yanvarın 26-da yekun kommunikenin hazırlanması üçün açıq iclas keçirilib və sənədin mətni müzakirələrdən sonra qəbul edilib. Milli Məclisin nümayəndə heyəti yekun kommunikeyə Azərbaycan haqqında maddənin salınmasına nail olub.
Azərbaycan Afrika qrupu, Asiya qrupu və ərəb ölkələri qrupunun iclaslarında da təmsil olunub. Belə ki, bu iclaslarda həm İcraiyyə Komitəsinə üzvlər seçilib və Azərbaycan da buraya daxil olub, həm də komitələrə ölkələr üzrə seçkilər keçirilib və Azərbaycan burada göstərilən bütün komitələrdə təmsil olunub.
G.Baxşəliyeva konfransın yanvarın 28-də keçirilən yekun sessiyasında məruzə ilə çıxış edib. O, Azərbaycan Respublikası Prezidentinin salamlarını tədbir iştirakçılarına çatdıraraq vurğulayıb ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bunun İƏT üçün də böyük əhəmiyyəti var. Çünki bu təşkilatın əsas fəaliyyəti İslam həmrəyliyi üzərində qurulub. Azərbaycanlı deputat bu qərarın müsəlman aləminin problemlərinin, münaqişələrin həllində, İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
İştirakçıların diqqətinə çatdırılıb ki, bu ilin mayında Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu tədbir də müsəlman aləminin birləşməsində və həmrəyliyində böyük rol oynayacaq.
Milli Məclisin nümayəndə heyətinin rəhbəri Xocalı faciəsi haqqında məlumat verib, insanlığa qarşı yönəlmiş bu cinayətin səbəblərindən və acı nəticələrindən danışıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədilib, 613 dinc sakin qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, mindən çox insan əlil olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarını məlumatlandıran G.Baxşəliyeva Ermənistanın Azərbaycana hərbi təcavüz etdiyini, ölkəmizin ərazisinin 20 faizindən artıq hissəsinin işğal olunduğunu bildirib. Diqqətə çatdırıb ki, bu təcavüz nəticəsində bir milyondan çox insan ev-eşiyindən didərgin düşüb, 20 min azərbaycanlı həlak olub, 150 min nəfər yaralanıb və ya müxtəlif dərəcəli xəsarət alıb, 4 mindən çox insan itkin düşüb. O, Ermənistan tərəfindən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun işğal olunduğunu, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparıldığını, həmçinin İslam abidələrinin, müqəddəs yerlərin və məscidlərin, mədəni irs nümunələrinin yerlə-yeksan edildiyini vurğulayıb. Bildirib ki, bu, təkcə Azərbaycana qarşı yox, həm də bütün müsəlman aləminə qarşı cinayətdir. G.Baxşəliyeva bəşəriyyəti və bütün müsəlmanları bu cinayətlərə biganə qalmamağa çağırıb.
Vurğulanıb ki, Azərbaycan, həmçinin 1990-cı illərin əvvəllərində erməni terror təşkilatları tərəfindən törədilən 30-dan çox terror aktına məruz qalıb, 2 minədək insan bu cinayətlərin qurbanı olub.
G.Baxşəliyeva çıxışını bu sözlərlə yekunlaşdırıb: “Müsəlman xalqları öz hüquqlarının və haqq işinin müdafiəsi, dünya birliyində özlərinə layiqli yer tutmaları, baş verən fəlakətlərin bitməsi üçün İƏT ətrafında daha sıx birləşməlidirlər. Əminəm ki, bu, bizim gücümüzü və qətiyyətimizi daha da artıracaq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in yeni təyin olunmuş Baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub.
Energetika naziri Pərviz Şahbazov dekabrın 9-da Nazirlikdə vətəndaşları qəbul edib.
Dekabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.