Ekspert: Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir

Ekspert: Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir
04 2017 08:50

Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir: onlarda şişlər ayrı-ayrı orqanlarda olur. Belə ki, ağciyər, mədə-bağırsaq traktı, süd vəzisi, sidik kisəsi, prostat vəzi və qadın cinsiyyət orqanlarının xərçənginə uşaqlarda çox nadir halda rast gəlinir. Bundan başqa, uşaqlarda xərçəng şişlərinə, demək olar ki, təsadüf olunmur. Lakin uşaqlarda şişin mezenximal – sarkoma, embriom və qarışıq forması üstünlük təşkil edir. Bununla yanaşı, uşaqlarda şişlərin tamam başqa morfoloji strukturu var. Birinci yerdə qanyaradıcı orqanların, sonra baş və boyun, daha sonra retroperitoneal sahənin şişləri, nəhayət, sümük və dəri şişləri gəlir. Daha çox rast gəlinən leykoz və leykemiyadır. Başlıca fərq isə uşaq müalicə praktikasının yüksək effektivliyidir. Doğrudur, bu da özündə şüalanmanı, kimyəvi terapiyanı və cərrahi müdaxiləni əhatə edir. Qeyd etmək lazımdır ki, böyüklərdən fərqli olaraq, uşaqda xərçəngə vaxtında diaqnoz qoymaq çətindir, lakin aşkar etmək asandır.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri, yüksəkixtisaslı onkoloq-cərrah, tibb elmləri doktoru Reyman İsmayılzadə məlumat verib.

Uşaqlarda onkoloji xəstəliklərin yaranma səbəbləri barədə məsələyə toxunan R.İsmayılzadə təəssüflə qeyd edib ki, xərçəngin dəqiq ilkin əlamətləri yoxdur. O deyib: “Onkoloji xəstəliklər daha çox digər xəstəlik, məsələn, respirator infeksiyaları altında gizlənir. Xəstəliyin yaranması əsasən əzginliyin, zəifliyin, əsəbiliyin artması, iştahasızlıq, arıqlamaq, fəallığın azalması ilə müşayiət olunur. Bu cür vəziyyətin yaranmasına çoxlu səbəb ola bilər, xüsusən ona görə ki, uşaqlarda bir çox şişlər gizli lokalizasiyaya malikdir. İstənilən halda ya həkim çağırmaq, ya da konsultasiyaya müraciət etmək lazımdır. Onkoloji ehtiyatlılığın olmaması da mənfi rol oynayır. Məsələn, valideynlər uşaqlarda başağrısına və ya yorğunluğa fikir verməyə də bilər.

Praktika göstərir ki, anlaşılmaz vəziyyətlərdə dərhal ən pis diaqnoz barədə fikirləşmək daha düzgündür. Günəş şüaları altında uzun müddət qalmaq onkoloji xəstəlik törədə bilər. Radiasiya fonu uşağın bərkiməmiş orqanizminə mənfi təsir göstərir. Siqaret tüstüsü də bu qəbildəndir. Buna görə də valideynlərə uşaqların yanında siqaret çəkməmək tövsiyə edilir.

Uşaq orqanizmi üçün düzgün qidalanma çox vacibdir. Məsələn, qida rasionunda meyvə-tərəvəz az olarsa, hisə verilmiş, qızardılmış və ya tərkibində zərərli maddələr olan yeməklər üstünlük təşkil edirsə, uşaqlarda onkologiya ehtimalı artır. Uşaqların müalicəsində onların valideynlərinin rolunu da qeyd etmək istəyirəm. Uşaqların xəstəliyi haqqında xəbər valideynlərə çox pis təsir edir. Bilmirlər ki, bundan sonra nə etsinlər, necə yaşasınlar, lakin uşaq onkologiyası bölməsinə gəldikdən sonra görürlər ki, kimisə burada müalicə edirlər, kiminsə vəziyyəti yaxşılaşıb. Bu, onlara ümid və müalicə üçün güc verir”.

Reyman İsmayılzadə çalışdığı tibb müəssisənin yaradılması və fəaliyyət haqqında da məlumat verib. “2012-ci ilin mart ayında uşaq onkologiyasında respublika miqyasında sıçrayış oldu - Milli Onkologiya Mərkəzində Uşaq Onkoloji Klinikası fəaliyyətə başladı. Bu, səhiyyənin ən yaralı problemlərinin həllinə yönələn çox mühüm addımdır. Klinika müasir təbabətin qlobal problemlərindən birinin həllində – uşaqlarda onkoloji xəstəliklərin ağırlaşmasına qarşı mübarizədə mühüm funksiyanı yerinə yetirir. Uşaq Onkoloji Klinikasının yaradılmasında Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin böyük xidməti var. Hazırda Uşaq Onkoloji Klinikası bütün regionda bu qəbildən olan yeganə tibb müəssisəsidir. Burada kompleks müalicənin bütün növləri yüksək səviyyədə icra edilir, o cümlədən kimya və şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Klinika ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək tikilib. Uşaqların özlərini rahat hiss etmələri üçün klinikanın dəhlizlərinin divarları müxtəlif nağıl və cizgi filmlərinin qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bu isə klinikadakı ümumi mühiti ev şəraitinə yaxınlaşdırır, qeyri-xəstəxana ab-havası yaradır. Xəstələrin yanına gələnlər uşaqlarla istirahət otaqlarında da görüşə bilərlər. Klinikada çoxlu stasionar palatalar var. Uşaq şöbəsində balacaların zövqünə və yaşına uyğun qurulan hər palatada ayrıca vanna otağı, televizor var, habelə müalicə almaq üçün lazımi şərait yaradılıb. Palatalarda valideynlərin övladlarının yanında qalması da nəzərə alınıb. Bundan başqa, klinikada dünyada mövcud olan perspektiv proqramlar və müalicə metodları tətbiq edilir. Hazırda klinikada 50-dək uşaq müalicə alır. Onların sırasında intellektləri və istedadları ilə seçilən uşaqlar çoxdur.

Uşaq Onkoloji Klinikasında çalışan mütəxəssislər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Avstriya, ABŞ, Almaniya və Türkiyənin qabaqcıl tibb müəssisələrində təhsil alıblar. Klinikada müasir standartlara uyğun 18 protokol üzrə terapiya aparılır və yaranmış fəsadlar peşəkarlıqla aradan qaldırılır. Başlıca məqsəd beynəlxalq təcrübəni, yeni texnologiyanı, habelə fərdi yanaşmanı tətbiq etməklə xəstələri sağaltmaqdır.

Klinika dövlət büdcəsi hesabına ən müasir tibbi avadanlıqla təchiz edilib, habelə gündəlik lazım olan bütün dərman növləri ilə təmin olunub. Uşaq Onkoloji Klinikası yaradılandan sonra azərbaycanlı uşaqların müalicə almaq üçün xaricə getməsinə ehtiyac qalmayıb”, - deyə R.İsmayılzadə bildirib.

1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş Reyman İsmayılzadə həkimlik fəaliyyətinə Belarusda başlayıb. Orada N.Aleksandrov adına Elmi-Praktiki Onkologiya və Tibbi Radiologiya Mərkəzinin onkomamalogiya bölməsinin və onkoginekologiya qrupunun baş elmi işçisi olub. 1991-ci ildə Moskvada (Uşaq Onkologiya İnstitutu), 1992-ci ildə Almaniyada (Lübek şəhər Universitet Klinikası), 1994-1995-ci illərdə İngiltərədə (Birminqhemdə Kral VII Edvard adına Uşaq Xəstəxanası) uşaq onkologiyası üzrə staj keçib. Ümumdünya Uşaq Onkoloqları Assosiasiyasının, Avropa Hipertermik Onkologiya Assosiasiyasının üzvüdür, 160-dan çox elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.