CAVANŞİR İSMAYILOV MUSİQİ MƏDƏNİYYƏTİMİZİ RÖVNƏQLƏNDİRƏN USTA + VİDEO

CAVANŞİR İSMAYILOV MUSİQİ MƏDƏNİYYƏTİMİZİ RÖVNƏQLƏNDİRƏN USTA + VİDEO
10 2017 23:46

Konservatoriya Elmi jurnalı No 3 (33) - Bakı 2016

   Hələ ta qədimlərdən xalqın içindən çıxan, bağrından qopan istedadlı insanlarımız öz daxili təlabarlarını ödəmək üçün çalğı alətləri hazırlayıblar. Musiqi mədəniyyətimizin inkişafında yalnız ifaçıların deyil, onların geniş fəaliyyəti üçün şərait yaradan, musiqi alətləri düzəldən ustaların da xüsusi xidmətləri olub. Bu gün ölkəmizdə milli musiqi alətlərimizi hazırlamağa könül verən, ömür sərf edən xeyli sayda ustalarımız var. Onlardan biri haqqında söz açmağa qərar verdik. O, istedadı, fəhmi, görüb-götürmək qabiliyyəti, incə zövqü və bacarıqlı əlləri sayəsində xeyli işlər görmüşdür. Usta-ifaçı Cavanşir İsmayılov hərtərəfli istedadlı insanlarımızdandır. Onunla tanışlığımız Milli Konservatoriyanın milli musiqi alətlərimizin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyasında tanış olduq. İş masası arxasında həvəslə musiqi alətini yonub hazırlamaqla məşğul idi.

  Salyan rayonunun Xocalı kəndində yaşayan aqronom Nəzər İsmayılovun və  evdar qadın Anaxanım İsmayılovanın evində 1957-ci il yanvarın 1-i yalnız yeni ilin gəlişi kimi bayram deyildi, həm də onların zəhmət dolu ailəsinə Allah-təala yeni bir oğul bəxş etmişdi. Adını Cavanşir qoydular. Bu ailədə dörd oğul, bir qız uşağı boya başa çatıb. Cavanşir də bütün kənd uşaqlarının həyatını yaşayıb və zəhmətlə böyüyüb. O, 1964-cü ildə Xocalıdakı ibtidai məktəbin 1-ci sinfinə gedib, sonra Ərəbqardaşbəyli kəndindəki 8 illik məktəbdə təhsil alıb və 1973-cü ildə Qaraqaşlı kənd orta məktəbini bitirib. Sənədlərini Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə versədə qəbul oluna bilməyib. 1975-1979-cu illərdə Azərbaycan Bədən Tərbiyyəsi və İdman İnstitutunda təhsil alıb.

   Atası Cavanşir İsmayılovun istedad və həvəsini nəzərə alaraq ona tar almış və Salyan şəhərindəki uşaq musiqi məktəbinə qoymuşdur. (Hazırki Qulu Əsgərov adına incəsənət məktəbi - Ə.R). Cavanşir 1968-1973-cü illərdə tar sinfində Alim Bünyadovdan sənətin incəliklərini öyrənib. 1973-cü ildə uşaq musiqi məktəblərinin şagirdləri arasında keçirilən baxış-müsabiqədə "Çahargah" muğamının və Adil Gərayın  "Qaytağı"sını ifa edərək münsiflərin və heyətin sədri, xalq artisti, ustad tarzən, pedaqoq Əhməd Bakıxanovun diqqətini cəlb edir. Müsabiqənin yekun konserti Dövlət Filarmoniyasında keçirilib və ifası dəyərləndirilən Cavanşir İsmayılova tərifnamə təqdim olunub.

   Cavanşir təhsil aldığı musiqi məktəbinin və Salyan şəhər mədəniyyət evinin özfəaliyyət xalq çalğı alətləri ansambllarında ifa edib. O, institutda təhsil alarkən musiqidən ayrı düşməyib, buranın özfəaliyyət ansamblında tar ifa edib, ali təhsil ocağının tədbirlərində, müəllim-tələbə heyətinin qarşısında, Bakının və  bir sıra rayonların mədəniyyət ocaqlarında verilən konsertlərdə çıxış edib. Cavanşir institutda həm əlaçı tələbə, həm də bədii-kütləvi tədbirlərin, ictimai işlərin fəalı kimi tanınıb. Doğma rayona qayıdaraq Aşağı Kürkənd məktəbində 5 il bədən tərbiyyəsi müəllimi işləyib. Sonra iş yerini dəyişərək Ərəbqardaşbəyli kəndindəki məktəbdə 4 il idman dərslərini aparıb. Daha sonra Salyan şəhər 4 saylı orta ümumtəhsil məktəbində ixtisası üzrə çalışıb. 1994-cü ildən tədris işindən uzaqlaşıb. Onu da qeyd etməliyik ki, Cavanşir rayonda pedaqoji sahədə çalışarkən öz maddi durumunu yaxşılaşdırmaq üçün musiqi sənəti ilə ciddi məşğul olaraq 1993-cü ilə qədər el şənliklərinin musiqi qruplarında elektron-gitara ifaçısı olmuşdur. Onun gitarasının səsi yalnız yaşadığı rayondan deyil, həm bütün rayon, şəhərlərimizdən və həmdə ölkəmizin kənarlarındanda gəlirdi.

   Cavanşir tar hazırlayan usta olmasının qəribə tarixçəsidə vardır. Onun dediklərindən: "Musiqi məktəbinin şagirdi olarkən, ilk dəfə tar düzəltmişəm. 15 yaşım vardı. Tut və qoz ağaclarından yonub özümə tar hazırladım. Mənə alınmış, işlətdiyim tara baxıb, onun ölçüləri əsasında düzəltdim və çalışdım ki, ona oxşasın. Ağacları özümüzün və qonşunun həyətindən idi. Ağacları yonandan sonra bir müddət gözlədim ki, qurusun. Bakıya gəlib tar hazırlanan, təmir olunan emalatxanalara gedib, ustalarla söhbət aparıb bəzi məsləhətlər də almışdım. Simləridə oradan alıb gətirmişdim. Deyim ki, belə işləri yerinə yetirmək üçün alətlərim yox idi. Kənddə yaşayan 15 yaşlı uşaq bunları hardan əldə edə bilərdi?  Qardaşım Ramiz xarrat idi. Ağacları yonanda onun alətlərindən gizlincə istifadə etmişdim. Hətta bir dəfə ehtiyatsızlıq edib ayağımı balta ilə zədələmişdim. Evdəkilərə bildirmədim. Atam maaşa baxan adam idi. Mənimlə musiqi məktəbinin tar sinifində oxuyan şagirdlərin valideynlərinin maddi imkanı bizə nisbətən yaxşı idi. Odur ki, onlara alınan tarlar mənimkindən qat-qat yaxşı idi"

  Cavanşir düzəltdiyi tarı musiqi məktəbinə gətirir və müəllimə göstərir. Alim Bünyadov tarı çalıb yoxlayır və çox bəyənir, müəllim yoldaşlarına göstərib fikirlərini soruşur. Heç kəs bu tarın ustası Cavanşirin olduğuna inanmır. Nəhayət ki, inanırlar. Cavanşir həmin tarın yaxşı rəyini alır, musiqi məktəbinin yuxarı siniflərində və hələ sonralar institut illərində də, öz əlinin ilk məhsulu olan həmin tardan istifadə edir. O, həmin zaman bilmirdi ki, vaxt gələcək könlünü tar ustalığına verəcək. Artıq bu tale işidir. Həm də belə işlərdə milli təfəkkürümüzə bağlılıq məsələsi xüsusi rol oynayır. Yazımızın qəhrəmanında da təfəkkür tərzi çox güclüdür.

  C.İsmayılov ikinci tarını tələblik illərində, bütünlüklə qoz ağacından hazırlayır. Materialı onun üçün böyük qardaşı İsmayıl müəllimin Balakəndəki tələbə yoldaşı gətirir. Ağac kötük şəklində gətirilir. Odur ki, ağacı verdiyi ölçülər əsasında qardaşı Ramizə yondurur. Tam hazır olandan sonra Neftçaladakı qobudan yığılan balıqqulaqlarını yonub, hazırlayıb, onu sədəflə incə şəkildə bəzəyir. Nəticə çox uğurlu olur və əsl peşəkar bir tar yaranır. Bu iş onun tələbə vaxtı yay tətili zamanı baş verir. İnstitut ansamblında bu tarı həvəslə səsləndirir.

   Tar aləti hazırlamaq yalnız həvəs deyildi. Onu bu işə içindən gələn səs çəkirdi. Bu səs ulu keçmişimizdən gələn bir səs olaraq ruhuna hopmuşdur ki, oyanmalı, onu tərpətməli və bu layiqli işə sövq etməli idi elədi də...

   Cavanşirin dediklərindən: "Rayona müəllim kimi qayıdandan sonra Salyan şəhərində musiqi alətləri təmiri üçün sex açdım. 4 il burada çalışdım və xeyli işlər gördüm. Salyanda bu işə xüsusi ehtiyac var idi. İstər peşəkar, istərsə də şagird tarlarını düzəldir, həm də təmir edirdim. Şagird tarlarını o zaman uşaq musiqi məktəbinin direktoru Paşa müəllim sifariş verirdi. Müxtəlif adamların sifarişi əsasında 30-dan yuxarı sənətkar tarı düzəltdim Tarları qoz və tut ağaclarından hazırlayırdım. İşimdən hər zaman razı qalırdılar."

   Daha sonralar Cavanşir Bakıya gəlir, zərgərlik zavodunda 1 ay şagird olaraq zərgər peşəsinə yiyələnir. Onun istedadlı, görüb-götürmək bacarığ, müşahidə qabiliyyəti burada da onun köməyinə gəlir. Yeganə çətinliyi zərgərlik alətlərinin olmaması idi. Qeyd etmək lazımdır ki, zərgərlik alətləri baha olduğu üçün hamısını birdən əldə etmək çətindi. Odur ki,  ona tapşırılan hər işi yerinə yetirib təhvil verəndən sonra əldə etdiyi qazancla, hər dəfə özünə bir alət alır.  Nəhayət yaxşı usta kimi tanınır. Dost-tanışların da xeyli sifarişlərini yerinə yetirir.

  Musiqi alətləri hazırlayan, bərpa edən ustaların hər biri mühüm və ağır bir işi çiyinlərində daşıyırlar. Cavanşir də bu işin məsuliyyətini və ağırlığını dərk edərək yenidən öz çiyinlərinə götürdü. O, Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun dəvətini qəbul edərək burada fəaliyyətə başladı. Laboratoriyada hər bir iş elmi əsaslarla yerinə yetirilir. Laboratoriyadakı ustalar usta-alim M.Məmmədovun elmi fikirləri əsasında çalışır, çalğı alətlərimizi hazırlayır, təmir, bərpa və təkmilləşmə işlərini aparırlar. Ustaların, bu  sırada C.İsmayılovun hazırladığı musiqi alətlərinin nümunələri elmi laboratoriyada sərgilənir. Bu alətlər sırasında xüsusi, dəqiq ölçülərə əsaslanan uşaq və şagird tarları da var. Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Azərbaycan Milli Konservatoriyasının Musiqi Mədəniyyəti Dövlət Muzeyində, 19 may 2016-cı ildə təşkil etdiyi "Milli musiqi alətlərinin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması" mövzusunda            elmi-praktiki seminarda təşkil olunmuş sərgidə də ustaların və o cümlədən C.İsmayılovun da işləri nümayiş olundu. Bu tədbir olduqca maraqlı və musiqi aləmində mühüm hadisə idi.

  Bizdə uzun bir dövr ərzində çalğı alətlərimizin hazırlanması ənənələri yaranmışdır. Lakin ənənələrin özünə də yaradıcı münasibət lazımdır. Bu olduqda, daha böyük və uğurlu nəticələrə nail olmaq mümkündür. Artıq belə nəticələr Milli Konservatoriyanın musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyasında əldə olunur. Bu nailiyyətlərdə laboratoriyada çalışan ustaların sırasında Cavanşir İsmayılovun da rolu vardır.

    Usta Cavanşiri xoşbəxt insanlar sırasında görmək mümkündür. O, sevimli, ata-ana qədri bilən övlad olmuş, müəllim, ifaçı, zərgər və tar ustası kimi cəmiyyətə xidmət etmişdir. Hazırda istedadı, bacarıqlı əlləri, dəyərli zəhməti və yaratdıqları ilə Azərbaycan mühitinə lazımdır. Böyük rus yazıçısı Lev Tolstoy yazmışdır: "Xoşbəxt o kəsdir ki, o, ailədə xoşbəxdit". Cavanşir xoşbəxt ailə quraraq cəmiyyətimiz üçün layiqli övladlar böyütmüşdür. Qızı Lalə İsmayılova həkimdir, Mərkəzi Neftçilər xəstəxanasında cərrah-transplantoloq işləyir. Oğlu Nəzər İsmayılov dövlət qulluqçusudur, Mərkəzi Seçki Komissiyasında sektor müdiri vəzifəsində çalışır, kompüter proqramçısıdır.

  

Məqalə müəllifi:


Əhsən RƏHMAN

ADMİU-nun müəllimi,

Ünvan: Bakı, İnşaatçılar prospekti 39

AMK-nın dissertantı

Email: ahsanrahmanli@mail.ru



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.