Bu məlumatları təqdim etməyən satıcıdan mal almaqdan çəkinin!

Bu məlumatları təqdim etməyən satıcıdan mal almaqdan çəkinin!
15 Dek 2016 14:58

İstehlakçılara ticarət xidməti göstərilməsinin əsas mülki-hüquqi forması pərakəndə alqı-satqı müqaviləsidir. Pərakəndə alqı-satqı müqaviləsinin hüquqi məqsədi mal üzərində mülkiyyət hüququnu satıcıdan alıcıya keçirməsidir. Bu müqavilə nəticəsində satıcı mala olan mülkiyyət hüququnu itirir, alıcı isə həmin mal üzərində mülkiyyət hüququ qazanır. Alıcının əldə etdiyi mal üzərində mülkiyyət hüququnun yaranması vaxtı onun malın əvəzini ödədiyi anla şərtlənir.

 

Mülki qanunvericilik pərakəndə alqı-satqı müqaviləsinin bir sıra formalarını nəzərdə tutur və hər bir formanın mülki-hüquqi tənzimlənməsi müəyyən xüsusiyyətlərə malikdir.

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti son dövrlər dinamik olaraq artmaqda olan elektron ticarət haqqında məlumatları istehlakçıların diqqətinə çatdırır.

 

Elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Elektron ticarətin iştirakçıları bu fəaliyyətin həyata keçirilməsi zamanı satıcı, alıcı və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər olur.

 

Elektron ticarətdə satıcı ilə alıcı arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi, o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış təklif edənin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər.

 

Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir.

 

Müqavilə satıcının qarşı tərəfin təklifi qəbul etməsinin təsdiqi anından bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi təklifin qəbulu hesab olunmur.

 

Azərbaycanda elektron ticarət vasitəsilə əhali əsasən restoranlardan yemək, ərzaq, parfümeriya məhsulları, kiçik elektron cihazlar, turizm şirkətlərindən bilet sifariş edirlər. Lakin son illər elektron ticarət getdikcə vüsət alır və bu sahədə müqavilə öhdəliklərinə əməl edilməsi aktuallaşır.

 

Ödənişlərin heç yerə getmədən edilməsi və sifarışin qapınıza çatdırılması rahatlığı, əməliyyatların şəffaflığı, dünyanın istənilən yerindən məhsul və xidmətlərə çıxış imkanları bu növ ticarətin üstünlüklərindəndir. Elektron qaydada xidmət və ya məhsul almaq istəyən hər hansı istehlakçı satıcının veb-saytından almaq istədiyi məhsul və ya xidməti seçir, öz kredit kartı barədə məlumatları daxil edir və ödəniş məbləği satıcının bank hesabına köçürülür. Əgər ödəniş hüquqi cəhətdən tanınan sistemlər vasitəsilə həyata keçirilirsə qanunidir. Ödəniş etdikdən sonra qəbz çap etmək mümkündür. Aldığınız qəbz tamamilə qanunidir və satıcılarla yaranan mübahisələr zamanı ödənişin edildiyinin sübutu kimi istifadə oluna bilər. Lakin bir sıra hallarda ödəniş nağd qaydada həyata keçirilir ki, bu da ciddi problemlərin yaranmasına səbəb olur.

 

Məlum olduğu kimi, bu ticarət forması xüsusi qanunla - "Elektron ticarət haqqında" Qanun ilə tənzimlənir. Bu Qanun Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir. Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu Qanun bütün digər sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur. Elektron ticarət zamanı yuxarıda qeyd olunan qanunla yanaşı, istehlakçıların hüquqlarını qoruyan digər qanunvericilik aktları da tətbiq olunur.

 

Elektron ticarətin hüquqi tənzimlənməsi iştirakçıların hüquq bərabərliyi, iradə sərbəstliyi, əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti, hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi prinsiplərinə əsaslanır. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə lisenziya almalıdır.

 

Elektron ticarət həyata keçirən satıcı özü barədə aşağıdakı zəruri məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmalıdır:

 

- hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı;

 

- əlaqə məlumatları (telefon, faks, internet və elektron poçt ünvanları);

 

- satıcının ticarət reyestrində və ya digər reyestrdə qeydiyyatı olduğu halda, reyestrin adı, qeydiyyat nömrəsi və ya digər identikləşdirmə məlumatı;

 

- sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) tətbiq olunan halda xüsusi razılıq (lisenziya) və onu vermiş dövlət orqanı barədə məlumat;

 

- vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

 

- malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat.

 

Satıcının (təchizatçının) alıcılara (sifarişçilərə) təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır. Bəzi hallarda bu məlumatlar demək olar ki olmur və nəzarət edilməsi mümkün deyil. Belə ki, “az” domeni ilə qeydiyyatdan keçən saytlar barədə məlumatları əldə etmək olsa da, digər domenlərdə qeydiyyatdan keçənləri tapmaq olmur və bu da istehlakçıların hüquqlarının müdafiəsində çətinliklər yaradır. Ona görə də hər bir istehlakçı bu kimi məsələlərdə diqqətli olmalıdır.

 

Elektron ticarətin təşviq edilməsi məqsədilə satıcı kommersiya bildirişindən istifadə edə bilər. Kommersiya bildirişinin kommersiya xarakterli olması aydın bildirilməli, onu göndərənin adı və ünvanı dəqiq göstərilməlidir. Satışı stimullaşdırmaq məqsədilə qanunvericiliklə icazə verilmiş güzəştlər, mükafatlar və hədiyyələr kimi təkliflər aydın göstərilməli, onların əldə edilmə şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalıdır.

 

Qeyd olunan məlumatları təqdim etməyən satıcı və təchizatçılardan mal və xidmətlər sifariş etmək risklidir.

 

Elektron ticarət zamanı alıcı (sifarişçi) sifariş verməzdən əvvəl satıcı (təchizatçı) tərəfindən aşağıdakı məlumatla təmin olunmalıdır:

 

- təchizatçının adı, ünvanı;

-malların (xidmətlərin, işlərin) xüsusiyyətləri barədə əsas məlumatlar;

- vergilər nəzərə alınmaqla malların (xidmətlərin, işlərin) qiymətləri;

- çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri;

- ödəniş və sifarişin icra olunma şərtləri;

- imtina hüququndan istifadə imkanı;

- müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət;

- ehtiyac olarsa, malların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin minimal müddəti;

- müqavilənin bağlanma üsulu və mərhələləri;

- satıcı (təchizatçı) tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı;

- sifarişin verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların düzəldilməsi üçün mövcud olan texniki imkanlar.

 

Bu məlumatları təqdim etməyən satıcıdan (təchizatçıdan) mal almaqdan çəkinin.

 

Sifariş verilərkən satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) sifarişi aldığını dərhal bildirməlidir. Alıcı (sifarişçi) sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda sifariş qəbul olunmuş sayılır.

 

Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər.

 

Tərəflər arasında digər razılaşma olmadıqda, alıcı (sifarişçi) aşağıdakı müqavilələrin icrasından imtina edə bilməz:

 

- nəzərdə tutulmuş 7 günlük müddət ərzində alıcının (sifarişçinin) razılığı ilə müqavilənin icrasına başlanıldıqda;

- alıcının (sifarişçinin) xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə müqavilələrdə;

- audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər malların qablaşdırma materialı alıcı (sifarişçi) tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda;

- qəzet, jurnal və digər dövri mətbuat təchiz edildikdə.

 

Tərəflər arasında digər razılaşma olmadıqda, sifariş alıcı tərəfindən göndərilən gündən başlayaraq ən geci 30 gün ərzində satıcı tərəfindən yerinə yetirilməlidir. Satıcı sifariş verilmiş malları onların olmaması səbəbindən təmin edə bilmədikdə alıcıya bu barədə məlumat verməlidir və onun ödədiyi məbləği 7 gün ərzində geri qaytarmalıdır. Malların və xidmətlərin çatdırılması xərc tələb edərsə, alıcının sifarişi olmadan onların təmin edilməsi qadağandır. Satıcı öz təşəbbüsü ilə ödəniş əsasında malların və xidmətlərin çatdırılmasını həyata keçirərsə, alıcının belə təklifə cavab verməməsi razılıq sayılmamalıdır.

 

Elektron ticarət haqqında qanunvericiliyin pozulmasında təqsirli olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.