Brüssel üç gün ərzində

Brüssel üç gün ərzində
10 2017 12:40

Belçikanın paytaxtı Brüsselin turistləri cəlb edən özəllikləri çoxdur: orta əsrlər dövrünə aid gözəl arxitektura, bütün dünyada məşhur olan görməli yerlər, ləziz mətbəx, maraqlı alış-veriş və cürbəcür əyləncələr. Çatışmayan yeganə özəlliyi isə budur ki, bütün bunları baxıb-görməyə vaxt çatmır.

Amma öz təcrübəmizdə əmin olduq ki, hətta üç gün ərzində də Brüsseldə maraqlı çox yer görmək olar.

Qrand Plas, çiçəklərdən toxunmuş xalça və Manneken Pis

Brüssel təkcə şəhər deyildir, o, həm də ayrıca regiondur. Burada Belçikanın digər iki regionunun – əhalinin Niderland dilində danışdığı Flandriyanın və fransız dilində danışdığı Valloniyanın mədəni ənənələri qaynayıb-qarışıb. Brüssel həm də Avropanın siyasi mərkəzidir. Avropa İttifaqının qərargahı, NATO-nun ofisi və Benilüks ölkələrinin katibliyi burada yerləşir. Paytaxt-regionda təqribən 2 milyon əhali yaşayır. Bundan əlavə, Brüsseldə Aİ ofislərində işləyən çoxlu əcnəbilər, mühacirlər və əlbəttə, turistlər var.

Qədim şəhərlərin çoxunda olduğu kimi, Brüsselin görməli yerləri də onun tarixi mərkəzində cəmləşib. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Qrand Plas (Grande Plase) meydanı, Belçikanın hüdudlarından çox-çox uzaqlarda tanınan “Manneken Pis” abidəsi də məhz burada yerləşir.

Heç şübhəsiz, turistlər ilk növbədə Avropanın ən gözəl meydanlarından biri və bəlkə də ən gözəli olan Qran Plasa yollanırlar! Meydan əsas etibarilə XIII-XVII əsrlərə aid olan ictimai və şəxsi binaların bütöv kompleksindən ibarətdir. Bu binaların arxitekturası o dövrün mühüm siyasi və ticarət mərkəzi kimi, Brüsselin sosial və mədəni həyat səviyyəsinin parlaq illüstrasiyasıdır.

Bir neçə ən mühüm görməli yer məhz bu meydanda yerləşir. XIII əsrdə inşa edilmiş və “Çörək evi” adlandırılan binadan adından da göründüyü kimi, taxıl anbarı kimi istifadə olunurmuş. Qotika üslubunda olan bu bina sonralar “Kral evi” adlandırılmağa başlanıb, hərçənd heç bir kral orada yaşamayıb. Bina həmişə taxıl anbarı olmayıb, ondan tribunal, habelə həbsxana kimi də istifadə olunub. Hazırda “Kral evi”ndə Kommunal Muzey yerləşir.

Meydanın ən gözəl tikililərindən biri XV əsr qotik arxitekturasının şah əsəri sayılan şəhər ratuşasının (meriyasının) əzəmətli binasıdır. Onu təpəsində heykəl olan 90 metrlik gözətçi qülləsi tamamlayır. Meydan XVII əsrin barokko üslubunda dəbdəbəli gildiya evləri ilə dövrələnib. Vaxtilə tacirləri və müxtəlif məhsul istehsalçılarını birləşdirən müəyyən gildiyaya məxsus olan bu binalardan hər birinin öz adı var.

Paytaxtın əsas meydanı və burada yerləşən binalar axşam düşəndə gözəl işıqlandırılır. İki ildən bir meydanın siması qeyri-adi şəkildə dəyişir. Avqustun ortalarında bura təzə çiçəklərdən nəhəng xalça döşənir. Milyonlarla rəngbərəng beqoniya gülündən sahəsi 1800 kvadratmetr olan mənzərə yaradılır, dünyanın hər yerindən gəlib, bu gözəlliyə tamaşa etmək istəyən minlərlə turisti cəlb edir.

Məşhur “Manneken Pis” fəvvarəsi Qrand Plasın yaxınlığında, ratuşa binasının arxasındakı yolayrıcındadır. Bu fəvvarə o qədər kiçik və nəzərəçarpmazdır ki, heykəlin önünə turistlər toplaşmasaydı, adi bir yer kimi yanından ötüb keçəcəkdik. 400 ildən çox əvvəl binaların birinin tinində qoyulan cəmi 61 santimetr hündürlüyündə tunc oğlan heykəli artıq çoxdan Brüsselin rəmzlərindən birinə çevrilib. Vaxtaşırı ona müxtəlif kostyumlar geyindirirlər. Məsələn, Elvis Preslinin ad günündə onu “rok-n-roll kralı” obrazında təqdim edirlər, futbol matçları zamanı milli komandanın formasını geyindirirlər. “Oğlanın” qarderobunda olan 800-dən çox libas Kommunal Muzeydə saxlanılır.

Kulinariya sirləri – kartof fri, vafli və şokolad

Şəhərdə gəzinti sırf estetik zövq verməklə bərabər, Belçikanın kulinariya ənənələri ilə tanış olmaq üçün gözəl fürsətdir. Bu ənənələr arasında kartof fri, vafli və şokolad xüsusi yer tutur və Brüsseldə hər addımbaşı satılır.

Kartof fri və ya “friet” Belçikanın fəxridir, axı kartofu belə qızartmaq üsulu məhz burada icad edilib. Hərçənd qonşu fransızlar bu fakta indiyə qədər etiraz edirlər. Elə götürək yenicə sabitləşmiş “french fries” terminini. Baməzə adamlar onu “fransız qızartması” kimi tərcümə edirlər. “Fries”i müstəqil yemək kimi mayonezlə, yaxud zövqə uyğun seçilmiş sousla yeyirlər. Qızardılmış kartof hər yerdə - kafedə, restoranda və kiçik köşklərdə (Belçikada onların sayı dörd mindən çoxdur) satılır. Kartof qızardanlar arasında da favoritlər var. Yujin Flaji (Place Eugene Flagey) və Yurdan (Plase Jourdan) meydanlarındakı köşklər ən yaxşı kartof fri köşkləri sayılır. Həmin köşklərin qabağında səhərdən axşama qədər növbələr düzülür. Biz Yurdan meydanındakı “Maison Antoine” köşkündə kartof frinin dadına baxdıq. Bu ailəvi müəssisə 1948-ci ildən fəaliyyət göstərir. Yaxşıca qızardılmış, qabığı xırçıldayan kartof həqiqətən çox dadlıdır, üstəlik, porsiyası da böyükdür. Köşkdə sümükdən təmizlənərək fritür aparatında qızardılmış balıq əti də satılır.

Digər məşhur yerli kulinariya ixtirası Belçika vaflisidir. Belçika vaflisi iki cür olur: Brüssel və Lyej. Brüssel vafliləri böyük və kvadratşəkilli olur. Amma Brüssel vaflisi adlandırılmasına baxmayaraq, onun vətəni Belçikanın Gent şəhəridir. Vaflini ilk dəfə 1839-cu ildə qənnadıçı Maks Konsal hazırlayıb. Daha qalın və daha şirin olan, üzərinə şəkər dənəcikləri səpilmiş Lyej vaflisi isə ovalşəkillidir.

Brüsselin hər yerində isti Belçika vaflisi satılır. Şəhərin qədim hissəsində vafli satılan məntəqələrin sayı isə daha çoxdur. Biz bu vaflilərin dadına heyran qaldıq. Qaymaqlı vaflilər xüsusilə dadlıdır. Çiyələkli, bananlı, karamelli və zövqə görə başqa əlavələr qatılmış vafliləri də seçmək olar. Mütləq dadına baxın – ləzzətinə söz ola bilməz!

Nəhayət, növbə Belçikanın əsas delikatesinə - şokolada çatdı. Burada şokolad əsl xalq sərvəti və tükənməz qürur mənbəyidir. Təsadüfi deyil ki, Brüssel və Brüggedə şokolad muzeyi fəaliyyət göstərir. Belçikaya gəlib, bu ləzzətli “qara qızıldan” dadmamaq və bir neçə qutu özünlə aparmamaq sadəcə mümkün deyil. Belçikada ildə 400 min ton şokolad istehsal edilir və ölkə ərazisində yerləşən iki mindən çox qənnadı mağazasında və şokolad butiklərində satılır. Yerli şokolad ustalarının çoxu hələ də öz konfetlərini əl ilə hazırlayır. Belə şokoladın bir kiloqramının qiyməti 24-90 avro civarında olur.

Hər bir şəhərin özünün şokolad brendləri, çeşidbəçeşid şokoladlı konfetlərin satıldığı butik və mağazaları var. Şokoladlı konfetlərin və kakaodan hazırlanan digər şirniyyatın istehsalı yalnız ən keyfiyyətli inqrediyentlərdən istifadə edən 20-dən çox qənnadı fabrikinin nailiyyətidir. Belçikanın bəzi şokolad evlərinin, məsələn, “Leonidas”, yaxud “Neuhaus”un yüz ildən çox tarixi var. Belçikalı şokolad ustalarının özəlliyi budur ki, onlar qədim reseptləri unutmadan, müxtəlif ədviyyatdan və digər ağlasığmaz inqrediyentlərdən istifadə etməklə, həmişə inanılmaz dada malik yeni şokoladlı konfetlər hazırlamağa çalışırlar. Buna görə də dünya şokolad sənayesində daim liderlik edirlər.

“Laurent Gerbaud” butikində ustad dərsi

Biz “Laurent Gerbaud” butikində ustad dərsində Belçika şokoladının hazırlanmasının özəllikləri ilə yaxından tanış olduq. Ustad dərsləri burada hər şənbə günü təşkil edilən pullu treninqdir və iştirak etmək üçün qabaqcadan yazılmaq lazımdır.

Təlimatçının sözlərinə görə, Belçika şokoladından əsl kakao ətri gəlməlidir, çünki onun hazırlanmasında bitki yağlarından istifadə olunmur. “Laurent Gerbaud” şirkətinin şokolad ustaları ona şəkər (yalnız bəzi sortlarına azacıq) və süd əlavə etmirlər. Hərçənd başqa şokolad evləri, hətta onların ən adlı-sanlıları şirin və südlü şokoladı sevən istehlakçıların istəklərinə uyub şəkər və süddən istifadə edirlər.

Beləliklə, keyfiyyətli şokolad kütləsi üyüdülmüş kakao paxlası və kakao yağının qatışığından alınır. Şokolad ustaları müxtəlif kakao sortlarını birləşdirməklə, kakao kütləsi ilə kakao yağı arasındakı nisbəti dəyişməklə, şokoladın müxtəlif dad çalarlarına nail olurlar. Şokoladın tərkibində üyüdülmüş kakaonun miqdarı nə qədər çoxdursa, ətri də bir o qədər tünd olur. Kakao yağına üyüdülmüş kakao əlavə edilməyəndə isə ağ şokolad alınır. Maye şokolada qoz-fındıq, meyvə və ədviyyat əlavə edərək, geniş çeşiddə şokoladlı konfet hazırlamaq olar. Yeri gəlmişkən, praline deyilən yumşaq içlikli şokoladlı konfetlər də belçikalıların icadıdır.

Ustad dərsində iştirak edənlər təkcə şokoladın özəllikləri barədə nəzəriyyəni öyrənmirlər, onlar şokoladlı konfetlərin hazırlanması prosesində də iştirak edirlər. Əvvəlcə şokolad formasını götürüb içərisində maye şokolad olan avtomata yaxınlaşırsınız. Formaya lazım olan qədər şokolad doldurduqdan sonra növbəti mərhələ başlanır. Masada içərisində qoz-fındıq, quru meyvə və ədviyyat olan onlarca qab düzülmüş olur. Hələ yumşaq olan şokolada müxtəlif çərəz və ədviyyat əlavə etməklə, özünəməxsus unikal dadı olan konfet hazırlaya bilərsiniz. Məsələn, şəkərli zəncəfili qurudulmuş zirinclə qarışdıranda kəskin turşməzə dad əldə edirsiniz, duzlu badam ilə şəkərlənmiş meyvə dad reseptorlarınıza yeni hisslər bəxş edir. Sonra şokolad formaları 20-30 dəqiqəliyə soyuducuya qoyulur. Bərkidikdən sonra yalnız formanı döyəcləyib şokoladı çıxarmaq və paket şəklində qablaşdırmaq qalır. Qablaşdırılmış şokolad artıq sizindir. Şokolad soyuducuda olan müddətdə iştirakçılara “Laurent Gerbaud”un təcrübəli ustalarının hazırladıqları müxtəlif sort şokoladlı konfetlərin dadına baxmaq təklif edilir.

 

Son söz yerinə

 

Brüsselə səyahətimiz yenicə başlayır. Reportajımızın növbəti hissəsində Brüsselin ən başlıca görməli yerlərindən birindən – əcaib Atomiumdan, habelə onun yaxınlığında Avropanın ən məşhur tikililərinin maketlərinin toplandığı “Mini-Avropa” parkından

söhbət açacağıq. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş unikal yaşayış evi və belçikalıların komiks pərəstişkarları olması barədə məlumat da sizə maraqlı gələcək.



13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.