Borclar silindi

Borclar silindi
13 2017 15:51

Azərbaycan Prezidnti İlham Əliyev “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Qanunda deyilir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə qərara alır:

Maddə 1. Vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi

Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Maddə 2. Vergi ödəyicilərinə vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının tənzimlənməsi

2.1. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

2.2. Bu Qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:

2.2.1. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;

2.2.2. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar–fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;

2.2.3. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Maddə 3. Yekun müddəa 

Bu Qanunun müddəaları vergi ödəyicilərinin bu Qanunun 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Maddə 4. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

XXX

 

İlham Əliyev “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi barədə” də Fərman imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 2.1-ci, 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.


28 Sent 2020
İqtisadiyyat

Sentyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 28 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

28 Sent 2020
İqtisadiyyat

Neftin qiyməti düşdü

“Brent” markalı neftin bir bareli 42,11 dollara düşüb.

25 Sent 2020
İqtisadiyyat

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

25 Sent 2020
İqtisadiyyat

Sentyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 25 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.