Bişkekdən Bakıya təyyarə uçmur. Heyf... V Bakı Beynəlxalq Humanitar Forumu haqqında qeydlər

Bişkekdən Bakıya təyyarə uçmur. Heyf... V Bakı Beynəlxalq Humanitar Forumu haqqında qeydlər
15 Dek 2016 09:15

Qırğızıstanın əsas dövlət nəşri – rus dilində çıxan “Slovo Kırqızstana” qəzetinin baş redaktor müavini Kifayət Əsgərova bu ilin sentyabrında V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olub. O, “Slovo Kırqızstana” qəzetinin bir neçə nömrəsində Azərbaycana səfəri və Forum haqqında təəssüratlarını bölüşüb. AZƏRTAC həmin yazılardan birini təqdim edir.

Çoxlu başqa uçuş variantları var: Almatı, Astana, Moskva, İstanbul üzərindən. Amma hər birinin öz qüsuru var. Almatı aeroportuna avtobusla bir neçə saat getmək lazımdır; Astanada reyslər hər gün olmur; geri qayıdanda Moskvada reysi dəyişmək üçün beş saat gözləməli olursan - axı tranzit elə tranzitdir. Bütün variantların ümumi çatışmayan cəhəti var – xəritəyə baxsaq görərik ki, yolun yarısını iki dəfə qət etməli olursan. Buna görə də aeroportda gözləməni nəzərə almasaq, uçuş ümumən yeddi saat çəkir, halbuki bizi Xəzərin qərb sahilində yerləşən, dənizi yarımdairəvi formada qucaqlayan Bakıdan çox olsa, iki saat yarım vaxt ayırır...

Amma mənim gənclik illərimdə buradan təyyarələr uçurdu. Biz Qazaxıstanın cənubundakı kəndlərdən birində yaşayırdıq. Yalnız “kukuruzniklər”in uçduğu rayon mərkəzindəki kiçik aeroportdan atamla birlikdə bilet alır, sonra reys avtobusunda Frunzeyə gəlir və hazırda “Ak-Keme” otelinin əzəmətli binası arxasında görünməz olan köhnə, lakin xudmani hava limanından Bakıya uçurduq.

Son illər Bişkek ilə Bakı arasında birbaşa reysləri bərpa etməyə iki dəfə cəhd göstərilib. Bunun üçün əvvəlcə hökumətlər səviyyəsində danışıqlar aparılıb, amma sonralar bu reyslər ləğv edilib. Sərnişin az olduğu üçün rentabelli işləyə bilməyib. Sərnişin isə Qazaxıstanın cənubunda (o cümlədən Kurday, Merken və anadan olduğum Çu rayonlarında) yaşayan əhalinin Bakıya Almatıdan uçmağa başlaması səbəbindən az olub. Hələ də bu rayonlarda 1930-cu illərin repressiyalarının gətirdiyi azərbaycanlıların çoxlu nəsilləri yaşayır. “Manas” aeroportu xeyli yaxındır, amma adamlar Qazaxıstanla Qırğızıstan sərhədindəki gömrük maneələri səbəbindən Almatıya üstünlük verirlər.

Bax, süni maneələr insanları bir-birindən belə ayırır. Bütün bunları nə üçün danışıram? Sentyabrın son iki günündə iştirak etməli olduğum V Bakı Beynəlxalq Forumu ilə gömrük arasında nə kimi əlaqə var? Birbaşa əlaqə var: əvvələn, “Şeremetyevo” aeroportundan uçmalı olduq, ikincisi, Azərbaycanın paytaxtında keçirilən ənənəvi Forumun özü dinindən, mənşəyindən, siyasi baxışlarından və gəlirindən asılı olmayaraq bütün bəşəriyyəti yaxınlaşdırmaq mövzusuna həsr edilmişdi. Vaxtilə Yer kürəsini kosmosdan seyr edən Yuri Qaqarini planetimizin nə dərəcədə kiçik və kövrək olması heyrətləndirmişdi. Bəşəriyyətin problemi bundadır ki, insanların sayı həddindən çox artıb, artıq milyardlarla ölçülür və on milyarda yaxınlaşır. Yaşamağa münasib başqa planet isə yoxdur, varsa da, hələlik məlum deyil.

Qadir Allah Yer kürəsini harmonik yaradıb: su–quru, səma–torpaq, qış–yay, insan–təbiət... Amma hamının və özünün fövqündə durmaq istəyən insan öz cızığından çıxıb. Nəyə nail olub? Ərazilərə və ehtiyatlara sahib olmaq istərkən dövlətlər və xalqlar məhv edilir; ümidsizliyə düçar olan insan kütlələri tarixi torpaqlarını tərk edərək başqa regionlara üz tuturlar, burada nifrət və zorakılıqla qarşılaşırlar; təzyiqə davam gətirməyən təbiət də elə bir həddə yaxınlaşır ki, onu keçdikdən sonra nə qış, nə yay, nə su, nə də hava olacaq... Çox bədbin perspektivdir, deyilmi? Bakı Forumunda iştirak edən nümayəndələrdən biri fikirlərini bölüşərək deyib: “Bu gün səhər məni qəribə, amma sadə bir fikir sarsıtdı. Biz nə etsək, təbiətdə iz qoyur. Hətta insanın varlığının özü – nəfəs alıb-verməsi də təbiəti incidir”.

Bakı Forumuna dəvət edilən Nobel mükafatı laureatlarından biri, dahi fizik Robert Betts Laflin son illər bəşəriyyətə belə bir sual ünvanlayır. O, bu sualı Stenford Universitetindəki (ABŞ) tələbələrinə də verir: neft və qaz tükənsə, nə baş verəcək? Alim deyir: “Bugünkü energetika tükənən ehtiyatlardan qaynaqlanır. Bir gün bu ehtiyatlar birdəfəlik tükənəcək və bəşəriyyət bu barədə indidən düşünməlidir.

Ənənəvi elmlər bu problemin həllində cüzi rol oynaya bilər. Bu elmlər ehtiyatlardan istifadə imkanlarını genişləndirməyib. Bizə yaxşı mühəndislər lazımdır. Gərəkli ixtiralar edilməsə, biz sadəcə ölümə məhkumuq. Yeni mexanizmlər lazımdır. Eyni zamanda onlardan təbiətə ziyan vurmadan istifadə etməyi öyrənmək lazımdır. Düşünürəm ki, bu problemi yaxın gələcəkdə həll etmək olar. Amma əgər istəsək, günü bu gün həll edə bilərik”.

Robert Betts Laflin: “Davamlı inkişaf üçün nə lazımdır? Bir-birinə hörmət etmək və Yer kürəsinə ehtiramla yanaşmaq. Nəsə alınmırsa, səbirli olmaq. Bir də elə etmək lazımdır ki, ölüb gedəndə Yer kürəsi olduğu kimi qalsın...” (V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışdan).

Bakı Humanitar Forumunun əsası altı il əvvəl, 2010-cu ilin yanvarında qoyulub. Əvvəlcə Azərbaycan-Rusiya Forumu olub. Amma bir il sonra iki ölkənin prezidentlərinin – İlham Əliyevin və Dmitri Medvedevin təşəbbüsü ilə beynəlxalq foruma çevrilib. İlk vaxtlar hər il keçirilib, indi isə iki ildən bir keçirilir. Hökumət başçıları, keçmiş prezidentlər, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, UNESCO-nun, İslam Həmrəylik Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri, alimlər, tanınmış mədəniyyət xadimləri, jurnalistlər... - əlqərəz, müxtəlif peşələrin sahibləri dəvət olunur ki, ən aktual problemləri müzakirə etsinlər.

Birinci gün plenar iclaslar keçirilir, hökumətlərin nümayəndələri, sabiq prezidentlər, Nobel mükafatı laureatları onları çox narahat edən məsələləri ümumi tribunadan bölüşürlər, ertəsi gün hansı mövzu ilə maraqlanmasından asılı olaraq beş diskussiya məkanına dağılışırlar. Diskussiyaların bir dəfə müəyyən edilmiş mövzuları davam etdirilir: multikulturalizmin (hamıya yaxşı tanış olan, lakin Lenin və ümumiyyətlə kommunizmlə əlaqədar olduğuna görə hörmətdən düşən “beynəlmiləlçilik” sözü ilə eyni mənanı verən və indi dəbdə olan anlayış) müxtəlif modelləri; kütləvi miqrasiya şəraitində insan kapitalının qorunub saxlanılması; müasir jurnalistika və baş verən hadisələrə onun müsbət təsir imkanları; təbiətə ehtiramla yanaşmaq; molekulyar biologiya, biofizika, biotexnologiya, kadrların hazırlanmasının innovativ və etik problemləri; texnologiyaların bir-birinə təsiri və gələcəyin proqnozları: bizi nə kimi risklər gözləyir?

Ənənəyə görə, təntənəli açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər. Onlar birinci sırada otururlar. Buna görə də tribunadan olan bütün çıxışlar “Hörmətli cənab Prezident və hörmətli birinci xanım!” sözləri ilə başlayır. Mehriban Əliyeva postsovet dövlətləri liderlərinin xanımları arasında geniş ictimai fəaliyyəti ilə seçilir: o, əsas vəzifəsi ilə (Heydər Əliyev Fondunun prezidenti) yanaşı, Azərbaycan Mədəniyyətinin Dostları Fonduna, Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir, UNESCO-nun və ISESCO-nun (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı) xoşməramlı səfiridir. Əliyevlərin böyük qızı da geniş fəaliyyət göstərir. O, FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) xoşməramlı səfiridir, müxtəlif ölkələrin gənclərini “Bir planet – bir gələcək” devizi altında birləşdirən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünü – IDEA-nı təsis edib və ona rəhbərlik edir. İrəliyə gedərək qeyd edim ki, Leyla Əliyeva IDEA-nın Azərbaycanda bir neçə təşəbbüsündən danışdı: məsələn, 5 milyondan çox ting əkilib, beş il əvvəl respublikanın milli sərvəti və rəmzi sayılan ceyranın mühafizəsi və populyasiyasının artırılması üzrə layihəyə start verilib, ceyranların sayı artırılaraq, bir neçə yüzdən 6 minə çatdırılıb. Qafqaz bəbiri və Xəzər nərəkimilərinin mühafizəsi istiqamətində də iş gedir.

Bakı Forumunun daha bir ənənəsi Prezident Putinin təbrik məktubudur. Bundan əvvəlki forumda onu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko oxumuşdu. Bu dəfə isə Rusiya nümayəndə heyətinə başçılıq edən RF Hökuməti sədrinin müavini Olqa Qolodets oxudu.

Baş nazirin müavini Gülmirə Kudayberdiyevanın rəhbərlik etdiyi Qırğızıstan nümayəndə heyətinə Qırğızıstan Xalqları Assambleyasının sədri Tokon Mamıtov və bir neçə jurnalist daxil idi.

Foruma dünyanın 80-nə yaxın ölkəsindən 400-dən çox iştirakçı gəlmişdi. İki il bundan əvvəl keçirilmiş Forumda Rumıniya, Bolqarıstan, Latviya və Litvanın keçmiş prezidentləri, habelə Roza Otunbayeva iştirak edirdi. Bu dəfə isə Xorvatiyaya son 15 ildə rəhbərlik etmiş iki sabiq prezident vardı. Yeri gəlmişkən, onlardan biri – 2000-2010-cu illərdə prezident olmuş Stepan Mesiç ixtisasca hüquqşünas olsa da, çıxışının çox hissəsini jurnalistika məsələlərinə həsr etdi. Onun fikirləri həmkarlarım üçün də maraqlı olar. Mesiç dedi: “Prezident olduğum müddətdə görürdüm ki, satqın jurnalistlər konfessiyalar ilə mədəniyyət arasında dialoqa çox ziyan vururlar. Mən həqiqi jurnalistika barədə danışmaq istəyirəm. Sosial şəbəkələrdə reklamçıların və hətta siyasətçilərin çoxu özlərini cəmiyyətə məsul kimi sırımağa çalışır. Həqiqi jurnalistikanın məqsədi isə insanları bir-birinə yaxınlaşdırmaqdır... Qərbdə jurnalistika yalnız sözdə azaddır. Məsələn, BBC kanalı deyir ki, Hələbdə faciəli vəziyyət yaranıb, Rusiya telekanalları isə bu şəhərə humanitar yardım gətirilməsini göstərirlər. Azad jurnalistika bu halların hər ikisini işıqlandırmalı idi. Bugünkü jurnalistika isə ictimaiyyətin fikri ilə manipulyasiya etməyə çalışır. Mən jurnalistlərin azadlığının onlara qaytarılmasını tələb edirəm. Yuqoslaviya yaxın vaxtlara qədər vahid dövlət idi. Sonra qanlı müharibə başlandı və ölkə parçalandı. Bu qanlı müharibə siyasətçilərin sifarişi ilə törədildi, onun üçün zəmin hazırlayanlar isə jurnalistlər oldu...”.

Nobel mükafatı laureatları Forumda xüsusi yer tutur və onlara xüsusi ehtiram göstərilir. Budəfəki Forumda 13 Nobel mükafatı laureatı iştirak edirdi. Onların çoxu Bakıya əvvəllər də gəlib və burada dostlaşıb, məsələn, ser Robert Betts Laflin üçüncü dəfə gəlmişdi. Onlar üçün görüşlər, videokörpülər təşkil edilir. 1993-cü ildə fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatı Riçard Con Roberts və 2004-cü ildə kimya üzrə Nobel mükafatı laureatları – hər ikisi İsraildən olan Avraam Gerşko və Aaron Çexanover Forum ərəfəsində Bakıya gəliblər. Onlar İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialında tələbələrin suallarını cavablandırıb, onlar üçün çox faydalı fikirlər bildiriblər. Məsələn, belə bir fikir: gələcək alimin intellektual inkişafında biliklərlə yanaşı, məsuliyyət amili də böyük əhəmiyyət kəsb edir. Bəzən elmi kəşflər xoş təsadüf nəticəsində yaranır. Belə düşünmək olar ki, burada alimin dühasının heç bir rolu yoxdur.

Yeri gəlmişkən, Moskva Universitetinin filialı olan bu ali məktəbdə Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets də olub.

Nobel mükafatı laureatlarına xüsusi münasibət təkcə onların xidmətləri ilə deyil, həm də Nobel mükafatının tarixində Bakının oynadığı rol ilə izah edilir. Bunu bilməyənlər üçün məlumat: İsveç-rus mənşəli Nobel qardaşları Robert və Lüdviq 1870-ci ildən başlayaraq Azərbaycanda neft sənayesinin inkişafı üçün çox iş görüblər. Onlar Bakıda yaşayır və işləyirdi: neft çıxarır, neft kəmərləri çəkir, tankerlər, vaqon-sisternlər (əvvəllər neftin daşınmasında bəsit çəlləklərdən istifadə edilirdi) düzəldir, neft bazaları, limanlar və dəmir yolu xətləri inşa edirdilər. Onların ortancıl qardaşı Alfred Nobel özünün topladığı sərvətə görə bütün faizlərin beş bərabər hissəyə bölünməsini və bu məbləğin hər il bəşəriyyətə ən çox xeyir vermiş insanlara təqdim olunmasını vəsiyyət etmişdi. Alfred Nobel heç vaxt Bakıda olmayıb, lakin Bakıda neft işinin inkişafı üçün kapitalı məhz o verib, “Nobel qardaşlarının neft istehsalı ortaqlığı” və ya qısaca “BraNobel” adlanan şirkətin əsasını qoyanlardan biri olub. Bakının və onun küçələrinin tarixində Nobellərlə bağlı səhifələr az deyil. Məsələn, Nobel qardaşları öz şirkətlərində çalışan fəhlə və qulluqçuların qayğısına qalaraq, orada Villa Petrolea adlı qəsəbə və park salıblar. Bakı şəhərinin tarixini tədqiq edən mütəxəssislərdən birinin yazdığı kimi, “borularından tüstü qalxan zavodların, tünd yaşıl rəngli neft çənlərinin, gecə-gündüz buxar qalxan qurğuların arasında salınmış bu bağ nağıllardakı çəmənzarı xatırladırdı. Ərazidəki torpağa neft hopduğu üçün Lənkərandan barjalarla münbit torpaq gətirirdilər. Qəsəbəyə Nobellərin iqamətgahı da deyilirdi. Mənə söylədilər ki, həmin park indi də qalır və Nizaminin adını daşıyır. 2008-ci ildə iqamətgahı bərpa ediblər. Hazırda orada Bakı Nobel Neft Klubu, Beynəlxalq Konfrans Mərkəzi və Nobel Qardaşları Muzeyi yerləşir.

Lüteranlıq məzhəbinə etiqad edən Nobel qardaşları Bakıda Yevangelik-Lüteran kilsəsi inşa ediblər. Bu kilsə də qorunub saxlanılır və şəhərin tarixini bilənlərin yazdığına görə, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin bilavasitə dəstəyi sayəsində öz təyinatını praktiki olaraq itirməyib, çünki orada yerləşən orqan və kamera musiqisi zalında indi də dini musiqi səslənir və Lüteran ibadət mərasimləri keçirilir”.

Hər il dekabrın 10-da - Alfred Nobelin vəfat etdiyi və Nobel mükafatlarının təqdim olunduğu gündə Bakı Yevangelik-Lüteran icması Nobellər ailəsinin anım gününü qeyd edir. Nobel qardaşlarının neft emalı müəssisələrinin yerləşdiyi keçmiş Qara Şəhər ərazisində onların adını daşıyan prospekt var.

Beləliklə, bu qısa tarixi ekskurs Nobel laureatlarının Bakıda nəyə görə bu qədər sevildiyini izah edir. Yeri gəlmişkən, yuxarıda adını çəkdiyimiz Riçard Con Roberts bu il “Qrinpis” təşkilatına, BMT-yə və bütün dünya ölkələrinin hökumətlərinə məktubla müraciət edərək, genetik modifikasiya edilmiş orqanizmlərə (GMO) qarşı mübarizəyə son qoymağa çağırıb. Onun Bakı forumundakı çıxışı bu mövzuya həsr edilmişdi. Alim bəyan etdi ki, GMO-ya “qara yaxılmasına” son qoymaq lazımdır. Bizim yediyimiz ərzaq məhsullarının hər biri əvvəllər başqa şəkildə olub. Minilliklər ərzində bu məhsullar genetik dəyişikliyə məruz qalıb. Süni genetik modifikasiya bu prosesi yalnız sürətləndirir. Riçard Con Roberts dedi: “Bu gün 800 milyon insan ac yatır, onlar doyunca yemək tapmırlar. Bu problemi yalnız genetik modifikasiyalı məhsullardan istifadə etməklə həll etmək olar. Lakin siyasətçilər insanları inandıra biliblər ki, bu məhsullar çox təhlükəlidir. GMO-nun problem yaratdığı heç bir fakt məlum deyil, halbuki ənənəvi məhsullarla bağlı belə hallar olub. Bir şeyin təhlükəli olmasından danışanda bu cür bəyanatların nə ilə nəticələnəcəyini başa düşməliyik. İnkişaf etməkdə olan ölkələrin genetik modifikasiyalı məhsullara çox ehtiyacı var”.

Alim nümunə kimi Uqandanın adını çəkdi. Bu ölkənin gəlirlərinin 30 faizi banan yetişdirilməsindən asılıdır. Ölkədə bananyetişdirmə mədəniyyəti faktiki olaraq məhv edilib. Lakin genetik modifikasiyalı bananlar xəstəliyə tutulmayıb.

Bakı Humanitar Forumu Heydər Əliyev Mərkəzində keçirilirdi. Bu binanı saray da adlandırırlar və onu belə adlandırmağa əsas var. Lakin əvvəlcə bu məsələnin mahiyyəti barədə. İstəyirəm biləsiniz ki, bu mərkəz Prezident İlham Əliyevin fərmanı ilə - Heydər Əliyev irsinin əsaslı şəkildə öyrənilməsi, Azərbaycan tarixinin, Azərbaycan xalqının dilinin, onun mədəni, milli və mənəvi dəyərlərinin inkişafı məqsədi ilə yaradılıb. Bakıda olanlar görüblər – bütün şəhər sanki dalğalar üzərindədir, amma söhbət dəniz dalğalarından deyil, torpaq “dalğalarından” gedir: məhəllələr gah yuxarı qalxır, gah hamar şəkildə aşağı enir. Mərkəz də belə yüksəkliklərin birində inşa edilib.

Vaxtilə bu ərazidə ölkənin ən qədim müəssisələrindən biri - əsası 1894-cü ildə qoyulmuş və əvvəllər əfsanəvi leytenant Şmidtin adını daşıyan Səttarxan adına maşınqayırma zavodu yerləşirdi. Sonra zavodu başqa yerə köçürdülər, onun tutduğu 16 hektar ərazini təmizlədilər və 4 il ərzində həmin yerdə əsas binadan, parkdan, iki nohurdan və süni göldən ibarət kompleks inşa etdilər. Bu kompleksin təntənəli açılış mərasimi 2012-ci ildə - Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsinin finalından bir neçə gün əvvəl oldu. Mərkəzin yeri o qədər uğurlu seçilib ki, şəhərin yerləşdiyi Abşeron yarımadasının şimaldan cənuba və şərqdən qərbə doğru dənizə uzanan hissəsində onu hökmən görəcəksiniz. Bu şedevrə hər dəfə tamaşa edəndə nə isə yeni, əvvəllər rastlaşmadığınız detallar görəcəksiniz. İraq mənşəli britaniyalı dahi memar Zaha Hadidin layihəsi üzrə tikilmiş bu binanın fasadı Xəzərin təlatümə gəldiyi anlarda onun boz dalğalarını xatırladır. Mərkəz bir tərəfdən baxanda nəhəng mərcan riflərindən ibarət gümüşü balıqqulağıya, digər tərəfdən baxanda dənizin dalğalarını sürətlə yarıb keçən nəhəng balinaya bənzəyir. Sutkanın vaxtından və hava şəraitindən asılı olaraq müxtəlif şəkildə işıqlandırmanı da buraya əlavə edin – Zaha Hadid memarlıqda Nobel mükafatına bərabər sayılan Pritsker mükafatına layiq görülmüş ilk memar qadındır. Əslində o özü də bunu nəzərdə tutmuşdu: işıq fantaziyası bəyaz bina boyunca sanki yavaş-yavaş sürüşərək yeni-yeni cizgilər və formalar yaradır.

Bu layihə ən cəsarətli mühəndis həllərindən biri sayılır, bina isə 2014-cü ildə dünyada ən yaxşı bina hesab edilib. Bakılılar özləri deyirlər ki, Mərkəzə yuxarıdan baxanda o, Heydər Əliyevin imzasının təkrarıdır.

İki ildə bir dəfə keçirilən mədəniyyətlərarası dialoq forumu kimi, Bakı Humanitar Forumu da müəyyən mənada şəhərin vizit kartına çevrilib. Son vaxtlar burada çoxsaylı iri beynəlxalq siyasi tədbirlər keçirilir. Məsələn, Dünya dini liderlərinin Sammiti, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu. Aydın məsələdir ki, bütün bunlar heç də ucuz başa gəlmir. Çünki təyyarə ilə uçuş, qonaqların bahalı otellərdə yerləşdirilməsi, konfranslar üçün ən yaxşı binaların ayrılması – bütün bu xərcləri tədbirlərə ev sahibliyi edən tərəf öz üzərinə götürür. Cəmiyyətdə diskussiyalar gedir: bu cür xərclərin ölkəyə nə xeyri var? Biz Bakıda olduğumuz günlərdə də parlamentin deputatları bu barədə mübahisə edirdilər. Prezident İlham Əliyev Humanitar Forumun açılış mərasimində sanki bu diskussiyaları şərh edərək dedi: “Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. (Yeri gəlmişkən, bu il Azərbaycanda Multikulturalizm ili elan edilib. Ölkədə hətta multikulturalizmə abidə ucaldılıb – red.). Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha sıx birləşdirməlidirlər. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir”.

Bundan əlavə, bütün bu beynəlxalq layihələr bəşəriyyətin diqqətini Azərbaycan xalqının ağrısına – həll edilməmiş Qarabağ probleminə bir daha cəlb etmək imkanıdır. İlham Əliyev humanitar forumun tribunasından növbəti dəfə vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. O, bunun səbəbini də göstərdi: icra mexanizmi yoxdur.

Son beş ildə Azərbaycan həm də dünya miqyaslı çoxsaylı tamaşa və idman tədbirlərinin keçirildiyi məkan olub. Yuxarıda adını çəkdiyimiz “Eurovision” mahnı müsabiqəsindən əlavə, keçən il burada bəşər tarixində ilk Avropa Oyunları, bu ilin yayında “Formula-1” yarışları, bizim Bakıya gəlişimizdən iki həftə əvvəl isə Ümumdünya Şahmat Olimpiadası keçirilib. İndi ölkə gələn il keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlaşır.

Xalq bu barədə də mübahisə edir. Lakin sonda çoxları razılaşır ki, belə mötəbər tədbirlər respublikanın imicinin xeyrinədir – onu daha çox tanıyırlar. Bundan başqa, dövlət öz iqtisadi strategiyasını dəyişir: ehtiyatları sonsuz olmayan neft və qaz əvəzinə kənd təsərrüfatının, emal sənayesinin və turizmin inkişafına daha çox diqqət yetirilir. Ölkəyə gələn səyahətçilərin sayı get-gedə artır. Onları cəlb edən nədir və onları necə qarşılayırlar? Bu və bəzi başqa məsələlər barədə növbəti reportajımızda.




28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

27 Mar 2024
Siyasət

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.