Beynəlxalq Qadınlar Günü münasibətilə Daxili İşlər Nazirliyində təntənəli mərasim keçirilib

Beynəlxalq Qadınlar Günü münasibətilə Daxili İşlər Nazirliyində təntənəli mərasim keçirilib
07 2017 16:15

Martın 7-də Daxili İşlər Nazirliyində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra nazir Ramil Usubov “Qadınların cəmiyyətdə və daxili işlər orqanlarında rolu” mövzusunda geniş məruzə ilə çıxış edib. O, qadınların cəmiyyətdəki rolunun və hüquqlarının uzun bir tarixi dövr ərzində formalaşaraq inkişaf etdiyini, daim təkmilləşdiyini, eyni zamanda, öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə seçilən Azərbaycan qadınının ictimai həyatda həmişə fəal rol oynadığını, şairlərimiz, yazıçılarımız və mütəfəkkirlərimizin qadınları həyatın mənbəyi, müdriklik mücəssəməsi kimi tərənnüm etdiklərini xatırladıb.

Daxili işlər naziri deyib ki, dahi Nizami əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaradıb. Memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə Xatun türbəsi xalqımızın qadına ehtiramının əsl rəmzinə çevrilib, Məhsəti Gəncəvi şeirləri ilə Azərbaycan qadınını uzaq ölkələrdə tanıdıb. XIX əsr Azərbaycan həyatında Xurşidbanu Natəvanın, Fatma xanım Kəminənin, Qəmərbəyim Qarabağinin və başqalarının fəal ictimai mövqeyi və poeziya yaradıcılığı da diqqətəlayiqdir.

Qeyd olunub ki, Amerika və əksər Avropa dövlətlərində qadınların seçki hüququnun olmadığı bir zamanda Azərbaycan bütün Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkə olub. Sovet hakimiyyəti dövründə də şərəfli yol keçən Azərbaycan qadınının öz potensialını reallaşdıra bilməsi üçün böyük işlər görülüb. Bunun nəticəsidir ki, İkinci Dünya müharibəsi illərində ön cəbhədə mərdliklə döyüşərək igidlik və cəsarət nümayiş etdirən Şövkət Səlimova kimi gəmi kapitanı, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva, Leyla Məmmədbəyova kimi təyyarəçilər yetişib.

Məruzədə Azərbaycan qadınlarının xüsusilə də ötən əsrin ikinci yarısında elm və mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlər, onların istedadının, dərin zəkasının və əməksevərliyinin bariz nümunələri diqqətə çatdırılıb. Qeyd olunub ki, görkəmli alim, akademik, əməkdar elm xadimi Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Pediatr-kardioloq, əməkdar elm xadimi, akademik Adilə xanım Namazova dünya miqyasında dəyərləndirilən nailiyyətlərə imza atıb. Öz həyatını xalqının tarixini, ənənələrini, Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etmiş görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva da elmə mühüm yeniliklər gətirmiş nadir şəxsiyyətlərdəndir.

Kino və teatr sənətinin mahir ustaları - Mərziyyə Davudova, Hökumə Qurbanova, Barat Şәkinskaya, Leyla Bədirbəyli, Nəsibə Zeynalova, müğənnilər Şövkət Məmmədova, Firəngiz Əhmədova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, bəstəkarlar Ağabacı Rzayeva, Şəfiqə Axundova, rəssamlar Vәcihә Səmədova, Maral Rəhmanzadə, qadın şair və yazıçılarımız Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və onlarla başqaları istedadları ilə milli mədəniyyətimizin və ədəbiyyatımızın inkişafında silinməz izlər qoyublar.

Nazir ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və uğurla həyata keçirilməsinin məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu məmnunluqla xatırladıb. O, ulu öndər Heydər Əliyevin qadınların fəaliyyətini, onların cəmiyyətdə rolunu həmişə yüksək qiymətləndirdiyini vurğulayıb.

Məruzəçi xüsusi qeyd edib ki, Ümummilli Liderin respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə qadın problemləri, onların inkişafı və irəli çəkilməsi haqqında dünya miqyasında yalnız müzakirələr getdiyi halda, Azərbaycanda qadınlar bilik və bacarığına, istedad və intellektinə görə yüksək vəzifələrə təyin olunur, öz işində, ictimai fəaliyyətdə fərqlənənlərə fəxri adlar və dövlət mükafatları verilirdi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra demokratik cəmiyyətin formalaşması, gender balansının təmin edilməsi kimi vacib işlər də məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşmağa başlayıb.

Bu gün respublikamızda dövlət qadın siyasətinin, Ulu Öndərin əsasını qoyduğu ənənələrin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini deyən nazir Azərbaycan Prezidentinin qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına və irəli çəkilmələrinə çox böyük önəm verdiyini, qazanılan uğurlarda onların rolunu yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Məmnunluqla qeyd edilib ki, ölkəmizdə bərqərar olmuş demokratik mühit qadınların öz potensialını gerçəkləşdirməsi üçün geniş imkanlar açır. Onlar müasir Azərbaycanın ictimai həyatında, dövlət idarəçiliyində ən yüksək səviyyələrdə təmsil olunur, eləcə də sosial, iqtisadi, siyasi, elmi və mədəni proseslərdə fəal iştirak edirlər.

Daxili işlər naziri R.Usubov Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən quruculuq işlərində, hüquqi və demokratik inkişaf proseslərində, bütövlükdə xalqın rifahına yönəlmiş səylərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli xanım Mehriban Əliyevanın xidmətlərinin danılmaz və əvəzsiz olduğunu xüsusi vurğulayıb, onu yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə şəxsi heyət adından səmimi-qəlbdən təbriklərini çatdırıb, möhkəm cansağlığı, ailə səadəti, dövlətçilik fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.

Nazir bildirib ki, xanım Mehriban Əliyevanın insanlığın yüksəlişinə və təntənəsinə xidmət edən nəcib təşəbbüsləri, dinlər və sivilizasiyalar arasında mədəni dialoqun qurulması, elmi-humanitar əməkdaşlığın dərinləşməsi, Azərbaycan barədə həqiqətlərin beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyəti, əsl vətəndaşlıq mövqeyi respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır, eləcə də ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, respublikamızda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi və birinci Avropa Oyunları şəxsən onun böyük təşkilatçılıq qabiliyyəti sayəsində ən mötəbər mədəni və idman tədbirləri kimi tarixə düşüb. Cari ilin mayında baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri vəzifəsinə də Azərbaycan Prezidenti tərəfindən məhz xanım Mehriban Əliyevanın təyin edilməsi bu möhtəşəm idman yarışının da yüksək səviyyədə keçiriləcəyinə tam əminlik yaradır. İştirakçıların diqqətinə çatdırılıb ki, xanım Mehriban Əliyeva xeyirxahlığı, yüksək humanizmi, geniş erudisiyası ilə hər bir Azərbaycan qadını üçün gözəl nümunədir.

General-polkovnik Ramil Usubov qadınların hüquq və azadlıqlarının təminatına dair milli qanunvericilik aktlarından və beynəlxalq sənədlərdən irəli gələn tələblərin icrasının Daxili İşlər Nazirliyi tərəfindən də daim diqqət mərkəzində saxlanılması, gender siyasəti sahəsində məqsədyönlü və sistemli şəkildə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu məqsədlə 2001-ci ildə nazirlikdə gender məsələləri üzrə vəzifənin təsis olunduğunu, hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaşın xidmət apardığını, böyük bir qisminin Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərdiklərini, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirdiklərini, fədakarlıqlar göstərdiklərini bildirib.

Qadın əməkdaşlardan Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahəddinovanın “Şöhrət” ordeni və “Tərəqqi” medalı, polis mayoru Nigar Qarayevanın və istefada olan polis polkovniki Marina Nəsibovanın “Vətən uğrunda”, polis polkovniki Yeganə Məmmədovanın və polis baş serjantı Leyla Həsənovanın “İgidliyə görə”, Olimpiya mükafatçısı İradə Aşumovanın və polis polkovniki Gülşən Əhmədovanın “Tərəqqi”, istefada olan polkovnik-leytenantlar Tamara Mirzəyevanın və Təranə Məmmədovanın “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunduqları, 3 nəfərin fəxri adlara layiq görüldükləri, həmçinin təkcə son 5 ildə xidmətdə fərqlənən 1600-dan çox qadın əməkdaş barəsində nazirlik tərəfindən müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi, o cümlədən 39 nəfərə mükafat qaydasında vaxtından əvvəl hərbi və xüsusi rütbələr verildiyi məmnunluq hissi ilə xatırlanıb.

Bununla yanaşı, daxili işlər orqanlarının sıralarında idmanın cüdo, karate-do, stend və güllə atıcılığı növləri üzrə dünya çempionatlarının və kuboklarının, beynəlxalq turnirlərin və Azərbaycan birinciliyinin qalibləri olan Nuriyə Axundova, Nərminə Əliyeva, Riqina Meftahəddinova, Ədilə Qurbanova, Fərqanə Kərimova kimi yüksək nailiyyətlər əldə etmiş onlarla qadının çalışdığı da diqqətə çatdırılıb, onların qürur doğuran mətinliyi, vətənpərvərliyi xüsusi qeyd edilib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarında xidmət edən qadınlar öz kişi həmkarları ilə çiyin-çiyinə ölkəmizdə sabitliyin və ictimai asayişin qorunması sahəsində üzərilərinə düşən vəzifələri bundan sonra da böyük əzmlə yerinə yetirəcək, xalqa və dövlətçiliyə sədaqətlə xidmət edəcəklər.

Ramil Usubov təntənəli mərasim iştirakçılarını Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik, çətin, lakin çox şərəfli işlərində uğurlar arzulayıb.

Tədbirdə polis polkovnik-leytenantı Nərgiz Məhərrəmova, leytenant Nigar Ağayeva və polis kiçik serjantı Nərminə Əliyeva çıxış edərək qadın əməkdaşlara göstərilən böyük diqqət və qayğıya, o cümlədən xidməti şəraitin yaxşılaşdırılması ilə bağlı görülmüş əhəmiyyətli işlərə, sosial və digər problemlərin həllində əvəzsiz köməyə görə dövlətimizin başçısına və nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə daxili işlər orqanlarının bir qrup qadın əməkdaşının mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan olunub. Xidmətdə fərqlənənlərə mükafatlar və yeni rütbələrin paqonları təqdim edilib.

Sonda daxili işlər orqanlarında xidmət edən qadın əməkdaşlar adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.


29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Gülnarə Talıbova

Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm

29 Mar 2024
Cəmiyyət

Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

Məktəbəhazırlıq qruplarında , 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq. Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.

29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

29 Mar 2024
Cəmiyyət

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.