Bərdə: uğurlu iqtisadi siyasət heyvandarlıqda intensiv inkişafı təmin edir

Bərdə: uğurlu iqtisadi siyasət heyvandarlıqda intensiv inkişafı təmin edir
05 2017 13:56

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində regionların sosial-iqtisadi göstəriciləri yüksəlib, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafında uğurlar qazanılıb. Respublikamızın digər bölgələrində olduğu kimi, Bərdə rayonunda da aqrar sahənin inkişafında uğurlu nəticələrə nail olunub, xüsusilə heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, müasir təsərrüfatçılıq modellərinin yaradılması istiqamətində mühüm işlər görülüb.

Vurğulamaq yerinə düşər ki, respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Xüsusən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əhalinin ərzaq təhlükəsizliyinin təminatı cəhətdən böyük əhəmiyyət daşıyıb. Dövlət Proqramında kənd təsərrüfatının digər sahələri ilə yanaşı heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, həmçinin Prezident İlham Əliyevin 2008-ci il avqustun 21-də imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Sərəncamın icrası yerli məhsulların istehsalında artıma, ölkə vətəndaşlarının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının ödənilməsinə şərait yaradıb.

Bərdə rayonunda da maldarlığın inkişaf etdirilməsi, bu sahədə damazlıq işinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi tədbirlər görülür. Müasir heyvandarlıq kompleksləri yaradılır, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanlar satılır.

Rayon kənd təsərrüfatı idarəsinin heyvandarlıq sektorunun müdiri Bəhruz Abbasov bildirib ki, 2016-cı ildə “Aqrolizinq“ ASC vasitəsilə 627 baş, son 5 ildə isə 4 min başdan çox “Holştein-friz” və “Simmental” cinslərindən olan damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermer və sahibkarlara verilib. Damazlıq heyvanlar heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyərinin 50 faizi güzəştlə 3 il müddətinə lizinqə verilir. Hazırda rayonda cins damazlıq heyvanların sayı 7 min başdan yuxarıdır. Onun dediyinə görə, rayonda cins maldarlığın inkişafı, heyvanların cins tərkibinin yaxşılaşdırılmasının miqyasının daha da genişləndirilməsi üçün süni mayalanma işinə də xüsusi önəm verilir. Yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, heyvanların qısırlığına qarşı mübarizə aparılması məqsədilə rayonda 13 süni mayalama texniki fəaliyyət göstərir. Ötən il rayon üzrə 7625 baş inək və düyə süni yolla mayalandırılıb, əvvəlki il mayandırılmış heyvanlardan 3406 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” və “Şvis” cinsindən olan buğaların toxumları istifadə edilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri, əldə edilən yüksək nəticələr, süni mayalanmadan alınan hər buzova görə 100 manat məbləğində subsidiya müəyyənləşdirilməsi süni mayalanma tədbirlərinə marağı artırıb. Görülən süni mayalanma tədbirləri nəticəsində əhali təsərrüfatında olan heyvanların cins tərkibi ilbəil yaxşılaşır, süd və ət verimi yüksəlir.

Qeyd edək ki, son illər Bərdə rayonunda ətlik və südlük istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılması istiqamətində səmərəli iş aparılır. Rayonda ən nümunəvi heyvandarlıq kompleksləri Mehdili kəndində yaradılan Qarabağ Aqrar Sənaye parkındadır. Tikintisində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən də istifadə edilən sənaye parkının tərkibinə 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, ət kəsimi və emalı, yem istehsalı müəssisələri daxildir.

Qarabağ Aqrar Sənaye Parkının baş direktoru Vahid Rzayev deyib ki, heyvandarlıq komplekslərində kənd təsərrüfatı avadanlıqları istehsalında dünyanın aparıcı şirkətlərinin müasir avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma, sağım sistemləri və digər ferma avadanlıqları quraşdırılıb. Komplekslərdə “Aqrolizinq” ASC vasitəsilə Avropadan gətirilmiş xüsusi cinslərdən olan 5 minə yaxın ətlik-südlük cinsli inək və düyə bəslənilir. Onlardan 2200-ü sağılan inəklərdir. Gün ərzində 40 tondan çox süd sağılaraq emal müəssisələrinə təhvil verilir. Rayonda belə komplekslərin yaradılması daxili bazarın ekoloji təmiz və keyfiyyətli məhsullarla təmin edilməsinə, ərzaq bolluğunun yaranmasına xidmət edir.

Aqrar sənaye parkında fəaliyyət göstərən illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabrikində Bərdə və ətraf rayonlardan alınan heyvanlar sanitar-gigiyenik normalara əməl edilməklə kəsilir, doğranır və 11 çeşiddə qablaşdırılaraq istehlakçılara təqdim edilir. Ən son texnologiyalarla təchiz olunmuş fabrikdə heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün proseslər gigiyenik normalar tam gözlənilməklə aparılır. Parkdakı logistik mərkəzdə fermerlər tərəfindən istehsal olunan ət və tərəvəz məhsulları yüksək keyfiyyətlə saxlanılır və ilboyu əhalinin tələbatının ödənilməsinə yönəldilir.

Heyvandarlığın inkişaf etdirilməsi, heyvandarlıq məhsullarının artırılması, keyfiyyətinin yaxşılaşdırılmasında mühüm məsələlərdən biri yem bazasının yaradılması və mal-qaranın qüvvəli yemlə təmin edilməsidir. Aqrar sənaye parkındakı yem istehsalı müəssisəsi də məhz heyvandarlıq komplekslərinin, həmçinin rayondakı maldarlıq təsərrüfatlarının qüvvəli yemə olan tələbatını ödəmək məqsədilə yaradılıb. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən gətirilmiş avadanlıq quraşdırılıb. İstehsal və emal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə 12 çeşiddə 5, 10, 50 kiloqramlıq kisələrdə qablaşdırılmış yem istehsal olunur.

Qarabağ Aqrar Sənaye Parkının gələcək inkişaf imkanları daha genişdir. Nəzərdə tutulan taxıl və yem bitkilərinin becərilməsi, istixana təsərrüfatının yaradılması, meyvə bağlarının salınması kimi layihələrin gerçəkləşməsi heyvandarlıq komplekslərinin yem ilə təminatının yaxşılaşdırılması ilə yanaşı, əhalinin keyfiyyətli məhsullarla təminatına, ərzaq bolluğunun yaranmasına, ixracyönümlü məhsulların istehsalına və yeni iş yerlərinin açılmasına töhfə verə bilər.

Bərdədə yaradılmış digər heyvandarlıq müəssisəsi rayonun Türkmən kəndi ərazisində inşa edilən südlük istiqamətli heyvandarlıq kompleksidir. Müəssisənin direktoru Şəhriyar Muradzadə bildirib ki, kompleksdə mexanikləşdirilmiş fermalar, sağımxana, yem və su anbarları, iki silos quyusu, ofis, işçilər üçün otaqlar yaradılıb. Ən müasir avadanlıqlarla təchiz olunmuş təsərrüfatda “Aqrolizinq” ASC vasitəsilə Almaniyadan gətirilmiş “Holştein-friz” cinsli 607 baş inək bəslənilir. Onlardan 450-si sağmal inək və düyələrdir. Bu inəklər laktasiya dövründə gündə 21-25 litr südvermə qabiliyyətinə malikdir. Heyvanlardan gün ərzində 7 tondan çox süd sağılaraq emal müəssisələrinə göndərilir. Kompleksdə, həmçinin ildə 300 ton ət istehsal edilərək satışa çıxarılır.

Bərdə rayonunda ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması üzrə həyata keçirilən pilot layihə də mühüm əhəmiyyət kəsb edir. Layihənin məqsədi ailə-kəndli heyvandarlıq təsərrüfatlarında mövcud olan az məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz etmək yolu ilə pay torpaqlarına malik ailələr üçün kiçikhəcmli, müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının stimullaşdırılmasıdır. Layihəyə əsasən, rayonun Kolayır kəndində yaradılmış 27 ailə fermer təsərrüfatına Avstriyadan gətirilmiş 189 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvanlar verilib. Heyvanların saxlanılması üçün təsərrüfatlarda müasir tipli tövlələr tikilib, yem bazasının formalaşdırılması təmin olunub. Heyvanlardan əldə olunan ət və südün məhsuldarlığının yüksək olması üçün müvafiq qida rasionu tərtib edilib, qarğıdalıdan silos hazırlanması üçün tədbirlər həyata keçirilib. Ailə-fermer təsərrüfatları müasir üsullarla qarğıdalı silosu hazırlanması vərdişlərinə yiyələnib. Fermerlər portativ sağım aparatları və yemi xırdalayaraq qarışdıran aqreqatlarla təmin edilib. Cins heyvanlar hər ailəyə 5-10 baş olmaqla, lizinq yolu ilə güzəştli şərtlərlə verilib. Əldə edilən südün marketinqini təşkil etmək üçün süd qəbulu məntəqələri yaradılıb. Mütəxəssislərin fikrincə ailə-fermer təsərrüfatlarının yaradılması üzrə pilot layihə böyük perspektivə malikdir. İstər maddi-texniki, istərsə də praktiki dəstək sayəsində ailə-fermer təsərrüfatları qarşıya qoyulan hədəflərə çatacaq və layihənin gəlirliliyi təmin olunacaqdır.

Rayonda heyvandarlıqla sənayenin inkişafı bir-biri ilə əlaqəli şəkildə baş verir. Bərdə şəhərində fəaliyyət göstərən “Yağ-Pendir AzQida“ MMC-nin istehsal etdiyi heyvandarlıq məhsulları nəinki rayonun, eləcə də respublikanın digər bölgələrində yaxşı tanınır. MMC-nin direktoru Sücaət Əliyevin dediyinə görə, sutkalıq istehsal gücü 50 ton olan müəssisədə Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Burada südün emalı qabaqcıl texnologiyalar əsasında aparılır. İstehsal olunan müxtəlif çeşidli pendirlər, şor, süzmə, kərə yağı, qatıq, ayran, dovğa kimi məhsullar ölkənin bütün regionlarına göndərilir. Müəssisənin südə olan tələbatı həm özəl təsərrüfatlar, həm də “Bərdə Yağ-Pendir AzQida“ MMC-yə məxsus heyvandarlıq ferması vasitəsilə ödənilir. 600 baş iribuynuzlu heyvanın saxlanıldığı fermada gün ərzində 6 tonadək süd sağılır.

Bərdə rayonunda ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunmasına, heyvan mənşəli xəstəliklərə qarşı mübarizə tədbirlərinin təşkilinə də xüsusi diqqət yetirilir. Rayon baytarlıq idarəsi tərəfindən mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılır, epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə ardıcıl tədbirlər görülür.

Həyata keçirilən aqrar siyasətin nəticəsidir ki, rayonda mal-qaranın cins tərkibi yaxşılaşıb, heyvandarlıq məhsullarının istehsalı və emalı artıb. Statistik göstəricilərə nəzər saldıqda görərik ki, 2005-ci illə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 37,8 faiz, qoyun və keçilərin sayı 10,9 faiz, ət istehsalı 1,7 dəfə, süd istehsalı 1,3 dəfə, yun istehsalı 1,9 dəfə çoxalıb. İstehsal olunan bu məhsullar nəinki rayonun, eləcə də ölkə əhalisinin tələbatının ödənilməsində, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.