Bakıda təməli qoyulan əczaçılıq zavodu Azərbaycanın qeyri-neft sektorunda həyata keçirilən mühüm layihələrdən biridir. Bu, eyni zamanda, Azərbaycan ilə İranın birgə uğurlu əməkdaşlığının bariz göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanvarın 17-də İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Baş nazirin müavini bildirib ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr günbəgün inkişaf edir. “İran dövləti və xalqı bizim üçün dost və qardaşdır. Həm dinimiz birdir, eyni zamanda, dilimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyətimizdə çox oxşarlıqlar var”, - deyə Əli Həsənov vurğulayıb.
İran şirkətlərinin Azərbaycanda bir çox layihələrdə iştirak etdiyini diqqətə çatdıran Baş nazirin müavini deyib: “Bu gün Azərbaycan sürətlə inkişaf edir. Əgər Azərbaycanda yoxsulluq həddi 2003-cü ildə 49 faiz idisə, bu gün 5 faizə enib. İqtisadiyyatımızın neftdən asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkədə ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Azərbaycanın əsas məqsədlərindən biri inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına çıxmaqdır. Bu, Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsəddir və buna nail olacağıq”.
Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, ölkələrimiz beynəlxalq məsələlərdə eyni mövqe sərgiləyir, bir-birilərini müdafiə edirlər. İran və Azərbaycan prezidentləri tez-tez görüşür, qarşılıqlı səfərlər edirlər. Ölkələrimiz arasındakı əlaqələri pozmaq istəyən qüvvələr olsa da, onlar öz istəklərinə nail ola bilməyəcəklər.
Bildirilib ki, Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı bir çox qərar və qətnamələr qəbul etsələr də, onların heç biri yerinə yetirilmir. Beynəlxalq tədbirlərdə, xüsusən BMT tədbirlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunarkən İran İslam Respublikası Azərbaycanın obyektiv işinə həmişə müsbət yanaşıb və səsvermələrdə Azərbaycan ilə birgə olduğunu nümayiş etdirib.
“Hazırda biz mürəkkəb bir dövrdə yaşayırıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün İslam həmrəyliyinə çox böyük ehtiyac var. Bu il Prezident İlham Əliyev Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Azərbaycan tolerant ölkədir. Ermənistandan fərqli olaraq ölkəmizdə müxtəlif dinlərə məxsus insanlar dinc, mehriban şəraitdə yaşayırlar. Onlar Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malikdirlər”, - deyə Baş nazirin müavini vurğulayıb.
Əli Həsənov əminliyini bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələr bundan sonra daha da inkişaf edəcək.
Qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii diqqətə çatdırıb ki, onu müşayiət edən nümayəndə heyətinin tərkibində İran parlamentində nüfuzlu şəxslər, dostluq qrupunun üzvləri, komitə rəhbərləri, rəyasət heyətinin üzvləri təmsil olunur: “Bu, İranın Azərbaycan ilə əlaqələri daha da inkişaf etdirmək istəyinin göstəricisidir. Biz Azərbaycanın gündən-günə inkişafını, abadlıq-quruculuq işlərini, yeni-yeni binaların inşasını, insanların rifah halının yaxşılaşmasını gördükdə çox sevinirik”.
Əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan Əli Rəbii deyib: “Humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial var. Əlillərin reabilitasiyası, protezlərin hazırlanması, sanatoriyalar və digər bu kimi istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə hazırıq. Nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi sahəsində də böyük işlər görülür, birgə layihələr reallaşdırılır. Azərbaycan marşrutu bizim üçün etibarlı və təhlükəsiz istiqamətdir. Hazırda Rəşt-Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilməsi üzərində iş gedir. Bu, həm ölkələrimizdə yeni iş yerlərinin açılmasına, həm də insanların bu marşrutlardan faydalanmasına, gəlir əldə etməsinə səbəb olacaq. Eyni zamanda, dənizdə sərnişin və yük daşımaları sahəsində də əməkdaşlıq üçün real imkanlar var”.
Görüşdə ölkələrimiz arasında iqtisadi, humanitar əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.