Azərbaycanın Milli Qəhrəmanı, şəhid Murad Mirzəyevin anım mərasimi keçirilib

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Murad Mirzəyevin anım mərasimi keçirilib
12 2017 09:30

Müdafiə Nazirliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Murad Mirzəyevin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Yeni Yasamal qəsəbəsində qəhrəmanın yaşadığı binanın qarşısında təşkil olunan xatirə mitinqini Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani açaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, respublikanın bütün bölgələrində Ordumuzun aprel döyüşlərindəki qələbələrinin ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, Azərbaycan əsgərinin əks-hücum əməliyyatlarında göstərdiyi qəhrəmanlığın geniş təbliğ olunduğunu, şəhidlərin xatirəsinin dərin hörmət və ehtiramla yad edildiyini bildirib.

Qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülmüş Murad Mirzəyev aprel döyüşlərində xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazan mətin döyüşçülərimizdəndir. O, 1976-cı ilin baharında Sabirabad rayonunun Muğangəncəli kəndində doğulub, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olub. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Məktəbində təhsil alıb və qardaş ölkədə bir çox təlimlərdə və kurslarda iştirak edərək həmişə ümidləri doğruldub. Azərbaycan Ordusunda motoatıcı tağım komandiri vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksələn M.Mirzəyev ABŞ, Türkiyə, Rumıniya, İordaniya və digər ölkələrdə xüsusi kurslar keçib, dəfələrlə döyüş medalları ilə təltif olunub. 2016-cı ilin aprelində Goranboy rayonu istiqamətində erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatlarında komandiri olduğu qrupla birlikdə şücaət və igidlik göstərib, düşməni hərbi texnika və canlı qüvvə sarıdan xeyli tələfata uğradıb, son damla qanınadək vuruşaraq qəhrəmancasına həlak olub.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev aprel döyüşləri zamanı bütün xalqımız kimi Yasamal rayon sakinlərinin də ordumuza dəstək nümayiş etdirdiyini, Ali Baş Komandanın əmrlərinə hazır olduğunu nəzərə çatdırıb. O, həmin döyüşlərdə Yasamal rayonundan çağırılmış dörd nəfərin şəhid olduğunu və onların böyük izdihamın iştirakı ilə son mənzilə yola salındığını söyləyib, şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə layiqli dərs verdi və Ermənistanın öz ordusu haqqında yaratdığı mifi darmadağın etdi. Əgər Ermənistan silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, bu əməliyyatlar təkrarlana bilər. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün güclü ordusu var və bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Milli Məclisin deputatı Qənirə Paşayeva, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və digər çıxış edənlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrinə daim hazır olduqlarını bildiriblər.

Qəhrəmanın yaşadığı binanın qarşısına vurulmuş xatirə lövhəsinin üzərindən bəyaz örtük götürülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni ifa olunub.

Şəhidin atası Telman Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində qəhrəmanın ailəsinin ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirib.

“Aprel zəfəri” marşının sədaları altında mitinq iştirakçıları Şəhidlər xiyabanına gedərək qəhrəman zabitin məzarını ziyarət edib, önünə Müdafiə Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti və xidmət etdiyi hərbi hissənin şəxsi heyəti adından əklillər qoyublar.

Milli Qəhrəmanın anım mərasimində Müdafiə Nazirliyinin, Yasamal və Sabirabad rayon icra hakimiyyətlərinin rəhbərliyi, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.