Son illər Azərbaycan qanunvericiliyinin milli adət-ənənələrə əsaslanaraq təkmilləşdirilməsi, ailə münasibətlərini tənzimləyən bir sıra normativ-hüquqi aktların qəbulu ölkəmizdə sağlam ailələrin formalaşmasında mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Salyanda “Mən həyatı seçirəm” layihəsi çərçivəsində keçirilən maarifləndirici tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.
Dövlət Komitəsinin rayon icra hakimiyyəti ilə birgə Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının qərargahında gənclərin iştirakı ilə keçirdiyi tədbirdə erkən nikah, qan qohumluğu, ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzinin formalaşdırılması, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti və digər məsələlər müzakirə olunub.
A.Sofiyeva bildirib ki, əhalinin diqqətinin ailə sağlamlığı məsələsinə yönəldilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular Dövlət Komitəsinin təşkilatçılığı ilə mütəmadi müzakirə olunur. “Mən həyatı seçirəm” genişmiqyaslı maarifləndirmə layihəsi də onlardan biridir.
Komitə sədrinin müavini Azərbaycanın tarixən gözəl ailə ənənələri olduğunu, həmin ənənələri bu gün yaşatmağın və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıb.
Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, AMEA-nın Fəlsəfə İnstitutunun professoru Rəna Mirzəzadə, Hacı Tağı məscidinin axundu Seyfulla Hüseynov və Arbatan kənd tam orta məktəbinin direktoru Aytən Ağalarova və başqaları gənclərin bu və ya digər sahələr üzrə maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.
Həmçinin narkomaniyanın cəmiyyətə, dövlətə, ailə dəyərlərinə vurduğu fəsadlardan da söz açılıb, bu ümumbəşəri bəlaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün, xüsusilə gənclərin daha fəal rol oynamasının zəruriliyi diqqətə çatdırılıb.
Tədbirdə “Onlardan biri mənəm” adlı videoçarx nümayiş olunub, iştirakçıların suallarına aydınlıq gətirilib.
Sonda 60 il birgə ömür sürən 4 salyanlı ailəyə komitə tərəfindən hazırlanan kitab təqdim edilib.
Dövlət İmtahan Mərkəzi tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
"Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir.
Azərbaycanın hərbi qulluqçusu NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub.