Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayında artım dinamikası davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu ilin birinci rübündə sistemdə əlavə olaraq 71 852 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin ilk rübü (45 837 nəfər) ilə müqayisədə 26 015 nəfər və ya 56,8 faiz çoxdur.
Bununla da fərdi uçot sistemində fərdi şəxsi hesaba malik olanların sayı aprelin 1-ə 3 443 760 nəfərə çatıb. Onlardan 59,5 faizi kişilər, 40,5 faizi qadınlardır.
Sistemdə qeydiyyatda olan vətəndaşlardan 683 482 nəfəri (19,8 faiz) 30 yaşa qədər olan, 889 358 nəfəri (25,8 faiz) 30-40 yaş aralığında, 685 049 nəfəri (19,9 faiz) 40-50 yaş aralığında, 717 231 nəfəri (20,8 faiz) 50-60 yaş aralığında olan, qalanları isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.
Qeyd edək ki, 2006-cı ildən ölkədə fəaliyyətə başlayan müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq, həmin vaxtdan hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılması üçün fərdi uçot sistemi işə salınıb. Sistemdə qeydiyyata alınan hər bir vətəndaş bununla gələcək əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırır və öz pensiya kapitalını toplamaq imkanı əldə edir.
Vətəndaşlar onlara fərdi şəxsi hesab açıldıqdan və bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirildikdən sonra hesablarında toplanan pensiya kapitalına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə mütəmadi nəzarət edə bilirlər. Eyni zamanda, sosial sığorta münasibətləri sahəsində nazirliyin “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətlər də əhalinin istifadəsindədir.
Azərbaycan ərazisində noyabrın 3-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 68 milyon 600 min ABŞ dolları dəyərində şaftalı ixrac edilib.