Azərbaycan gömrük orqanlarının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilib

Azərbaycan gömrük orqanlarının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilib
31 2017 10:10

Yanvarın 30-da Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 25-ci ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev öncə, yubiley mərasiminə qatıldıqları üçün bir sıra dövlətlərin gömrük xidmətləri və müvafiq ali təhsil ocaqlarının nümayəndələrinə minnətdarlığını ifadə edib.

Komitə sədri bildirib ki, bu gün müstəqil Azərbaycan Respublikasında gömrük orqanlarının yaradılmasının 25-ci ildönümü tamam olur. Gənc müstəqil gömrük xidmətinin keçdiyi yol asan olmayıb.

Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatının digər sahələri kimi ciddi tənəzzül dövrünü yaşayan gömrük xidməti məhz dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra köklü kadr islahatları və kompleks tədbirlər nəticəsində stabil və dinamik inkişaf yoluna qədəm qoyub. Müasir gömrük xidmətinin formalaşması isə 1995-ci ilə təsadüf edir.

Aydın Əliyev xatırladıb ki, 1995-ci ilin yanvarında Azərbaycan Prezidentinin yanında gömrük xidmətinin fəaliyyətinə dair keçirilən tarixi müşavirədən sonra, respublikada gömrük işinin inkişafına böyük təkan verilib, gömrük orqanlarında köklü kadr dəyişiklikləri aparılıb, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yaranıb. Dövlət büdcəsinin formalaşmasında gömrük orqanlarının rolu xeyli artırılıb, gömrük qanunvericiliyi bazasının yaradılmasına başlanılıb, hüquqi-normativ sənədlərin və gömrük işinə dair ilk dərsliklərin, tədris-metodiki vəsaitlərin hazırlanması həyata keçirilib, gömrük sahəsində iqtisadi göstəricilər yaxşılaşıb, maddi-texniki baza möhkəmləndirilib, elektron informasiya təminatı yaradılıb, qaçaqmalçılığa və gömrük qaydalarının pozulmasına qarşı mübarizə gücləndirilib.

Ulu öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin təsis edilməsinin 5 illiyində dediyi: “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” - sözlərini də xatırladan DGK sədri vurğulayıb ki, həqiqətən gömrük xidməti öz imkanlarına görə unikal bir orqandır. Çünki üzərinə düşən vəzifə - həm dövlət büdcəsinə daxilolmaları təmin etmək, gömrük hüquqpozmalarına qarşı mübarizə aparmaq, xarici ticarəti sürətləndirmək və asanlaşdırmaq, həm də ölkənin iqtisadi təhlükəsizliyini qorumaqdır.

Komitə sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Qürur duyuruq ki, ölkəmizdə müasir tələblərə cavab verən modern gömrük sisteminin yaradılması işi dövlətimiz tərəfindən daim dəstəklənir və bu sahədə əldə olunan uğurlar layiqincə dəyərləndirilir.

Sonra mərasimdə Azərbaycan gömrüyünün veteran əməkdaşları adından çıxış etmək üçün söz Bakı Baş Gömrük İdarəsi ümumi şöbəsinin rəisi Ziyarət Mustafayevaya verilib.

Müstəqil Azərbaycan gömrük xidmətinin yaranması və qısa müddət ərzində inkişaf edərək bugünkü səviyyəyə çatmasının veteran gömrük əməkdaşlarının gözü önündə baş verdiyini vurğulayan şöbə rəisi qeyd edib ki, veteran gömrükçülər gömrük orqanlarında bu günədək həqiqətən inqilabi dəyişikliklərin şahidi olublar.

Ziyarət Mustafayeva gömrük orqanlarında xidmətə başladığı 1990-cı ilin oktyabrından bu günədək keçdiyi əmək yolundan bəhs edərək xatırladıb ki, xidmətə qəbul edildiyi dövrdə Bakı Gömrükxanası SSRİ Nazirlər Kabineti yanında Dövlət Gömrük Nəzarəti Baş İdarəsi adlanan qurumun tərkibinə daxil olub və burada 35-40 nəfər çalışıb. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etdikdən 3 ay sonra Bakı Gömrükxanasının kadr potensialı əsasında müstəqil Azərbaycanın gömrük xidməti yaradılıb.

“Mən bunu fəxrlə vurğulamaq istərdim ki, bu gün müxtəlif gömrük orqanlarında, idarələrində çalışan bir çox əməkdaşlar ozamankı Bakı Gömrük İdarəsinin - indiki Bakı Baş Gömrük İdarəsinin yetirmələridir və onların əksəriyyəti indi də sıralarımızdadır”, - deyə şöbə rəisi vurğulayıb.

Ziyarət Mustafayeva hazırda bütün gömrük orqanlarında çalışan veteran əməkdaşların sayının 300 nəfərə yaxın olduğunu söyləyib və qeyd edib ki, qazanılan nailiyyətlərdə peşəkar gömrük əməkdaşlarının, o cümlədən veteranların böyük əməyi və xidməti olub, onlar yeni yaranan müstəqil gömrük orqanlarının möhkəmləndirilməsi üçün öz bacarıqlarını, bilik və təcrübələrini əsirgəməyiblər.

İstər öz xidmətini başa vuran, istərsə də xidmətdə çalışan gömrük veteranlarına göstərilən diqqət və qayğıya görə komitə rəhbərliyinə və kollektivinə minnətdarlığını ifadə edən Ziyarət Mustafayeva öz növbəsində, veteranların da ötən illərdə qazanılan zəngin bilik və təcrübənin qorunub saxlanılması və gənc nəslə öyrədilməsi işini bundan sonra da davam etdirəcəklərini bildirib.

Mərasimdə çıxış edən Belarus, Qazaxıstan, Rusiya, Macarıstan, Makedoniya gömrük xidməti və müvafiq təhsil ocaqlarının nümayəndələri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə təbrik sözlərini ifadə ediblər.

Vurğulanıb ki, Azərbaycan gömrüyü ötən dövr ərzində fəaliyyətinin bütün istiqamətlərində ciddi nailiyyətlər qazanıb, məqsədyönlü fəaliyyəti ilə dünya gömrük ailəsinə inteqrasiya olunub və Dünya Gömrük Təşkilatının ən fəal üzvlərindən biri kimi özünü təsdiq edə bilib.

Sonra bir sıra ölkələrin gömrük xidmətlərinin, müvafiq beynəlxalq təşkilatların, eləcə də Azərbaycan Respublikasının dövlət orqanlarının Azərbaycan Gömrük Komitəsinə yubiley münasibətilə təbriklərinin ünvanlandığı diqqətə çatdırılıb.

Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin, orden və medalların, fəxri adların verilməsi haqqında Azərbaycan Prezidentinin 27 yanvar 2017-ci il tarixli müvafiq sərəncamları dinlənilib.

Bununla yanaşı, yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bir sıra ölkələrin gömrük xidmətlərinin, müvafiq təhsil ocaqlarının, Azərbaycanda fəaliyyət göstərən biznes təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinə “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin döş nişanını təqdim edib. Döş nişanı ilə təltif edilənlər arasında AZƏRTAC-ın əməkdaşı Elvin Camalov da var.

Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Dünya Gömrük Təşkilatının sertifikatları verilib, eləcə də Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərmanlar və xüsusi rütbələr verilməsi haqqında Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrlərinin imzalandığı diqqətə çatdırılıb.

Mərasimin sonunda “Azərbaycan Gömrüyü-25” adlı sənədli film nümayiş olunub.

Tədbir başa çatdıqdan sonra isə Azərbaycan və Qazaxıstan gömrük xidmətləri arasında “Mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinə dair Saziş”, Azərbaycan və Belarus gömrük xidmətləri arasında “Kadrların hazırlığı sahəsində Birgə Bəyanat”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası arasında “Elm və təhsil sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı”, Azərbaycan və Namibiya gömrük xidmətləri arasında “Gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş” imzalanıb.

Daha sonra Türkiyə və Qazaxıstan gömrük xidmətləri arasında “Səlahiyyətli iqtisadi operator proqramlarının qarşılıqlı tanınması haqqında Fəaliyyət Planı” imzalanıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.