Azərbaycan Respublikası Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib
27 2017 16:10

Yanvarın 27-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2016-cı ildə dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırıb. Bildirib ki, ötən il dünyada kəskinləşən iqtisadi böhran əksər ölkələrdə çətinliklər yaratmasına baxmayaraq, əvvəlki illərdə olduğu kimi, ölkəmizin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar Azərbaycanın gələcək inkişafı üçün geniş perspektivlər açıb. Ötən il ölkəmizin hərtərəfli inkişafının parlaq gələcəyinə təminat verən mühüm qərarların qəbul olunması, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi, ordumuzun aprel döyüşlərində şanlı qələbələri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə ev sahibliyi etməsi ilə yadda qaldığı qeyd olunub.

Ölkə iqtisadiyyatının dinamik inkişafının və dayanıqlılığının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror vurğulayıb ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlib, şəxsi heyətin nizam-intizamının daha da artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb.

Hərbi prokuror deyib ki, 2015-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 14,2 faiz, hərbi xidmətdən yayınma cinayətləri 35,1 faiz, o cümlədən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 40,2 faiz, fərarilik 69,2 faiz, tabelik qaydası əleyhinə 4,2 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 4 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 53,3 faiz, qəsdən adam öldürmə 36,8 faiz, özünü öldürmə həddinə çatdırma 14,3 faiz azalıb. 2015-ci illə müqayisədə ötən il Müdafiə Nazirliyinin hərbi hissələrində qeydə alınmış cinayətlər 5,1 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 12,7 faiz azalıb. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, ötən il Silahlı Qüvvələrdə bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.

Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilərək icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli qərarı Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən vaxtında icra edilib, 72 hərbi qulluqçuya Amnistiya aktı tətbiq olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdəki kimi, 2016-cı ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Ölkə Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.

Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb. Bu xarakterli faktlar üzrə 153 şəxs barəsində 117 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Xanlar Vəliyev Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edib. Bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Xüsusi vurğulanıb ki, 2016-cı ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 1 milyon 102 min 641 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.

Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 45 nəfər tutularaq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 150 yoxlama keçirilib, nəticədə 2234 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 228 təqdimat göndərilib, 239 nəfərə xəbərdarlıq edilib, 41 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 137 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 23 qanunsuz qərar ləğv olunub.

Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 53 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 210 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Səyyar məhkəmə baxışının cinayətkarlığa qarşı mübarizədə xəbərdaredici funksiyasının əhəmiyyətini xüsusi vurğulayan hərbi prokuror qeyd etmişdir ki, bəzi hərbi məhkəmələrdə qanunvericiliyin bu mexanizmindən yetərincə istifadə olunmur.

Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.

Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1953 müraciətinə baxılıb, 1091 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2817 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2288 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq onlara əməl edilməsi hər bir əməkdaşdan ciddi tələb edilib.

Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri yerinə yetirilir.

Hərbi prokuror qeyd edib ki, ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin birləşmələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektlərini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.12-ci, 120.2.7-ci və 120.2.12-ci maddələri ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin icrasını vaxtında təmin ediblər. Hazırda həmin cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Vurğulanıb ki, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülüb, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar “Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı”na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm qaydada hərbi hissələrdə olub, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr edib, onlarla söhbətlər aparıb, eləcə də xidmətlərində fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr veriblər.

Ötən il hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 26 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib, Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 33 işçi vəzifədə irəli çəkilib. Xidməti fəaliyyətlərində fərqlənmiş 72 əməkdaş həvəsləndirilib, 34 işçi müxtəlif medallarla təltif olunub, 78 əməkdaşa rütbələr verilib.

Kollegiyada hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 9 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Sonra məruzə ətrafında çıxışlar olub.

Kollegiyada Tərtər hərbi prokuroru Fuad Məmmədov, Qazax hərbi prokuroru Şahin Zamanov, Füzuli hərbi prokuroru Natiq Həsənov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq deyib ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.


25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.