Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilməsinin 25 illiyini qeyd edir

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilməsinin 25 illiyini qeyd edir
03 2017 14:40

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi Azərbaycanın BMT-yə qəbul edilməsinin iyirmi beş illiyi ilə əlaqədar məlumat yayıb. Məlumatda deyilir:

“BMT-nin Baş Məclisi 1992-ci il martın 2-də keçirilmiş 82-ci plenar iclasda BMT Təhlükəsizlik Şurasının 14 fevral 1992-ci il tarixli tövsiyəsinə əsasən Azərbaycan Respublikasını Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul etmək barədə 46/230 nömrəli qətnamə çıxarıb.

Ötən dövrdə Azərbaycan Respublikası siyasi və iqtisadi baxımdan dinamik müasir dövlətə çevrilib, özünü etibarlı tərəfdaş kimi göstərib, regional və beynəlxalq səviyyədə öz rolunu təsdiq edib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 11 oktyabr 2016-cı il tarixli sərəncamda Azərbaycan xalqının dünya mədəniyyətinə töhfəsi, Azərbaycan Respublikası tərəfindən beynəlxalq hüququn subyekti statusu qazanılmasında dövlət müstəqilliyinin bərpa olunmasının əhəmiyyəti, dövlətçilik ənənələrinin möhkəmlənməsində görkəmli nailiyyətlər, bütün sahələrdə yüksək nəticələri qazanılmasına istiqamətlənmiş islahatların reallaşdırılması, iqtisadiyyatın, təhsil, səhiyyə və turizmin inkişafı, strateji enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, ölkənin mədəniyyətinin zənginləşməsi, regional və beynəlxalq təhlükəsizliyə şərait yaradan insan haqlarının və əsas azadlıqların inkişafı, habelə davamlı inkişaf sahəsində BMT-nin hədəflərinə nail olunması xüsusi qeyd edilib.

Prezident xatırladıb ki, 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdı. Prezident vurğulayıb: “Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi”.

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edildiyi andan daim BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə və məqsədlərinə sadiqlik nümayiş etdirir, bu təşkilatı qətiyyətlə dəstəkləyir və onun fəaliyyətində aktiv iştirak edir. Bu dövr ərzində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının iki əsas orqanının - Təhlükəsizlik Şurasının (2012-2013-cü illər) və İqtisadi və Sosial Şuranın (2003-2005-ci illər və 2017-ci ildən başlayaraq növbəti üç illik müddətdə) üzvü, habelə İnsan Haqları Komissiyasının (2005-2006-cı illər), İnsan Haqları Şurasının (2006-2009-cu illər) və təşkilatın digər orqanlarının və strukturlarının üzvü olub.

Azərbaycan Respublikası Qərb ilə Şərqin qovuşuğunda yerləşən, həm Asiyanın, həm də Avropanın tərkib hissəsi olan ölkə kimi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına fəal kömək edir və bu məqsədə nail olmaq üçün öz səylərini davam etdirmək əzmindədir.

BMT Baş Məclisi “Dinlərarası və mədəniyyətlərarası dialoqun, sülh naminə qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı 71/249 nömrəli qətnaməsində BMT Sivilizasiyalar Alyansının 2016-cı il aprelin 25-27-də Bakıda keçirilmiş VII Qlobal Forumunda qəbul edilmiş “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” adlı Bakı Deklarasiyasını alqışlayıb.

Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında təbii körpü kimi rolu 2015-ci ildə keçirilmiş Birinci Avropa Oyunlarında və bu il may ayında keçiriləcək İslam Həmrəyliyi Oyunlarında, habelə başqa mühüm beynəlxalq mədəniyyət və idman tədbirlərinin, o cümlədən 2012-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin, 2016-cı ildə “Formula-1” Avropa Qran-prisi yarışlarının və 42-ci Şahmat olimpiadasının keçirilməsində də təzahür edib.

Təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində heç bir ciddi irəliləyiş olmayıb. Ermənistan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin, Dağlıq Qarabağ regionunun və ona bitişik 7 rayonun işğalını davam etdirir.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğal olunmasını pisləyən, onun suverenliyinə və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq olunmasının yolverilməzliyini təsdiq edən dörd qətnaməni (822, 853, 874 və 884 saylı) yekdilliklə qəbul edib. Təhlükəsizlik Şurası Ermənistanın ərazi iddialarına və hərəkətlərinə cavab olaraq, Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını bir daha təsdiqləyib və işğalçı qüvvələrin işğal olunmuş bütün ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında, onun beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində həll edilə bilər. Ermənistan bu faktı nə qədər tez dərk etsə və öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən nə qədər tez çıxarsa, münaqişə bir o qədər tez tənzimlənər, əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən hər iki ölkə və onların xalqları qazanar”.


2 Dek 2022
Siyasət

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib.

2 Dek 2022
Siyasət

Azərbaycanda MMC-yə 2 milyon manata yaxın güzəştli kredit verilib - Nazir AÇIQLADI + FOTO

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən “ATA PACK” MMC-yə etiket və qida qablaşdırma məhsullarının istehsalı üçün 1 milyon 950 min manat güzəştli kredit ayrılıb”.

2 Dek 2022
Siyasət

İlham Əliyev Oğuz rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonuna səfər edib.

2 Dek 2022
Siyasət

Hikmət Hacıyev ADA-da 17 ölkədən gələn diplomat, ekspert və akademik qarşısında çıxış edib - FOTO

“17 ölkədən olan 28 diplomat, ekspert və akademikin iştirak etdiyi paneldə çıxış etməkdən məmnunam”.

2 Dek 2022
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva “Yuxarı Baş” qoruğunda aparılan təmir-bərpa işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.