“Şahdəniz” yatağından ilk qaz hasilatına başlanmasından 10 il keçir

“Şahdəniz” yatağından ilk qaz hasilatına başlanmasından 10 il keçir
21 Dek 2016 11:44

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından ilk qaz hasilatına başlanılmasından 10 il keçir.

AZƏRTAC BP-yə istinadla xəbər verir ki, on il əvvəl, Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağında hasilat işlərinə başlanılıb. Ötən on il ərzində, “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi çərçivəsində regionun üç ölkəsinə - Azərbaycan, Gürcüstan və Türkiyəyə davamlı surətdə etibarlı qaz təchizatı təmin edilir. Bu, 1996-cı ildə “Şahdəniz” üzrə HPBS imzalandıqdan və 1999-cu ildə “Şahdəniz” yatağında qaz kəşf edildikdən sonrakı müddətdə BP və onun tərəfdaşları üçün, habelə layihə çərçivəsində dünyanın müxtəlif yerlərində texniki layihələndirmə, istehsal, tikinti, nəqliyyat, sazlama və istismaravermə işlərinə cəlb olunmuş çoxsaylı komandalar üçün mühüm bir nailiyyət idi.

Sözügedən layihə beynəlxalq aləmdə böyük marağa səbəb olub və qaz ixrac edən ölkə olaraq Azərbaycan üçün yeni bir dönəmin başlanğıcını qoyub. On il keçəndən sonra da “Şahdəniz Alfa” platforması tam gücü ilə işləməyə davam edir. 2016-cı ilin üç rübü ərzində yataqdan təxminən 8 milyard standart kubmetr qaz və 1,9 milyon ton kondensat təhlükəsiz şəkildə hasil edilib.

“BP Azerbaijan” şirkətinin hasilat üzrə vitse-prezident Elxan Məmmədov deyir: “Şahdəniz” yatağı həm BP şirkəti, həm də Azərbaycan üçün ən strateji yataqlardan biridir. Həmin yatağın işlənməsi üçün nəzərdə tutulan ilk platformamız olan “Şahdəniz Alfa” platformasında bir sıra böyük nailiyyətlər əldə olunub. Misal üçün, qurğunun faydalı iş əmsalı AGTR və BP üzrə qlobal göstəricilər ilə müqayisədə ən yüksək olub (çox vaxt 100 faizə çatıb), BP portfelinə daxil olan ən böyük quyulardan bir neçəsi burada qazılıb və sair. Bütün bunlar böyük iftixar doğurur. Amma bundan daha da əhəmiyyətlisi odur ki, “Şahdəniz Alfa” platforması üç ölkəyə, Azərbaycan, Gürcüstan və Türkiyəyə qaz enerjisi təchiz edir və həmin ölkələrdəki insanlara öz evlərini isti və işıqlı saxlamaqda kömək edir. Ona görə də, “Şahdəniz Alfa” platformasında işləyən hər bir kəs indiyədək əldə edilmiş nailiyyətlərlə fəxr etməlidir. Həmin platforma işləmək üçün həqiqətən də gözəl bir yerdir! “Şahdəniz Alfa” komandasının bütün üzvlərini 10 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm”.

“Şahdəniz Alfa” platforması qazma və hasilat bloklarından, habelə 120 nəfər üçün nəzərdə tutulmuş yaşayış blokundan ibarət, ümumi çəkisi 32 min ton (o cümlədən, üst modulları 22 min ton, dayaqlar və özülləri 10 min ton) olan özüqalxan böyük bir platformadır. Platformanın qazma qurğuları uzunluğu 7 kilometrdən və əhatə dairəsi 3 kilometrdən çox olan quyular qazmağa, hasilat qurğuları isə gündə təxminən 1 milyard kubfut (28,5 milyon kubmetr) qaz və 60 min barrel (8000 ton) kondensat emal etməyə imkan verir.

Heç bir şübhə yoxdur ki, platformanın on il ərzində təhlükəsiz şəkildə müvəffəqiyyətlə istismar edilməsi fövqəladə səy, fədakarlıq və peşəkarlıq nümayiş etdirməkdə davam edən komandaların və ayrı-ayrı şəxslərin ərsəyə gətirdiyi böyük bir nailiyyətdir. “Şahdəniz Alfa” platforması onlar üçün sadəcə qaz hasil edən bir qurğu və ya iş yeri deyil, həyatlarının bir hissəsi, ailə və bir məktəbdir. Burada onlar bilik və bacarıqlarını inkişaf etdirərək peşəkar kimi yetişiblər və bunun sayəsində, dünya standartlarına cavab verən platformadan qaz və kondensatın hasil edilməsi və Səngəçal terminalındakı emal obyektlərinə çatdırılması ilə əlaqədar bütün texniki aspektləri əminliklə idarə edirlər.

İdarəetmə otağının texniki-təlimatçı Kieran Smit “Şahdəniz” layihəsinə təxminən 11 il əvvəl idarəetmə otağının texniki-hasilat üzrə texniki kimi qoşulub. Həmin vaxt platforma hələ də Zığ meydançasında tikilməkdə idi. O, öz xatirələrini bölüşür: “Biz, əcnəbilərdən və yerli texniklərdən ibarət kiçik bir komanda idik və növbəti 11 il ərzində “Şahdəniz” platformasının tikinti meydançasında böyüyərək BP şirkətinin dünyadakı ən iri və etibarlı hasilat platformalarından birinə çevrilməsini görmək və həmin prosesə öz kiçik töhfəmizi vermək bizə qismət oldu. Bundan başqa, bütün yerli texniklərin inkişaf etməsini böyük iftixar hissi ilə müşahidə etmişəm. Tikinti meydançasındakı həmin ilk bir-iki ay ərzində tanış olduğum yerli texniklərdən hər biri BP şirkəti daxilində müxtəlif vəzifələr üzrə irəliləyib və indi hamısı rəhbər vəzifələrdədirlər. İndi “Şahdəniz” yatağından ilk qaz hasil ediləndən sonra 10 il ötdüyünü düşünəndə, keçdiyimiz yolun bütün mühüm mərhələləri arasında birinci addım ən vacibi olub və bizə bugünədək bu qədər nailiyyətlər əldə etməyə, o cümlədən platformanın dayandırılmadan 1000 gündən çox müddətdə istismar edilməsinə nail olmağa və hər il hasilat üzrə rekordlar vurmaqda davam etməyimizə imkan verib. Heç bir şübhə yoxdur ki, “Şahdəniz” platformasında hasilatın son 10 ili iş həyatımda ən çox fəxr hissi duyduğum illərdir. Buna səbəb yalnız hasilat baxımından əldə etdiyimiz nailiyyətlər deyil. Həmin illər ərzində istismar əməliyyatları komandasının inkişaf edərək hazırda “Şahdəniz” platformasını mümkün olan ən yüksək və ən təhlükəsiz standartlar səviyyəsində istismar edən əla bir komandaya çevrilməsinin şahidi olmuşuq.”

Dənizdə texniki xidmət üzrə planlaşdırıcı Pərviz Səfərov deyir: “Mən, “Şahdəniz Alfa” layihəsinə 2006-cı ilin avqustunda qoşulmuşam. Yadıma gəlir ki, həmin zaman istismar əməliyyatları çərçivəsində işləyən bir neçə yerli texnikdən ibarət kiçik bir komanda idik. “Şahdəniz Alfa” bizim üçün gözəl bir məktəb olub. İndi etdiklərimizi orada yaxşıca öyrənmişik. İndi, “Şahdəniz Alfa” platformasının demək olar ki, tamamilə yerli əməkdaşlar tərəfindən müvəffəqiyyətlə idarə olunduğunu görməkdən fərəh hissi keçirirəm. “Şahdəniz Alfa” platformasında bu böyük nailiyyətə töhfə vermiş hər bir kəsə təşəkkürümü bildirirəm.”

“Şahdəniz Alfa”nın texniki xidmət qrupunun rəhbəri İsa Manafov deyir: “BP ailəsinin üzvü olmaqdan qürur duyuram. BP mədəniyyətindən danışanda, insanların iş yerində proseduralara və əməyin təhlükəsizliyinə riayət etdiklərini görəndə iftixar hissi keçirirəm. “Şahdəniz Alfa” platformasında işləyən hər bir kəsi təbrik etmək istəyirəm”.

“Mən “Şahdəniz Alfa” platformasına 2005-ci il avqustun 1-də Xəzər Texniki Təlim Mərkəzində hasilat üzrə texnik olaraq təlimləri başa çatdırdıqdan bilavasitə sonra gəlmişəm. Həmin vaxt Zığ meydançasında platformanın tikintisi davam edirdi. Komandam ilə birlikdə tikinti mərhələsində, sonra isə istismara vermə mərhələsində işləmişəm. Daha sonrakı bir neçə il ərzində idarəetmə otağının texniki işləmişəm, 2013-cü ildə isə hasilat üzrə supervayzer vəzifəsinə irəli sürülmüşəm. Həmkarlarım və təlimatçılar mənə həmişə dəstək olublar, bu isə mənə öz səriştə və bacarıqlarımı inkişaf etdirməyimə kömək edib,” - deyə hasilat üzrə supervayzer Samir Qaracəmirli əlavə edib.

Bütün bunlar onu göstərir ki, dünya standartlarına cavab verən bu komanda sayəsində həmin uğur gələcək illərdə də davam edəcək və qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılmasını təmin edəcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.