“Moskovskiy komsomolets” qəzetində Azərbaycanın unikal Naftalan kurortu haqqında məqalə dərc edilib

“Moskovskiy komsomolets” qəzetində Azərbaycanın unikal Naftalan kurortu haqqında məqalə dərc edilib
10 Dek 2016 14:48

“Moskovskiy komsomolets” qəzetində Azərbaycanın unikal Naftalan kurortu haqqında məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, bu məqalənin tam mətni ilə tanış olmaq üçün “http://www.mk.ru/editions/daily/2016/12/09/naftalan-chudo-nefti-zhivotvoryashhey.html” linkindən istifadə edə bilərsiniz.

Məqalədə vurğulanır ki, Naftalan məlhəmi çoxlarının yadında hələ uşaqlıq dövründən “möcüzəli” bir vasitə kimi qalıb: onu uşaqlara diatezdən xilas olmaq üçün, yaşlılara isə dərinin sağlamlığı, gözəlliyi və hamarlığı üçün məsləhət görürdülər. Haqlı olaraq “Cənubi Qafqazın Baden-Badeni” ləqəbi almış Naftalan kurortu sağlamlaşdırıcı turizm mülahizələrinə görə İsrailin Ölü dəniz kurortu və Avropanın məşhur müalicəvi kurortları ilə layiqincə rəqabət aparır.

Məqalənin müəllifi qeyd edir ki, bu möcüzəli vasitə barədə ilk yazılı məlumatın müəllifi Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvi olub. O öz şeirlərində “dirilik mənbəyi” olan bu neftin indiki Naftalan şəhərinin yaxınlığında yerləşən Səfikürd kəndindən karvanlarla Qərbə aparılmasını təsvir edir. Həmin dövrdə Naftalan nefti əsasən ixrac edilirdi. Onu karvan yolları ilə Kiyev Rus Dövlətinə, Mərkəzi Asiyaya, Əfqanıstan, Hindistan və Fars Körfəzi ölkələrinə aparırdılar. Orta əsrlərdə yaşamış məşhur səyyah Marko Polo öz yol qeydlərində Naftalan neftini “bütün dəri xəstəliklərinin əlacı olan sehrli məlhəm” kimi təsvir edir. Naftalan neftinin istifadəsinə dair təlimat bir neçə əsr bundan əvvəl yaranıb. Bu neftin müalicəvi xüsusiyyətlərindən həm yerli sakinlər, həm də müxtəlif dövrlərdə Azərbaycana yürüş etmiş yadellilər –Makedoniyalı İsgəndərin döyüşçüləri, Roma legionerləri, vikinqlər, alanlar, xəzərlər və başqa qəbilələrin nümayəndələri istifadə edirdi. Əvvəllər yerli sakinlər bu şəfa məlhəmini özləri hasil edirdilər. 1890-cı ildə buraya gəlmiş almanlar isə həmin neftdən kommersiya məqsədilə istifadə etmək fikrinə düşürlər. Naftalan neftinin müalicəvi xüsusiyyətlərindən xəbər tutan alman mühəndis Yeqer orada ilk quyu qazdırır və Naftalan məlhəmi istehsal edən kiçik müəssisə yaradır. Az sonra bu iş uğurlu nəticələr verir: Naftalan məlhəmini Avropaya və digər bölgələrə satmağa başlayırlar. 1904-cü ildə Rus-Yapon müharibəsi dövründə hər bir yapon əsgərinin fərdi aptekində ilk yardım vasitəsi kimi bir banka Naftalan məlhəmi olmalı idi. Bankanın üzərindəki etiket kağızında bu sözlər yazılırdı: “Bu məlhəmi olan şəxsin yaralardan qorxusu yoxdur”.

1920-ci ildən Naftalan mədəni SSRİ-nin sərəncamına keçdi. Bu yatağı dövlət tərəfindən qorunan zona elan etdilər, Bakıdakı Elmi-Tədqiqat Kurortologiya İnstitutunda Naftalan neftinin bioloji təsirinin öyrənilməsi üzrə eksperimental laboratoriya yaradıldı. 1926-cı ildə elita üçün ixtisaslaşdırılmış Naftalan kurortu açıldı. Burada nevroloji, dəri, ginekoloji, uroloji mənşəli xəstəliklər, habelə dayaq-hərəkət aparatının xəstəlikləri uğurla müalicə olunurdu.

Mütəxəssislərin fikrincə, buranın iqlim şəraiti ürək-damar, otolaringiya, stomatologiya, proktologiya, habelə sinir, sümük-oynaq və sümük-əzələ sistemlərinin, dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsi zamanı Naftalan prosedurlarının effektini artırır. Yod-brom vannaları və fizioterapiya prosedurları ilə birgə tətbiq edilən Naftalan periferik arteriyalar ilə bağlı problemlərin aradan qaldırılmasında və əməliyyatdan sonrakı reabilitasiya dövründə əvəzedilməz vasitədir. Naftalan kurort komplekslərində bəzi delikat problemlərin – qadın və kişi sonsuzluğunun müalicəsi, ginekoloji və uroloji problemlərin, o cümlədən xroniki prostatit və erektil disfunksiya kimi problemlərin aradan qaldırılması üçün hər cür zəruri şərait yaradılıb.

Məqalə müəllifi qeyd edir ki, bu gün Naftalan kurortu “üçü birində” tipli kurort hesab edilməlidir: qədim tarix, unikal təbiət və qabaqcıl texnologiyalar o qədər üzvi şəkildə əlaqələndirilib ki, buna təəccüblənməmək olmur. Əslində buraya ilk dəfə gələnlər hələ yolda ikən heyrətlənirlər: Kiçik Qafqazın dağətəyi bölgəsində şam parkları, bu parkların içində müasir kurort kompleksləri və möhtəşəm Qafqaz sıra dağları diqqəti cəlb edir. Naftalanda hər tərəf yaşıllığa bürünüb. Bu fakt neftin guya cansıxıcı sahələrdə yaranması barədə mifi alt-üst edir. Bu kurortda dünyada yeganə olan “Qoltuq ağacları muzeyi” də heyrət doğurur: burada ən müxtəlif konstruksiyalı və müxtəlif ölçülü əsalar və adi əl ağacları “kolleksiyası” yaradılıb. Naftalana gələndə bu əsaların köməyi olmadan yeriyə bilməyən pasiyentlər buradan öz ayaqları ilə yeriyir, qoltuq ağaclarına və əsalara daha ehtiyac qalmadığı üçün onları burada “yadigar” qoyub gedirlər.


22 Apr 2021
Cəmiyyət

Azərbaycanda daha 2 047 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 047 yeni yoluxma faktı qeydə alınıb, 2 610 nəfər müalicə olunaraq sağalıb.

22 Apr 2021
Cəmiyyət

XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadıldı

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri Nurupaşa Abdullayev, Səlim Əlizadə və İlqar Əliyevin barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

22 Apr 2021
Cəmiyyət

Bakıda polisdən vaksin əməliyyatı: Baş həkimlər saxlanıldı

Bakıda fəaliyyət göstərən bir neçə poliklinikada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib.

22 Apr 2021
Cəmiyyət

Direktor müavinlərinin işə qəbulunun birinci mərhələsi yekunlaşdı

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun birinci mərhələsi başa çatıb.