Azərbaycan Prezidentinin 23 sentyabr 2016-cı il Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb.
“ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir.
“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.
Bu sahədə ilkin olaraq Masallı, Balakən, İsmayıllı, Şəki və Bakı şəhərindən ümumilikdə sənətkarlıqla bağlı 63, kənd təsərrüfatı sahəsi üzrə isə 30 ailə seçilib.
Martın 18-də isə “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Oxu.Az-ın əməkdaşları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sosial layihələrə dəstəyi çərçivəsində qurulmuş mərkəzin fəaliyyət ilə tanış olmaq üçün qoruğun ərazisinə baş çəkib.
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin mütəxəssisi Nərmin Abbaszadə öncə qurumun konsepsiyasına toxunaraq qeyd edib ki, ailə biznesinə asan dəstək konsepsiyası ailə təsərrüfatı, həmçinin təsərrüfat sahəsi və sənətkarlıq sahəsi üzrə məhsulların brendləşdirilməsi, marketinq, maliyyə-mühasibat, hüquqi xidmətlər, onların istehsal avadanlıqları ilə təmin edilməsi kimi xidmətlər göstərir:
“Bu xidmətləri hər bir sənətkar və ya təsərrüfatçı dəyərləndirir. Onun təklif olunan xidmətlərdən hər hansına ehtiyacı olarsa, onlardan istifadə edə bilər”.
Mütəxəssis bildirib ki, “ABAD” sənətkarlıq mərkəzində hazırda 63 ailənin 500 adda, 2000 minə yaxın sənətkarlıq məhsulları var:
“Həmçinin 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb”.
O qeyd edib ki, təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib:
“Burada hər məhsulun yanında kitabçası var, onların içərisində isə sərgi-satışa çıxarılan məhsullar barəsində kiçik məlumatlar verilir.
Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir. Məsələn, “bu əl işi Masallı rayonunun Məmmədovlar ailəsinə məxsusdur” bu tipli informasiya yerləşdirilir. Həmin ailənin hansı sənətkarlıq və yaxud kənd təsərrüfatı sahəsi ilə məşğul olması haqqında məlumatlar verilir”, - deyə mütəxəssis sözlərinə əlavə edib.
Qiymətlərdən danışan mütəxəssis bildirib ki, mərkəzdə qiymətlər müxtəlifdir. Məhsul hər bir sənətkarın əl işinə uyğun olaraq qiymətləndirilir.
Onun sözlərinə görə, hər bir sənətkar üçün VOEN, bank hesabı açılır: “Məhsulların satışından əldə edilən gəlir isə birbaşa olaraq həmin sənətkarların bank hesablarına yerləşdirilir”.
Nərmin Abbaszadə qeyd edib ki, “ABAD” sənətkarlıq mərkəzi turistlərin çox böyük marağına səbəb olub:
“Düşünürük, gələcəkdə bir deyil, bir neçə belə mərkəzin yaradılmasına zərurət yaranacaq”.
Statistikaya görə, mərkəz artıq fəaliyyətə başladığı son 10 gün ərzində bir neçə min müştəri də cəlb edə bilib
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.