“İstilik yoxdur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir” - Deputat

“İstilik yoxdur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir” - Deputat
07 Dek 2016 17:42

Elmira Axundova: “Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik”

Milli Məclisin iclasında  2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı deputat Elmira Axundova 
çıxış edib. “Keçən illərdəki uğurlu nəticələri əldə etmək üçün Azərbaycan iqtisadiyyatının qarşısında cənab Prezident tərəfindən qeyri-neft sahələrinin inkişafı, məşğulluq və gəlir səviyyəsinin artımı, iqtisadiyyatda səmərəliliyin və rəqabətliliyin artımı kimi əsas məqsədlər qoyulub. Bu baxımdan deputatlara təqdim edilən büdcə layihəsi bütün gələcək mümkün risk və problemləri nəzərə alan, balanslaşdırılmış və yüksək professionallıqla hazırlanmış bir sənəddir. Layihəni hazırlayan hökumət nümayəndələri böyük iş görüblər. Layihənin lehinə səs verəcəyəm. Bununla bərabər bəzi təkliflərimi səsləndirmək istəyirəm”.
E.Axundova xatırladıb ki, bu yaxınlarda Prezidentin sərəncamı ilə ölkəyə idxal olunan bir sıra malların, qida, tikinti və s. məhsulların gömrük rüsumları artırıldı. Bu addım əhalinin yerli mallara üz tutmasına, daxili istehsalın artmasına xidmət etməlidir.
“Bununla belə hələ ki qiymətlərə nəzarət mexanizmi güclü deyil. Artıq bir çox yerli malların qiyməti süni şəkildə artırılıb. Bu da əhalinin narazılığına səbəb olur. Çünki əgər 1-2 ayda ərzaq qiymətləri 25-30 faiz artıbsa, bu vaxt ərzində insanların gəlirləri yaxşı halda 10-15 faiz artıb. Ona görə bu uyğunsuzluğu aradan götürmək hökumətin əsas vəzifələrindən biridir.
İkincisi, biz yerli kənd təsərrüfatı malları istehsalının artmasını istəyiriksə, bir sıra məsələləri diqqətdə saxlamalıyıq. İlk öncə qeyd edim ki, respublikada bir çox torpaqlar əkilmir. Məsələn, Masallıda 9 min ha münbit torpaq hələ ki istifadəsiz qalmaqdadır. Səbəblər çoxdur, amma ən birincisi suvarma çətinliyidir. Arzu edərdim ki, meliorasiya və suvarma işləri gələn il daha sürətlə həyata keçirilsin”.
Elmira Axundova digər məsələ kimi tədarük mərkəzlərindən danışıb: “Belə ki, əgər tədarük mərkəzləri bütün rayonlar üzrə yaradılsa, kəndli məhsul istehsal etməkdən çəkinməyəcək. Bu il mövsümün qızğın vaxtında pomidorun yeşiyi 30 qəpiyə satılıb, təqribən 1 kilosu 3 qəpiyə. Axı bu qiymətə pomidor satan hansı kəndli növbəti il məhsul becərər. Bundan əlavə təklif edərdim ki, dövlət ehtiyacları üçün, məsələn, Müdafiə Nazirliyi, qida və kənd təsərrüfatı məhsulların alınması ilə bağlı tenderlər elan olunarkən yerli malların alınmasına üstünlük verilsin.
Digər bir təklifim ixrac edilən kənd təsərrüfatı məhsulları ilə bağlıdır. Yaxşı olardı ki, bir çox ölkələrdə olduğu kimi kənd təsərrüfatı malları ixrac edildikdə, ixrac edilən məhsulun ümumi məbləğinin 5 faizi qədər vəsait dövlət tərəfindən sahibkara geri qaytarılsın. Bu həm ixracı stimullaşdıracaq, həm sahibkara imkan verəcək ki, malı xarici ölkədə daha ucuz qiymətə və qısa müddətə satsın, ölkəyə valyuta axını təmin olunsun. Lakin cənab Prezident dediyi görə bu prosesə də ciddi nəzarət olunmalıdır”.
Deputat respublikada növbəti geniş özəlləşdirmə mərhələsinin başladığına diqqət çəkərək, bu prosesə fərqli baxışı olduğunu söyləyib: “Özəlləşdirmə labüddür, çünki bəzi dövlət müəssisə və səhiyyə ocaqlarının səmərəliliyi istənilən qədər deyil və onların saxlanılması dövlət üçün böyük maliyyə yüküdür. Bu baxımdan mən onların özəlləşdirilməsinin tərəfdarıyam. O şərtlə ki, tibbi sığorta tam gücü ilə işə salınsın və özəlləşmə lazımi şərtlərlə aparılsın. Məsələn, özəlləşən müəssisənin işçiləri ixtisar olunmasın, müəssisənin profili dəyişdirilməsin. Bildiyimə görə özəlləşdirmə proqramında belə şərtlər var. Baxın, Respublikada nə qədər idman obyekti var ki, dövlətin balansındadır və özəlləşdirməyə ehtiyacı var. Belə obyektlər respublikada yüzlərlədir.
Digər bir fikrimi sizlərlə bölüşmək istəyirəm. Bildiyiniz kimi neft gəlirlərinin azaldığı bir vaxtda alternativ gəlir mənbələrini axtarmaq lazımdır. Bunlardan biri də xüsusən tranzit yük daşımalarıdır. Məlumdur ki, Şimal-Cənub dəmir yolu dəhlizi tezliklə işə düşəcək. Hesab edirəm ki, dövlətimiz bu sahədəki logistikaya yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində ciddi iş aparmalıdır. Çünki bu sahə böyük perspektivə malikdir, ölkəmiz dünya dəmiryolu şəbəkəsinin vacib həlqəsinə çevrilməlidir.
Artıq büdcədən rayonlara dotasiya ayrılması dövrünə son qoyulmaqdadır. Regionlar özlərini daxili yığımlar hesabına saxlayacaqlar. Bu labüd bir prosesdir. Bununla bağlı xüsusən rayon icra hakimiyyətləri rayon ərazisində güzəştli şərtlər təqdim etməklə xüsusən yerli sahibkarlara əlverişli mühit yaratmalıdırlar, yerli və xarici investisiya cəlb etməlidirlər. Məsələn, müəssisə tikmək üçün torpaq ayrılması, fermer təsərrüfatı yaratmaq üçün örüş yeri ayrılması və s. Bunun üçün məncə hökumət tərəfindən bütün icra hakimiyyətləri üçün konkret hədəflər müəyyən edən vahid plan hazırlanmalı, tapşırıqlar verilməlidir. Yenə də əsas prinsip sahibkarlar üçün əlverişli şəraitin yaradılmasıdır. Onlar da öz növbəsində rayon büdcəsini dolduracaqlar”.
Elmira Axundova valyuta bazarı ilə bağlı həmkarı Yevda Abramovun çıxışını dəstəklədiyini vurğulayıb: “Valyuta dəyişmə məntəqələrinin ləğvi bir çox fəsadlara səbəb oldu. Birincisi, çox sayda insan, təcrübəli işçilər işsiz qaldı. İkincisi, qara bazar hal-hazırda tüğyan edir və süni şəkildə dolların baha qiymətə satışını həyata keçirir. Üçüncüsü, turistlər şənbə-bazar günləri özləri ilə gətirdikləri xarici valyutanı, əsasən bilirik ki, bu valyuta dollardır, dəyişməyə yer tapa bilmir. O valyutanı gətirdiyi kimi də ölkəsinə geri aparır. Buna görə çox istərdim ki, valyuta dəyişmə məntəqələri bərpa edilsin.
Toxunmaq istədiyim digər məsələ əlillərlə bağlıdır. Ümumiyyətlə Azərbaycanda əlillərə, xüsusən Qarabağ əlillərinə dövlət dəstəyi yüksək səviyyədədir. 2015-ci ilin statistikasına görə ölkəmizdə 570 min əlil var, onlardan 65 mini uşaqlardır. İlk növbədə əlillərin iş məsələsini həll etmək lazımdır. Bizdə belə bir kvota müəyyən edilib ki, bu və ya digər müəssisədə 25 iş yerindən biri əlilə ayrılmalıdır. Amma bu qayda işləmir, çünki işəgötürən əlili işə götürməkdənsə, cüzi cəriməni ödəməyi üstün tutur. Buna görə düşünürəm ki, cəriməni sərtləşdirmək lazımdır.
Bir çox inkişaf etmiş dövlətlərdə mövcud olan güzəştləri bizdə də tətbiq etmək olar. Məsələn, Belorusiyada kommunal xidmətlərdə 1 və 2-ci qrup tənha yaşayan əlillərə nisbi endirimlər, dərmanlara 90 % güzəşt,  ictimai nəqliyyatdan pulsuz istifadə var. Almaniyada bütün əlillər üçün ictimai nəqliyyat və dərmanlar pulsuzdur. Ən əsas problem isə bizdə anadangəlmə əlillərin pensiya məbləğinin çox aşağı olmasıdır, 50-70 manat arası. Belə ailələrə yaşamaq çox çətindir, çünki anadangəlmə əlil övladına baxan ana onu evdə tək qoyaraq adətən başqa yerdə işləməyə gedə bilmir. Mən başa düşürəm ki, maliyyə çətinliklərimiz var, amma çalışıb gələcəkdə hansısa şəkildə anadangəlmə əlillərin pensiyasını artırmalı və bu kateqoriya vətəndaşların pulsuz dərman problemini həll etməliyik.
Sonda qeyd etmək istədiyim məsələ rayon məktəblərində istilik sistemi ilə bağlıdır. Mən bununla bağlı dəfələrlə çıxışlar edib, aidiyyəti qurumlara müraciət etmişəm. Amma məsələ həll olunmaq bilmir. Təsəvvür edin ki, dövlət müasir səviyyədə məktəb binası tikir, istilik sistemini qurur, qaz xəttini çəkir, lakin binaya qaz verilişi təmin olunmur. Əsas da o göstərilir ki, Azəriqaza vəsait ödənməlidir. Nəticədə uşaqlar soyuq otaqlarda dərs keçirlər. Artıq dərəcədə xahiş edirəm, bu övladların səsinə səs verək. İnanın ki, eyni problem bütün rayonlarımızda mövcuddur”.


14 Fev 2020
İqtisadiyyat

Azərbaycan xaricdən kartof idxalını dayandıra bilər

Azərbaycan daxili və xarici bazarı təmin edəcək qədər kartof istehsal etməyə qadirdir.

14 Fev 2020
İqtisadiyyat

Minimum əməkhaqqı artırılacaq — ŞAD XƏBƏR

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.

10 Fev 2020
İqtisadiyyat

Azərbaycanda kredit faizlərinin yüksək olma səbəbləri - TƏHLİL

Azərbaycanda kredit faizlərinin yüksək olma səbəbləri - TƏHLİL