Azərbaycan millisinin sabiq futbolçusu minifutbol yığmasında oynamaq istəyir

Azərbaycan millisinin sabiq futbolçusu minifutbol yığmasında oynamaq istəyir
27 Mar 2024 16:22

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov minifutbol yığmasında oynamaq istəyir.

Bunu “Report”a açıqlamasında 39 yaşlı müdafiəçi bildirib.

Minifutbol üzrə Azərbaycan çempionatında çıxış edən “İnter” komandasının formasını geyinən Əmircanov yaşının çoxluğunun buna mane olmadığını düşünür: “Minifutbol millisinə düşmək üçün yaşın fərqi yoxdur. Gücün varsa, istənilən vaxt təklif gözləyə bilərsən. Əsas odur ki, daim formada olasan. Azərbaycan millisinin formasını geyinmək mənim üçün böyük şərəf olar”.

II Liqada çıxış edən “Cəbrayıl” klubu ilə anlaşan oyunçu yenidən böyük futbola qayıtdığı üçün sevincli olduğunu bildirib: “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynovla minifutbolda çıxış edən “İnter” komandasında bir yerdə oynayırıq. Ona dedim ki, özümdə futbola qayıtmaq gücünü hiss edirəm. Futbolüçün darıxdığıma görə istənilən komandada təmənnasız oynamağa hazır idim. Sonra Cavid müəllim dedi ki, “Cəbrayıl”ın mənim kimi təcrübəli oyunçuya ehtiyacı var. Mən də razılaşdım. İlk oyunumda “Qusar”a (2:3) məğlub olsaq da, “Cəbrayıl”ın yaxşı kollektivi var. Yenidən böyük meydanda oynamaq gözəl hiss idi. Bu çempionatın oyunlarına da azarkeş marağı böyükdür. Komandanın hədəfi isə I Liqaya vəsiqə qazanmaqdır”.

O, minifutbolla böyük futbol arasında fərqləri də izah edib: “Hər adam minifutbolda baş aça bilmir. Çünki orada meydança balaca olduğu üçün tez qərar verməlisən. Topla rəftarı zəif olan şəxs minifutbolda oynaya bilməz. Minifutbolda çıxış edənlərin çoxunun texnikası yüksəkdir. Ancaq digər tərəfdən minifutbolda olanların da heç də hamısı böyük futbolda oynaya bilməz. Meydan böyükdür, daha çox qaçmalısan. Minifutboldan böyük futbola keçid daha çətindir”.

Ruslan Əmircanov eyni anda həm “Cəbrayıl”da, həm də “İnter”də oynamağın çətinlik törətməyəcəyini vurğulayıb: “Cəbrayıl”la “İnter”in oyunları üst-üstə düşmür. Bu baxımdan problem olmur”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.