Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə Ölkə Prezidentinin tapşırığına uyğun olaraq "Azərenerji" tərəfindən kompleks işlər həyata keçirilir. Belə ki, Ağdam rayonunun böyüklüyü və ərazidə böyük layihələrin gerçəkləşəcəyi nəzərə alınmaqla burada 2 ədəd 110/35/10 kilovoltluq "Ağdam-1" və "Ağdam-2" yarımstansiyaları tikilir. "Ağdam-1" yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, "Ağdam-2" yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir. Ən əsası sözügedən yarımstansiyalara "Xındırıstan" yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Bundan əlavə "Ağdam-1" yarımstansiyasının yaxınlığında "Azərenerji"nin Qarabağ Regional idarəetmə mərkəzi də tikilir ki, burada ən müasir rəqəmsal avadanlıqlar yerləşdirilməklə işğaldan azad edilən rayonların avtomatik idarəetməsi reallaşdırılacaq.

"Ağdam-1" yarımstansiyasında işlər sürətlə aparılır. "Ağdam-2" yarımstansiyasında isə artıq işlərin böyük hissəsi görülüb, tikinti yekunlaşma mərhələsinə daxil olub. 40 km məsafədə çəkilən 110 kV-luq elektrik verilişi xəttinin, o cümlədən "Ağdam-1", "Ağdam-2" yarımstansiyalarının, eləcə də burada inşa edilən Qarabağın Regional idarətmə mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb.