Ceyhun Bayramov: “Qarabağ münaqişəsinin həlli bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini açır”

Ceyhun Bayramov: “Qarabağ münaqişəsinin həlli bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini açır”
27 Noy 2020 16:26


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclası keçirilib.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov iclasda çıxış edib.

Nazir QDİƏT gündəliyində olan bir sıra vacib məsələlərin əlaqələndirilməsi və həlli üçün Rumıniya nümayəndə heyətinin səylərini yüksək qiymətləndirib:

“Rumıniyanı səmərəli sədrliyinə görə təbrik etmək istərdim. Eyni zamanda, Şimali Makedoniya Respublikasını 13-cü üzvümüz qismində salamlamaqdan məmnunluq duyuram. Bu üzvlük müştərək maraq sahələrində əməkdaşlığın artırılması üçün imkanlar yaradaraq, Şimali Makedoniya Respublikası ilə QDİƏT üzv dövlətləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

Təşkilatımız gələcəyə birgə baxış və qarşılıqlı əməkdaşlıq yolu ilə Qara dənizi sülh, sabitlik və firavanlıq bölgəsinə çevirmək məqsədilə yaradılmışdır. QDİƏT bir sıra sahələrdə, o cümlədən ticarət, enerji, nəqliyyat, turizm kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirməsinə xidmət edən əhəmiyyətli bir platforma səviyyəsinə yüksəldi”.

C.Bayramovun sözlərinə görə, bir çox vacib təşəbbüslərin elan edilməsi təqdirəlayiqdir, lakin xalqlarımızın mənafeyi naminə bu təşəbbüslərin praktiki nəticələrini təmin etmək üçün daha böyük əməkdaşlıq zəruridir:

“Müxtəlif işçi qrupları arasında qarşılıqlı əlaqənin asanlaşdırılması, sektoral və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi vasitəsilə QDİƏT, üzv dövlətlərə COVİD böhranının çoxsaylı təsirlərinin öhdəsindən gəlmək və daha yaxşı yenidənqurmanı həyata keçirməkdə köməklik göstərə bilər.

Öz tərəfindən,  Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi və asanlaşdırılması istiqamətində davamlı iş aparır. Ölkəm Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində konkret təşəbbüslər vasitəsilə fəal rol oynayır. Enerji, nəqliyyat, İKT, ticarət və KOBİ-lər əsas prioritetlərimiz sırasındadır və biz QDİƏT-in sektoral qurumları və əlaqəli təşkilatlarında əməkdaşlığımızın dərinləşdirməsinə ümidvarıq. Növbəti fəaliyyətdə olan sədr kimi Albaniyanın nəticəyönümlü səylər vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəyinə ümid edirik”.

Nazir COVİD-19 pandemiyasının iqtisadi itkilərə səbəb olmasından da söz açıb:

“Eyni zamanda, pandemiya regional ticarəti inkişaf etdirmək, özəl sektoru təşviq etmək və davamlı artımı dəstəkləmək üçün fürsət təqdim edir. Ticarət, sərmayə və artıma yenidən diqqət yetirərək, biz QDİƏT bölgəsində sürətli və davamlı sosial-iqtisadi bərpaya töhfə verə bilərik”.

“İnkişaf etmiş infrastruktur və daha yaxşı biri-biri ilə birləşən nəqliyyat dəhlizləri vasitəsi ilə geniş Qara dəniz bölgəsində daha yaxşı əlaqələr naminə işimizi davam etdirməliyik. Bu kontekstdə tranzitin asanlaşdırılması, əməliyyatların rəqəmsallaşdırılması, nəqliyyat və ticarətdə tənzimləyici və prosedura maneələrinin aradan qaldırılması üçün səylərin iki dəfə artırılması vacibdir.

Azərbaycan Bakı-Tbilisi-Qars magistral dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və iri investorlar üçün münasib Ələt Azad İqtisadi Zonası ilə yanaşı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis-Lazuli nəqliyyat dəhlizinin, habelə bütün regionun tranzit imkanlarının artırılmasına yönəlmiş Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yolları inkişafına praktik töhfəsini davam etdirir.

Tikinti işlərinin inoqurasiyasından dörd il yarım sonra Trans-Adriatik boru kəmərinin kommersiya istismarı başlayıb. Bu irəliləyiş bizə Cənubi Qaz Dəhlizinin uğurlarını möhkəmləndirməyə imkan verir. Biz qaz təminatı coğrafiyasının genişləndirilməsi üçün Avropa İttifaqı ilə yaxından işləyirik. Bir neçə QDİƏT üzv dövlətini birləşdirən bu layihə enerji təhlükəsizliyinin genişləndirilməsi ilə yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır”, - o vurğulayıb.

Nazir bildirib ki, münaqişələr, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhlükə altına qoyur:

“Bu həm də regional əməkdaşlığı əngəlləyir. Şuranın diqqətinə məmnunluqla çatdırmaq istərdim ki, bu ilin 9 noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır.

Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər.

Azərbaycanın bütün tərəfdaşlarına təklif edə biləcəyi və artıq təklif etdiyi çox şey var. QDİƏT üzv dövlətləri birləşdirən və müştərək firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün maraq və potensialımızın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlıq üçün hazırıq.

Yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə tam əməl etməklə biz dinc, firavan və sabit gələcəyə nail ola bilərik”.

24 Apr 2024
Siyasət

Prezident: “Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar”

“Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük.

24 Apr 2024
Siyasət

Ceyhun Bayramov Çexiyada Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb - YENİLƏNİB + FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxış edib.

24 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin uğurlarının səbəblərindən danışıb.

24 Apr 2024
Siyasət

Prezident quru sərhədlərin bağlı qalmasından danışdı

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”

“Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”.