İlham Əliyev diktə etdi, Nikol Paşinyanın yeddi şərti fiaskoya uğradı - ŞƏRH

İlham Əliyev diktə etdi, Nikol Paşinyanın yeddi şərti fiaskoya uğradı - ŞƏRH
31 İyul 2020 10:42


Ermənistanın iyulun 12-dən etibarən sərhədin Tovuz istiqamətində şiddətli artilleriya atəşləri ilə Azərbaycan Ordusunun mövqelərini atəşə tutması yeni işğalçılıq siyasətinin bəyanı idi.

Sərhəddə münaqişəni Ermənistan başladı, məqsəd yeni ərazilər ələ keçirmək idi. 2019-cu ilin martında Ermənistanın Müdafiə naziri David Tonoyan sülh variantına münasibətini, ölkəsinin yeni işğalçılıq strategiyasını açıq dillə bəyan etmişdi.

Nyu-Yorkda erməni icmasının qarşısında çıxış edərkən Tonoyan “yeni ərazilər üçün yeni müharibə” doktrinasını elan etmişdi. Tovuz döyüşləri də bu işğalçılıq siyasətinin tərkib hissəsi idi.

Bir sözlə, Ermənistanın məqsədi daim yeni ərazilər işğal etməkdir.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilirdi ki, ermənilər Tovuzda mövqelərimizə basqın həyata keçirməyə çalışıblar.

Ancaq Azərbaycan Ordusunun adekvat cavab tədbirləri ilə Ermənistan silahlı bölmələrinə zərbələr endirildi, Tovuzun sərhəd kəndləri müdafiə olundu.

Ermənistan strateji Qaraqaya yüksəkliyini ala bilmədi, işğalçılıq niyyətlərinin yeni mərhələsi bələkdəcə boğuldu.

İyulun 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan qarşısında yeddi şərt irəli sürüb. Nikol Paşinyanın şərtlərinin ana xəttini bu təşkil edir ki, rəsmi Bakı Azərbaycanın işğal altındakı ərazilərində yaradılan separatçı, qondarma rejimlə danışıqlar aparsın.

Azərbaycan, beynəlxalq təşkilatlar, dövlətlər heç zaman Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil dövlət olaraq tanımayıb. Azərbaycan Ermənistanın danışıqlara separatçı qurumu cəlb etmək planlarının qarşısını həmişə alıb və birmənalı olaraq separatçıların üstündən xətt çəkib.

Ermənistanın diqqəti yayındırmaq cəhdlərinin arxasında həm də qısqanclıq dayanır, belə ki, Yerevan Azərbaycanın diktəsi ilə bütün beynəlxalq və regional layihələrdən kənarda qalıb. Enerji layihələrinə olan aclıq Ermənistanın özündə də dəfələrlə ciddi narazılıqlar yaradıb.

Prezident İlham Əliyev iyulun 30-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında bu barədə danışıb.

“Ermənistan bütün regional layihələrdən təcrid edilib. Biz onları təcrid etmişik. Bizim bölgəmizin yeni enerji, yeni nəqliyyat, yeni telekommunikasiya xəritəsinə baxın, orada Ermənistan yoxdur. Bütün bu xətlər, o cümlədən, bizim təşəbbüsümüzlə reallaşdırılan layihələr Ermənistandan yan keçib.

Artıq onlar regional əməkdaşlıqdan tamamilə kənardadırlar. Bunu biz etmişik və gizlətmirik. Bütün imkanlarımızı səfərbər edib bundan sonra da onları təcrid vəziyyətində saxlayacağıq. Onlar bu imkanlardan məhrum olunublar. Ancaq biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”, - deyə Prezident söyləyib.

İlham Əliyev Nikol Paşinyanın yeddi şərtindən də söz açıb, bildirib ki, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. 

“Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli, qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!”, - deyə Prezident xəbərdarlıq edib.

Dövlət başçısı Nikol Paşinyanın yeddi şərtini təkcə bir şərtlə cavablayıb - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar!

“Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

İlham Əliyev bir daha bəyan edib ki, “Dağlıq Qarabağ respublikası” yoxdur və Paşinyanın digər şərtlərini də birmənalı olaraq rədd edib.

“Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur”.

Nikol Paşinyanın şərtlərindən biri də Azərbaycana silah satan ölkələrlə bağlı idi. O, açıq dillə yalan danışaraq bildirir ki, Azərbaycan həmin silahları guya Ermənistanın dinc əhalisinə qarşı istifadə edir.

Tovuz döyüşlərində elə Ermənistanın özü sərhəd kəndlərini artilleriyadan atəşə tutdu, bir nəfər mülki sakin həlak oldu.

Baş nazir qeyd edirdi ki, barışığı kimin pozduğunu təsbit etməyə yönələn daimi nəzarət mexanizmlərini əhatə edən beynəlxalq monitorinq sisteminin tətbiqi zəruridir.

Ermənistan hökumət başçısının digər şərti isə bu idi ki, Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işi davam etdirəcək və  o, Türkiyənin regionda sabitliyi “pozmaq” cəhdlərindən danışıb.

Birincisi, Türkiyə regionda sabitliyi pozmur, bölgədə sabitlik və sülh üçün yeganə təhdid Ermənistan özüdür. İkincisi, Türkiyə Azərbaycanın strateji müttəfiqidir və hər zaman Ankara Bakıya dəstək nümayiş etdirib. Görünür, beynəlxalq dəstəklərə möhtac olan Nikol Paşinyan Azərbaycanın strateji tərəfdaşlığını həzm edə bilmir.

Tovuz döyüşlərindən sonra Ermənistanın ritorikasında aqressivliyin artması, qeyri-konstruktiv şərtlər irəli sürməsi başadüşüləndir. Çünki Ermənistanın sərhəddə baş verənlərin məsuliyyətini Azərbaycanın üzərinə atmaq niyyəti boşa çıxdı, işğalçılıq planları ifşa olundu.


18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.