Azərbaycanda icra olunan daha bir tvinninq layihəsi başa çatdı

Azərbaycanda icra olunan daha bir tvinninq layihəsi başa çatdı
29 İyun 2020 17:53


Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Yunanıstan ilə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, 17 yanvar 2018-ci ildə başlanmış və 28 ay davam edən “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək” Tvinninq layihəsi başa çatıb.

Bununla bağlı Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, layihə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Yunanıstan Dövlət Gəlirləri üzrə Müstəqil Orqanı, həmçinin Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzi (CIEEL) tərəfindən həyata keçirilib. Layihənin məqsədi transfer qiymətqoyması üzrə qanunvericiliyin və transfer qiymətləri üzrə auditin tətbiqi və həyata keçirilməsində, eləcə də transfer qiymətləri haqqında qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və qabaqcıl təcrübəyə əsaslanan audit prosesləri üçün resursların yaradılmasında Dövlət Vergi Xidmətinə dəstək göstərmək olub.

Layihə çərçivəsində Yunanıstanı və digər Aİ üzvü olan ölkələri təmsil edən beynəlxalq ekspertlərin iştirakı ilə Dövlət Vergi Xidmətində 38 missiya, dörd tədris səfəri, 24 təlim və 10 seminar həyata keçirilib. Layihə müddətində 61 hesabat, təlimat və metodiki göstəriş hazırlanıb ki, bunlar da gələcəkdə Dövlət Vergi Xidmətinə qanunvericiliyin hazırlanması və praktiki tətbiqi prosesində əhəmiyyətli yardım edəcək.

Layihə çərçivəsində əldə edilmiş əsas nəticələr aşağıdakılardan ibarətdir:

1. transfer qiymətləri istiqamətində qabaqcıl Aİ standartlarına uyğun effektiv hüquqi baza hazırlanıb;

2. transfer qiymətləri sahəsində “Qiymətlərin əvvəlcədən razılaşdırılması (APA)” və “Qarşılıqlı razılaşma prosedurları” hazırlanıb;

3. transfer qiymətlərinin Aİ standartlarına uyğun olaraq tənzimlənməsi sahəsində inzibati nəzarət mexanizmi hazırlanıb və bu sahədə Dövlət Vergi Xidmətinin institusional imkanları artırılıb.

Layihə müddətində bir neçə uğurlu innovativ yanaşma təqdim edilib:

1. Biliklərin ötürülməsinin davamlılığı – Xüsusi testlərin keçirilməsi yolu ilə Dövlət Vergi Xidməti əməkdaşları arasından seçilmiş 10 nəfər beynəlxalq vergitutma sahəsində ali diplom imtahanı olan ADIT (Advanced Diploma in International Taxation) imtahanında iştirak edib və onlardan beş nəfəri uğurlu nəticə əldə edib;

2. Xüsusi olaraq benefisiar ölkənin ehtiyaclarının tam şəkildə qarşılanması üçün hazırlanmış və uyğunlaşdırılmış bir layihə – Fəaliyyətlərin məzmunu və nəzərdə tutulmuş nəticələrə nail olmaq üçün üzv ölkə və benefisiar ölkə rəsmiləri arasında sıx əməkdaşlıq və davamlı təkliflər vasitəsilə müzakirə edilərək işlənib hazırlanıb;

3. Gözlənilməz hallara dərhal və səmərəli cavab verilməsi və adaptasiya olunmaq - Benefisiar ölkənin davam edən ehtiyaclarına cavab olaraq, COVID-19 pandemiyası zamanı layihə fəaliyyətləri interaktiv videokonfransların keçirilməsi yolu ilə uğurla davam etdirilib;

4. Praktik nümunələrə və müxtəlif seminarlara xüsusi önəm verilməklə, bütün müasir tədris metodlarından və təqdimat vasitələrindən geniş istifadə olunub;

5. Benefisiar ölkəni təmsil edən əməkdaşların müzakirə olunan məsələləri anlaması və tənqidi yanaşma bacarıqlarını möhkəmləndirməyə imkan verən müəyyən fəaliyyətlər başa çatdıqdan sonra qiymətləndirmə metodlarından istifadə edilib.

Layihə rəhbəri Aikaterini Perrounun sözlərinə görə, bu layihə çərçivəsində transfer qiymətləri və vergidən yayınma hallarına qarşı tədbirlərin hazırlanması sahəsində uğur əldə edilib, eyni zamanda uzun müddət birgə çalışan Azərbaycan və Yunanıstanın vergi əməkdaşları arasında möhkəm işgüzar bağlar qurulub. Qarşılıqlı etimada və hörmətə əsaslanan bu əlaqələr gələcəkdə hər iki ölkənin vergi orqanları arasında ikitərəfli münasibətlərin inkişafına daha da təkan verəcək.

Benefisiar ölkə üzrə layihə rəhbəri Orxan Musayev bildirib ki, bu, vergi orqanlarının Avropa İttifaqı ilə birgə həyata keçirdiyi ən uğurlu layihələrdən biridir. Qeyd olunub ki, layihə çərçivəsində Vergi Məcəlləsində dəyişikliklərlə bağlı konkret təkliflər hazırlanaraq təqdim edilib. Həmçinin, transfer qiymətləri üzrə yoxlamaların səmərəliliyini artırmaq və onların riskə əsaslanan bal sistemi üzrə qiymətləndirilməsini təşkil etmək məqsədilə digər qanunvericilik aktlarına da dəyişikliklər olunub.

Vergi orqanı əməkdaşlarının təlimi layihənin əsas prioritetlərindən biri hesab olunurdu. Dövlət Vergi Xidmətinin ərazi vergi idarələrinin əməkdaşları da layihədə fəal iştirak ediblər. Tvinninq layihəsi çərçivəsində iki il müddətində təlim keçmiş vergi orqanı auditorları artıq transfer qiymətləri ilə bağlı səyyar vergi yoxlamalarına başlayıblar. Bu, layihənin ən önəmli uğurlarından biri hesab edilə bilər.

Layihənin həyata keçirilməsində yalnız Yunanıstanın deyil, həmçinin Aİ üzvü olan digər ölkələrin ekspertləri də fəal iştirak ediblər. Qeyd olunub ki, layihənin icrası Yunanıstanla Azərbaycanın vergi orqanları arasındakı səmərəli əməkdaşlıq, müsbət iş atmosferi və effektiv vergi inzibatçılığının qurulmasına töhfə verib və bu əlaqələr gələcəkdə də davam etdiriləcək.

5 İyul 2020
Siyasət

Vilayət Eyvazovdan DYP-də kadr dəyişikliyi

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə yol polisində daha bir yerdəyişmə edilib.

4 İyul 2020
Siyasət

Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO

Bu gün daha bir şəhid ailəsinin mənzil problemi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti sayəsində həll olunub.

3 İyul 2020
Siyasət

Azərbaycanın yüksək beynəlxalq nüfuzunun daha bir göstəricisi

 “Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə  fəal mövqeyi, bu sahədə digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənib. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz  beynəlxalq  həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirilməlidir”. Bu  sözləri  Azərbaycan Respublikası  Milli Məclisinin  deputatı Kamaləddin Qafarov  söyləyib.

3 İyul 2020
Siyasət

Dünya ölkələri Azərbaycan Prezidentinin ideyası ətrafında birləşdi - VİDEO

Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.