Ev - pandemiya ilə döyüşmək üçün ən təhlükəsiz səngər!

Ev - pandemiya ilə döyüşmək üçün ən təhlükəsiz səngər!
27 Mar 2020 15:39

X əsrdə hələ coğrafi baxımdan tam formalaşmamış müsəlman Şərqində əl-Mukanna adında yalançı bir peyğəmbər vardı. Cüzama yoluxduğuna və sifəti sızanaqlarla eybəcər hala düşdüyünə görə niqabda gəzirdi və xalq arasında “niqablı peyğəmbər” adı ilə tanınırdı. Özünü Əməvilərin devrilib, Abbasilərin taxta çıxarılmasında rol oynamış, ancaq çox keçmədən Abbasilər tərəfindən qətlə yetirilmiş xorasanlı din və dövlət adamı Əbu Müslim Xorasaninin davamçısı hesab edirdi. 

Xorasaninin ölmədiyini və bir gün zühur edəcək İmam Mehdi olduğunu söyləyirdi. Xorasani Bağdadda Abbasilər tərəfindən öldürüldükdən sonra indiki İran, Azərbaycan ərazilərində üsyankar təriqətlər yarandı: Babəkilər, Xürrəmilər, İsmaililər və s. Bu təriqətlər hamısı özlərinə mənəvi lider olaraq Müslim Xorasanini seçdilər, o cümlədən, bizim Babək və onun tərəfdarları da. Yalançı peyğəmbər Əl-Mukanna Xürrəmi (“nəşəli dinin mənsubları”) hərəkatının yaranmasında böyük rol oynadı.

Bu kiçik tarixçəni yazının “korona”sına çevirməyimin səbəbi Babəkin əsir düşən oğluna göndərdiyi və əslində, insan məhkumluğunu deyil, hakimiyyət itkisini qəsd edən “Bir gün hökmdar kimi yaşamaq qırx il qul qalmaqdan daha yaxşıdır!” tənəsinin sonradan təhrif olunaraq, “Qırx il miskin qul kimi yaşamaqdansa, bir gün azad insan kimi yaşamaq daha yaxşıdır” şəklini alan və sonrakı nəsillər üçün azadlıq şüarına çevrilən sözlərini fransız filosofu Mari Klerin müsahibəsini oxuyarkən xatırlamağımdır.

Fransız qadın filosof (elə bil, “qadından da filosof olar” dediyinizi eşitdim) Mari Kler müsahibəsində deyir ki, bu gün Avropa ölkələrində pandemiyadan ölənlər yoluxmadan daha çox, öz qürurlarının qurbanlarıdır. Yaşadıqları həyatı onların əlindən alan yad bir təhdidi həzm etmək onlar üçün çətin gəlir. Onlar koronavirusa azadlıqlarını təhdid və təhqir edən yad bir ünsür kimi baxırlar. Bir çox avropalı tarixi instinktə qapılaraq, onunla küçədə döyüşməyi üstün tutur. Azadlığını ona, bu asiyalı “barbar”a güzəştə getmək istəmir. 

Bir növ “qırx gün evdə qorxu içində oturmaqdansa, bir gün küçədə azad ölməyi” üstün tuturlar.

Həyatı doğulandan ölənəcən öz evində keçən bizlər üçün özünü azadlıq naminə epidemiyanın qucağına atmaq istəyi, əlbəttə, psixopatlıq kimi görünür. Çünki biz azadlıq uğrunda ölmək təcrübəsinə və ənənəsinə sahib deyilik. O duyğunun necə yarandığını və insanda hansı ekstaz vəziyyəti yaratdığını bilmirik. “Evdar xalqlar”ı azadlığın daha çox meşşan tərəfi maraqlandırır.

Meşşanlıqla bağlı kiçik bir qeyd edim ki, bu cür həyat tərzinə maraq insanlara əhliləşdirdikləri heyvanlardan keçib. Geniş mənada işlənən azadlıq anlayışı əkinçilik dövrü ilə bağlıdır.

Əkinçilikdən əvvəlki ovçu və yığıcı insanların azadlıq deyilən bir qayğısı yox idi. “Vətən, millət, Sakarya” söhbətləri əkinçilikdən sonra yarandı və öz bərabərində gətirdiyi azadlıq anlayışına tarixi məna yüklədi. İlk dəfə əkinçilik dövründə insanlar heyvanları əhliləşdirdilər və onlarla yaxın ünsiyyətdə olmağa başladılar. Heyvanlara artıq öz totemləri və ətini yedikləri ov kimi deyil, həm də bir ailə üzvü kimi baxmağa başladılar.

Heyvanlar üzərində müşahidələr xalqların folklorunda da öz əksini tapdı. Heyvanlar insanlar üçün özlərini müqayisə edə biləcəkləri ən yaxın predmet halına gəldi və ilk qədim şairlər darıxmaqlarını “it kimi darıxmaq”, yalqızlıqlarını “pişik kimi soba dibində qocalmaq” və s. kimi heyvani metaforalar üzərindən çatırdılar.

Azadlığın çətinlikləri ilə tabe olmağın rahatlıqları arasındakı fərqi də insanlar ilk dəfə acqarına qarlı, sazaqlı dağlarda ulayan əcdadı canavardan fərqli olaraq, adam balası kimi ertədən bir kasa bozbaşını yeyib, isti yuvasında, saman döşəyində yatan, xalaxətri bir-iki ağız hürən əhliləşdirdikləri itdə müşahidə etdilər. Azadlığın qurban verilməsi müqabilində əldə olunan rahatlıq bu şəkildə hiss olunmadan əhliləşdirilmiş heyvanlardan insanlara ötürüldü və beləliklə, əkinçilikdən, oturaq həyatdan sonra meşşanlığın bünövrəsi qoyuldu. 

Meşşan oturaq həyatın yenidən əhliləşdirdiyi insandır. Azadlığını rahatlığına qurban vermiş “homo sapiens”dir. Azadlığı meşşanlıq kimi təsəvvür edənlər istənilən məhkumluğa razıdırlar.

Qayıdaq fransız filosofunun müsahibəsinə. Kler deyir ki, Avropada ölümlərin bu qədər çox olmasının bir səbəbi də insanların əldə etdikləri azadlığı heç bir halda qurban verməmək instinktindən doğur. Biz ölmək istəməyənləri başa düşdüyümüz kimi, ölmək istəyənləri də başa düşməliyik. Amma bu işin etik, əxlaqi olmayan tərəfi özünlə bərabər, istəmədən başqalarını da yoluxdurmaq, öldürmək ehtimalıdır. İnsanlar eyni anda istəmədikləri halda başqalarının qurbanı, yaxud qatili ola bilərlər. Bu dəfə azadlığın güzəştə gedilməsi etik, əxlaqi məna daşıyır. Özümüzü eyni zamanda, potensial qurban və qatil rolunda dərk etməyə çalışmağımız bizim üçün anlaşılmaz bir vəziyyətdir, – fransız filosof deyir, – bu, həm də bizim təbiətdən nə qədər uzaq düşdüyümüzün psixoloji mənzərəsidir.

Ümumiyyətlə, pandemiyanın insan azadlığı kontekstində müzakirə olunması şəxsən mənə yad bir dünya düşüncəsidir. Çin öz torpaqlarında bu pandemiyanın qarşısını az qala, Holokost qəddarlığı ilə aldı, pandemiyanın mənbəyi olan Uhan şəhərində sanki “Osvensium” hərbi əsir düşərgəsinin qaydaları tətbiq olundu. 

Biz bu pandemiyaya münasibətdə həm də ölümün, azadlığın, insanın Şərq və Qərb mədəniyyətlərindəki yerini bir daha gördük. Bu iki mədəniyyətin insan həyatına yüzilliklər ərzində formalaşmış potensial baxışına şahid olduq.

Kler dolayı yolla artıq nəzarətdən çıxmış ölümlərdə avropalıların elmə və Qərbdəki tibbi inkişafa həddindən artıq olan inamını da günahlandırır. İnsanların elmə bu qədər arxayın olmaları viruslarla bir dünyada yaşadığımızı unutmalarına yol açdı, deyir.

Buradan maraqlı bir qarşılaşdırma çıxır. Tarixin ən böyük pandemiyalarından olan “Qara ölüm” - vəba XIV əsrdə, eynən indiki kimi, Çinin Uhan əyalətindən İpək Yolu vasitəsilə gəlib çıxmışdı Avropaya. O zaman bu epidemiyanın yayılmasının səbəbi dini xurafat olmuşdu; Papa pişikləri şeytanın qılığı elan edib, kütləvi şəkildə öldürülmələrini əmr etdikdən sonra şəhəri bürüyən siçanlar vəbanı qorxusuz-hürküsüz hər yerə yaymışdılar.

Üstündən yeddi yüz il keçəndən sonra yenə də Çinin Uhan şəhərindən Avropaya çatan bir pandemiyadan danışılır. Amma bu dəfə günahlandırılan dinin dediklərinə deyil, elmin dediklərinə insanların həddindən artıq inanmasıdır. Bir növ, budəfəki pandemiyanın günahkarı elmi xurafatdır.

Səbəbi nə olursa-olsun, dünya kütləvi ölümlərlə müşahidə olunan bir xaosla üz-üzədir. Bu pandemiya on minlərə, yüz minlərə yoluxandan sonra tibbin nəzarətindən çıxır, təbii seçimə çevrilir. Artıq İtaliyada, Fransada, ABŞ-da hər gün 500-1000 adamın ölümü vəziyyətə təbabətin deyil, təbiətin nəzarət etdiyini göstərir. İkinci dəfə mutasiyaya uğrayandan sonra virusun uşaqları və gəncləri öldürə biləcəyi də bir ehtimaldır.

Özünü, özündəkini başqasına göstərmək (paylaşmaq deyil) üçün doğulan, yaşayan, ölən bir cəmiyyətin evdə kilid altında oturması çətin olsa da, bu günlərdə evdə qalmaq lazımdır. İndiki halda bu virusla döyüşmək üçün ən yaxşı səngər evdir. Xalq qəhrəmanımız Koroğlunun bu sözlərini xatırlayın, deyirdi ki, igidlik ondur, doqquzu qaçmaqdır, biri də gözə görünməmək. Gəlin, xalq qəhrəmanımızın igidlik haqqındakı bu misilsiz taktiki qaydasını virusla mübarizənin devizinə çevirək.

Bu gün düşmən özümüzük, özümüzü bir-birimizdən qorumalıyıq. Nə qədər etik olmasa da. 

Yazının əvvəlində yalançı peyğəmbər əl-Mukannanın adını elə-belə çəkməmişdim. Pandemiya təlaşından istifadə edib, yenə “yalançı peyğəmbərlik” etmək fikrinə düşənlər var. Hərəsi bir tərəfdə konspirologiya püskürməklə məşğuldur. Unutmayaq ki, dünya bütün bəlalardan yalnız elmin, təcrübənin, rasional ağlın gücü ilə xilas olub, hətta o bəlalara elmin, təcrübənin, rasional ağlın gücü ilə urcah olsa da…

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.