Daun sindromlu uşaqlarla iş zamanı onların əqli baxımdan hansı yaş kateqoriyasında olduğunu müəyyənləşdirmək vacibdir

Daun sindromlu uşaqlarla iş zamanı onların əqli baxımdan hansı yaş kateqoriyasında olduğunu müəyyənləşdirmək vacibdir
23 Mar 2020 14:52

Daun sindromu 1866-cı ildə Lanqdan Daun tərəfindən kəşf olunub. Daun sindromlu şəxslər digər şəxslərdən bir sıra əlamətlərlə fərqlənirlər. Belə ki, ən çox gözə çarpan əlamətlər göz yarıqlarının monqoloid tipli, boyun və ənsə hissələrinin qalın, əllərinin geniş, barmaqlarının isə qısa və kök olmasıdır. Bunlar ümumi görünüş fərqləridir. Həmin əlamətlərə əsasən insanın Daun sindromlu olduğunu qismən müəyyən etmək olar. Lakin həmin şəxsin həqiqətən də Daun sindromlu olmasını xromosom patologiyasını yoxlayaraq aşkarlamaq daha məqsədəuyğundur.
Bu barədə Tehsil-press.az-a "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Günel Paşayeva məlumat verib.
Psixoloqun sözlərinə görə, Daun sindromlu şəxslərdə anadangəlmə ürək qüsurlarına tez-tez rast gəlinir. Buna görə də əvvəllər hesab olunurdu ki, həmin şəxslər 30 yaşa qədər yaşaya bilərlər. Lakin təcrübədə 50-55 yaşa kimi yaşayan Daun sindromlu şəxslərə də rast gəlinir. Bu, onlarla aparılan pedaqoji, psixoloji, loqopedik, həmçinin tətbiq olunan tibbi müayinələr və müalicələrin nəticəsi ilə bağlıdır.
Daun sindromundan əziyyət çəkən uşaqlara mütəmadi sağlamlıq proqramı tətbiq edilməlidir. Həmin proqrama təkcə tibbi baxımdan deyil, pedaqoji, psixoloji, fizioloji baxımdan hərtərəfli xüsusi iş daxil edilməlidir. Çünki belə yanaşma nəticəsində həmin sindromdan əziyyət çəkən uşaqlar daha çox inkişaf edirlər.
Məlumdur ki, Daun sindromlu uşaqların əqli imkanları digər şəxslərə nisbətən bir o qədər üstünlük təşkil etmir. Müasir dövrdə xarici ölkələrdəki kimi ölkəmizdə də Daun sindromlu uşaqlar üçün mərkəzlər fəaliyyət göstərir. Sindromdan əziyyət çəkən uşaqlar xüsusi qayğı ilə əhatə olunublar. Lakin 20-30 il öncə bu tip uşaqlar məktəblərdə deyil, evdə təhsil alır, sosial həyata qarışmır, aktiv həyat sürmürdülər. İndi isə bunun tam əksi müşahidə olunur.
G.Paşayeva qeyd edib ki, Daun sindromlu uşaqların xarakterində mülayimlik, incəlik, küskünlük, insanlara qarşı sevgi hissi çox olur: "Həmin uşaqlara daha çox sevgi və diqqət göstərmək lazımdır. Onlar tez-tez xəstələnirlər, burun, qulaq sistemlərində müəyyən infeksiyalar olur. Bu da müəyyən qədər eşitmə problemləri yaradır. Daun sindromlu uşaqlar ətrafdakıların dediklərini yalnız anlamadıqları üçün deyil, həmçinin onların müəyyən qədər eşitmə problemləri olması səbəbindən öyrənməkdə çətinliklərlə qarşılaşırlar. Həmçinin bu uşaqlarda ağız nahiyəsi müəyyən qədər açıq olur, digər şəxslər qədər şux durmurlar, sanki ruh düşkünlüyü yaşayırlar. Lakin bu, heç də elə deyil, sadəcə olaraq, əzələ tonusunun zəifliyi ilə bağlıdır. Əzələ tonusunun zəifliyi Daun sindromlu uşaqların özəlliklərindən biridir.
Daun sindromlularda nitq əsasən problemlidir. Onların bəziləri tez-tez danışır, bəziləri ayrı-ayrı sözlər deyirlər. Rabitəli nitq yerinə fikirlərini qarışıq olaraq ifadə edirlər. Onlarda fonomatik qavrama çox zəifdir. Artikulyasiya tempinin zəif olması müşahidə olunur. Həmçinin dizarteriya da qeydə alına bilər ki, bu da özünü onların çeynəmə, udma, səs tembrinin idarə edilməsi, söz lüğətinin az olmasında özünü göstərir".
Mütəxəssis sindromdan əziyyət çəkən uşaqlarla iş zamanı onların əqli baxımdan hansı yaş kateqoriyasında olmasını mütləq şəkildə testlər vasitəsilə müəyyənləşdirməyin vacibliyini vurğulayıb. Bildirib ki, əksər hallarda uşağın xronoloji yaşı, yəni şəxsiyyət vəsiqəsində qeyd edilən yaşı ilə əqli baxımından inkişafı üst-üstə düşmür. Əqli baxımından yaş kateqoriyası müəyyən edildikdən sonra həmin yaş dövrünə uyğun yeni bacarıqlar formalaşdırılır, instruksiyaların dinlənilməsi və onlara riayət edilməsi öyrədilir. Onlara formalaşdırılmış bacarıqların sözlə ifadə edilməsini, əşyaların nə üçün istifadə olunmasını, ümumi geometrik fiqurların formalarını, rəngləri, onların çalarlarını, applikasiyaların kəsilib yapışdırılmasını, əşyaların formalarını öyrətmək lazımdır. Çünki onlar öyrəndiklərini həyat tərzlərinə çevirirlər. Nəticədə Daun sindromlulara müəyyən həyati bacarıqlar aşılanmış olur. Həmin uşaqların yalnız zəka baxımından inkişaf etdirilməsi ilə kifayətlənməmək lazımdır. Ən vacib məqamlardan biri də onların cəmiyyətə adaptasiyasıdır. Daun sindromlular müəyyən qaydalara riayət etməyi öyrənməli, tək qaldıqları zaman həyati tələbatlarını ödəyə bilməli, evdə olduqları zaman özlərinə yüngül yemək hazırlamağı bacarmalıdırlar. Valideyn mətbəxə keçəndə uşağı da özü ilə aparmalı, orada etdiklərini ona əyani şəkildə göstərməli və başa salmalıdır.
Həmin uşaqlarla məşğul olarkən kommunikativ bacarıqlara çox önəm vermək tövsiyə olunur. Kommunikasiya təkcə nitq vasitəsilə deyil, həmçinin pantomimik vasitələrlə də ifadə olunur. Pantomimika Daun sindromlu uşaqlarda çox inkişaf etmədiyi üçün mimika vasitəsilə informasiyanı çatdırmaqda çətinlik çəkirlər. Bunun üçün valideynlər evdə uşaqlarla məşğul olduqları zaman onlara mimikaları vasitəsilə müxtəlif hissləri nümayiş etdirməlidirlər. Həmin uşaqlara örnək olmalıdırlar ki, onlar da öz emosiyalarını mimikaları vasitəsilə ifadə edə bilsinlər. Daun sindromlu uşaqlar emosionaldırlar, acıq, qorxu məyusluq hissi keçirə bilirlər. Lakin onları göstərməkdə çətinlik çəkirlər. Onlar bu hissləri kimisə vuraraq, kimisə acıdaraq deyil, deyərək bildirməlidirlər. Bir sözlə, hisslərini sözlə ifadə etməyi öyrənməlidirlər.
"Biz ətrafı təkrarlamaqla öyrənirik. Uşaqlar dünyaya gəldikdən sonra ətrafda olanları təkrar etməklə böyüyürlər. Vərdişlər təkrarlamaqla möhkəmlənir. Daun sindromluları autizmdən əziyyət çəkənlərlə müqayisə etsək görərik ki, autizmlilərdə təkrarlama zəifdir. Daun sindromlularda isə daha aktivdir. Onlar ətrafda gördüklərini təkrarlayaraq müəyyən vərdişlər əldə edə bilərlər.
Daun sindromlu uşaqlara yalnız tibbi müalicələr tətbiq olunmalı deyil, onları, həmçinin loqopedik, psixoloji, pedaqoji, düyü bütünləmə, art terapiya, müalicəvi idman dərslərinə cəlb etmək lazımdır. Bunun üçün əvvəlcə uşaqla ünsiyyət qurmaqdan başlanılmalı, onlarda diqqət formalaşdırılmalıdır. Daha sonra yaddaşın möhkəmləndirilməsi üzərində işləmək lazımdır. Yəni, Daun sindromlu uşaq ən azı 3 əşyanı, 3 sözü yadında saxlamağı bacarmalıdır. Diqqətin keçidini düzgün idarə etmək lazımdır. Bir əşya ilə məşğul olan zaman digər əşyanı ona ötürdükdə birincidən diqqətinin yayınmaması üzərində işləmək gərəklidir. Səsin ritmi, səsə diqqət və göz yaddaşı istiqamətində də işlər aparılmalıdır. Belə ki, onlarda göz yaddaşı digər psixi funksiyalara nisbətən yaxşı inkişaf etsə də, yenə də arxayınlaşmaq olmaz.
Onlara nitqi anlamağı, dinləməyi, eşitdiyini çatdırmağı formalaşdırmaq, həmin uşaqlarda passiv lüğəti artırmaq, əşyalarla sözləri birləşdirməyi öyrətmək lazımdır. "Nə?", "harada?", "Nə üçün?" suallarına cavab verməyi, həmçinin sual verməyi bacarmalıdırlar. Süjetli şəkillər üzərində müəyyən qədər nə isə danışmaq, ardıcıllığı qorumaq aşılanmalıdır. Onlara şeirlər öyrədilməlidir. Belə ki, 5 yaşlı Daun sindromlu uşaq dördsətirlik şeiri sərbəst şəkildə deyə bilər. Onlar musiqini çox sevdikləri üçün ritmi tuta bilirlər. Daun sindromluları həvəsləndirmək üçün dərs öyrədərkən mükafat kimi musiqiyə qulaq asmağı təklif etmək olar. Daun sindromlularda diafraqmanı inkişaf etdirmək üçün nəfəs tapşırıqları icra olunmalıdır. Çünki diafraqma nə qədər yaxşı inkişaf edərsə, bir o qədər də artikulyasiya aparatı səsləri düzgün ifadə edəcək. Beş-altı yaşarası zəkası olan Daun sindromlu uşaqlara hərfləri, hecaları öyrətmək, onlarda oxu bacarıqlarını, riyazi bilikləri formalaşdırmaq olar.
Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, həmin uşaqlar öyrəndiklərini müəyyən vaxt keçdikdən sonra unudular. Bu, qazanılmış bilik və bacarıqların itirilməsidir. Belə halların qarşısını almaq üçün öyrədilən nə varsa, mütəmadi olaraq təkrarlanmalıdır", - deyə G.Paşayeva diqqətə çatdırıb.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.