Ölkəmizdə bu problemi yaşayanların 99 faizi qadınlardır - MÜSAHİBƏ

Ölkəmizdə bu problemi yaşayanların 99 faizi qadınlardır - MÜSAHİBƏ
19 Mar 2020 15:24

Son zamanlar dünyada, o cümlədən Azərbaycanda artıq çəkidən əziyyət çəkən insanlar ən radikal üsula əl ataraq, mədəkiçiltmə əməliyyatına gedirlər. Bəs bunun yan təsirləri, zərərli tərəfləri varmı?

realpress.az bununla bağlı və digər tibbi problemlər haqqında 32 yaşlı istedadlı həkim-cərrah Fərhad Əhmədovla müsahibəni təqdim edir:

- Bir qədər özünüz haqqında danışardınız.

- 2008-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişəm. Daha sonra bir il Kliniki Tibbi Mərkəzin cərrahiyyə şöbəsində internatura keçmişəm. Hərbi xidmətimi başa vurduqdan sonra Kiyev şəhərində A.A.Boqomolets adına Dövlət Tibb Universitetində “Qaraciyər, öd yolları, mədəaltı vəzinin cərrahiyyəsi mərkəzi”nin bazasında ümumi cərrahiyyə kafedrasında klinik ordinatura keçmiş, sonradan isə bir il ərzində ümumi cərrahiyyə üzrə təkmilləşmə və laparoskopik kurslarda olmuşam. 2014-cü ildə Bakıya qayıtmışam. Təxminən bir il özəl klinikada çalışdıqdan sonra, fəaliyyətimi hərbi hospitalda davam etdirirəm.

- Sizə daha çox hansı xəstəliklərlə müraciət edirlər?

- Tez-tez rast gəldiyim xəstəliklər arasında daşlı xolesestiti, hərbi hospitalda işlədiyim üçün müxtəlif ölçülərdə olan yırtıqları və son vaxtlar qarın boşluğu orqanlarının onkoloji xəstəliklərini qeyd edə bilərəm. Təəssüf ki, insanların böyük əksəriyyəti öd daşı xəstəliyindən əziyyət çəkir.

- Sizin profil üzrə xəstəliklərin yaranmasına səbəb olan amillər nələrdir?

- Bütün xəstəliklərdə olduğu kimi, bizim sahədə də düzgün olmayan həyat tərzi, o cümlədən qeyri-sağlam qidalanma, stres orqanizmdə bir sıra problemlərə səbəb ola bilir. Həmyerlilərimiz yağlı qidaları, alkoqolu xoşlayırlar, bu da öd yollarında və öd kisəsində konkrementlərin, mədə-bağırsaq sistemində cərrahi xəstəliklərin yaranmasına səbəb olur. Çox vaxt yırtıq, bağırsaq patologiyası, qarın orqanlarının onkologiyası olan xəstələrə də rast gəlinir.

- Öd kisəsində daşlar necə əmələ gəlir?

Düzgün qidalanma olmadığı üçün öd kisəsində durğunluq yaranır, öd qatılaşır və zamanla sərtləşir. Biz azərbaycanlılar, təəssüf ki, yağlı qidalara üstünlük veririk. Bununla yanaşı, alkoqollu içkilər, stresli həyat tərzi, hərəkətsizlik artıq çəkiyə gətirib çıxarır.

- Öd kisəsindən daşlar təmizləndikdən sonra yenidən yaranma ehtimalı varmı?

- Azərbaycanda öd kisəsində daş yığılırsa, əksər hallarda birbaşa öd kisəsi çıxarılır. Prosedur bu şəkildə icra olunduğu üçün yenidən daş yığılması mümkün deyil. Başqa diaqnoz ola bilər. Məsələn, qaraciyərdaxili axarlarda yaranan daşlar sonradan ümumi öd axarlarına düşə bilər. Bunların müalicə üsulları da fərqli olur.

- Öd kisəsindən daşların təmizlənməsi çətin əməliyyatdır?

- Əgər kisə xroniki patoloji vəziyyətdədirsə, xeyr, deməzdim ki, çətindir. Amma çoxsaylı kəskinləşmələrdən və iltihablaşmadan sonra kisə elə vəziyyətə düşür ki, cərrahi əməliyyat heç də yüngül keçmir.

- Son dövrlərdə gündəmə ən çox gələn əməliyyatlardan biri də mədənin kiçildilməsi əməliyyatıdır. Bununla bağlı müraciətlər çox olur?

- Bəli, təəssüf ki, Azərbaycanda son zamanlar geniş yayılan əməliyyatlardan biri də budur. Lakin mədəkiçiltmə əməliyyatına tibbi göstəriş olmalıdır. Yəni hər ağırçəkili insanın bu əməliyyata getməsi məqbul deyil. Bədən kütlə indeksi deyilən bir göstərici var, piylənmənin oduğu-olmadığını və dərəcəsini göstərir, xüsusi düsturla hesablanır. Həmin göstərici 35-dən yuxarı və nadir hallarda 40-ın üzərində olarsa, əməliyyat barədə düşünə bilərik. Çünki bu, piylənmənin 3-cü dərəcəsi hesab olunur və orqanizmdə bir çox xəstəliklərin yaranma riski xeyli yüksəlir. O halda əməliyyat vacib ola bilər. Digər hallarda xəstə özü fiziki hərəkətlərlə məşğul olub, endokrinoloqun nəzarətində qalmalı, dietoloqun tövsiyələrini mütləq şəkildə yerinə yetirməlidir.

- Bəs bu əməliyyata kişilər, yoxsa qadınlar daha çox müraciət edir?

- Artıq çəki ilə bağlı problem yaşayanlar daha çox xanımlardır. Mədəkiçiltmə əməliyyatına 99 faiz hallarda qadınlar müraciət edir.

- Sizə bununla bağlı müraciət edən neçə xəstəyə əməliyyat təyin edilib?

- Öz praktikamda orta hesabla 10 müraciət edən xəstədən 7-sində əməliyyata göstəriş olur.

- Çoxları düşünür ki, mədəkiçiltmə əməliyyatı xərçəng xəstəliyinə səbəb ola bilir. Bu doğrudurmu?

- Düşünmürəm ki, bu cür yanaşma doğrudur. Çünki xərçəng xəstəliyinin, ümumiyyətlə, nədən yarandığı elmə hələlik dəqiq məlum deyil. Biz yalnız risk amillərindən danışa bilərik. Bu prizmadan yanaşsaq, hava, qida, genetik amillər özü də riskdir. Amma mədəkiçiltmə əməliyyatının xərçəng xəstəliyinin yaranmasına şərait yaratması fikri doğru deyil. Ümumiyyətlə, bunun əməliyyatla əlaqəsi yoxdur.

- Hansı paralel xəstəliklər zamanı mədəkiçiltmə əməliyyatının icrası məsləhət görülmür?

- Ümumiyyətlə, bu əməliyyat bütün müalicə prosedurlarından sonra gəlir. İzafi çəki problemindən ən son çıxış yolu kimi qiymətləndirilməlidir. Ona qədər mümkün olan müalicə üsullarına, pəhriz və sağlam həyat tərzinə riayət etmək lazımdır. Çünki mədəkiçiltmə əməliyyatı ilə heç nə həll olunmur. Əməliyyat sadəcə birinci mərhələdir. Cərrahi prosedurdan sonra yenidən qeyri-sağlam qidalanma, passiv həyat tərzinə davam edilərsə, əlbəttə ki, çəki artmaqda davam edəcək. Mədə elastikdir, genişlənə bilir. Xəstələr əməliyyatdan sonra az miqdarda yeməklə doyur. Yox, əgər doymaq instinkti yoxdursa, bu, artıq psixoloji məqamdır.

- Mədə botoksu, balon deyilən prosedur necə, məqsədəuyğundur?

- Biz bu üsulla işləmirik. Ən optimal və effektiv variant kimi mədəkiçiltmə əməliyyatına (qastroektomiya), ya da mədə şuntlanmasına üstünlük veririk.

- Şunt qoyulması digər orqanların funksiyasını ağırlaşdırmır?

- Xeyr. Əməliyyatdan sonrakı dövrdə düzgün pəhriz və rejim saxlanılarsa, heç bir problem yaşanmır.

- Mədəkiçiltmə əməliyyatına müraciət edənlərin sayını, prosedurun riskli olmasını nəzərə alsaq, maraqlıdır ki, əməliyyat hansı qiymətə başa gəlir?

- Əməliyyatda bir dəfə istifadəlik steplerdən istifadə olunur. Bir əməliyyat 3-4 saat arası davam edə bilər. Əməliyyat boyu 4-5 steplərdən istifadə edilir. Steplerin biri də keyifyyətindən və istehsalçısından asılı olaraq 250-300 manatdan başlayır, xəstəxana məsrəfləri və digər xərclər isə ümumi qiymətə əlavə olunur.

- S-vari bağırsağın əyriliyi (dolixosiqma) mütləq əməliyyat tələb edirmi?

- Xeyr. Dolixosiqma diaqnoz deyil, anomaliyadır. İnsanlarda bu patologiya varsa, orqanizm ona uyğunlaşdırılmalıdır. Dolixosiqma əməliyyatla götürülsə belə, bir neçə ildən sonra yenidən yaranma ehtimalı var. Bunun tək yolu düzgün qidalanma rejiminə riayət etməklə orqanizmi vəziyyətə uyğunlaşdırmaqdır.

- Heç olubmu ki, ağır vəziyyətdə olan xəstənizə ödənişsiz cərrahi prosedur həyata keçirəsiniz?

- Təvazökarlıqdan uzaq olsa da, olub, bəli. Mümkün etdiyim qədər, imkanlarım daxilində olub.

- Xəstələrinizin orta yaşına baxsaq, uşaqlarla işləyirsiniz, ya yox?

- Xeyr, çalışıram ki, uşaqları əməliyyat etməyim. İstisna hallar olmadıqca yetkinlik yaşına çatmayan uşaqları cərrahi əməliyyata almıram.

- Heç peşə təcrübənizdə ölüm halı olubmu?

- Bu, həkimlərin ən yaralı yeridir. Bəzən çox haqsız yerə günahlandırılırıq. Amma ən kiçik cərrahi əməliyyatda belə ölüm riski mövcuddur. 10 illik təcrübəmdə üç ölüm halı olub. Hər üçü aşağı ətrafın amputasiyası əməliyyatından sonra baş verib və ölüm əməliyyatdan bir neçə gün sonra qeydə alınıb. Hər üç pasiyentin 80-dən yuxarı yaşı olub və bu hadisələr ordinaturada oxuduğum müddətdə baş verib. Dünya statistikasına görə, aşağı ətraf amputasiyası olunan hər beş xəstədən biri ölür. Əməliyyatdan sonrakı dövrdə ürək-damar sistemində bir çox dəyişikliklər baş verir. Ölüm səbəbi isə ya tromboemboliya, ya da infarkt olur. Mənim şəxsi statistikamda isə 19 amputasiya olunan xəstədən üçü əməliyyatdan sonrakı dövrdə dünyasını dəyişib. 

- Xəstələrə nə tövsiyə edərdiniz?

- Ümumiyyətlə, hər bir insan ilk növbədə özü öz sağlamlığını düşünməlidir. Bu isə düşündüyümüz qədər çətin deyil. Sağlam olmaq üçün düzgün həyat tərzinə riayət etmək lazımdır, həddən artıq yağlı yeməklərdən, zərərli qidalardan, alkoqollu içkilərdən, tütün məhsullarından istifadə etmək olmaz.


27 Mar 2020
Müsahibə

Nyu-Yorkda koronavirusa yoluxan azərbaycanlı gənc: “Sağaldığım üçün çox xoşbəxtəm” - MÜSAHİBƏ

Bu gün ABŞ koronavirus xəstələrinin sayına görə birinci yerdədir. Xəstəlik ABŞ-ın 50 ştatının hamısına yayılıb.

19 Mar 2020
Müsahibə

“Bunu qiyamətin əlaməti saymaq...” – Hacı Şahin Həsənli ilə müsahibə

Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli cavablandırıb:

29 Okt 2019
Müsahibə

Fədayə Laçın "Qoca"nın məzarını ziyarət edəcəkmi? - MÜSAHİBƏ

Realpress.az ölkə.az-a istinadən bu gün həbsdən çıxan Fədayə Laçın müsahibəsini təqdim edir:

2 Avq 2019
Müsahibə

Rasim Balayev: “Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar” - MÜSAHİBƏ

2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.  “Yeni Müsavat”ın əməkdaşı “ söhbətləşib.