Tailandda robotlar koronavirusa yoluxmuş xəstələrə qulluq edirlər

Tailandda robotlar koronavirusa yoluxmuş xəstələrə qulluq edirlər
10 Mar 2020 17:14

Tailandın Çulalonqkorn Universiteti və "Advanced Info Service" (AIS) rabitə operatoru tərəfindən hazırlanmış və "5G" texnologiyasını dəstəkləyən "ağıllı" robotlar koronavirusa yoluxmuş xəstələrə nəzarət edir və qayğı göstərir. Sözügedən robotlardan bir neçəsi artıq krallığın 3 tibbi müəssisəsində tətbiq edilir.

Realpress.az "nauka.tass.ru" saytına istinadən yazır ki, "biz yeni koronavirusla mübarizədə "ağıllı" robotlardan istifadə üçün "5G" şəbəkəmizi biznes rayonlarında tətbiq etdik" – "Bangkok Post" qəzeti "AIS"in ümummilli əməliyyat və dəstək rəhbəri Vasit Vattanasapın sözlərindən sitat gətirib. Robotlar Çulalonqkorn Universitetinin mühəndislik və tibb fakültələrində hazırlanıb. Robotlar koronavirus şübhəsi altında olan insanların simptomlarını müşahidə etmək və onlara qayğı göstərmək məqsədilə istifadə olunur.

 

Beləliklə, robotlar həkimlər və pasiyentlər arasında vasitəçi rolunu oynaya bilərlər. Həkim və xəstə arasında qarşılıqlı əlaqə video konfransın köməyi ilə həyata keçirilir. "Tədqiqat fondları 3D çap texnologiyasından istifadə edərək 50-dək "ağıllı" robot istehsal etmək üçün istifadə ediləcək" – "AIS"in nümayəndəsi deyib.